Sign in to follow this  
Followers 0

Köləlik və Tiranlıq


Taleh
  • 20%

Çox maraqlıdır, azadlığını itirən xalq qısa zaman keçincə azadlıqdan elə yadırğayır ki, onu geri almaq uğrunda savaşmağı bir yana, heç yadına da salmır . Elə həvəslə itaət edirlər, sanki itirdikləri azadlıq yox, köləlik idi. Əvvəlcə insanlar məğlub və məcbur edilirlər, amma onların azadlığı heç vaxt görməmiş və nə olduğunu bilməyən yeni nəsilləri öz sələflərinin məcburən etdiyi  xidməti heç bir təəssüf çəkmədən, könüllü yerinə yetirirlər. Kölə ailəsində dünyaya gəlib tərbiyə olunan  insanlar həyatın bu tərzi ilə razılaşır, malik olduqları cüzi haqqdan əlavə nəyəsə nail olmağı ağıllarına belə gətirmirlər. Axı insan oğlu nə qədər  etinasız olsa da, öz vəziyyyətinə bir nəzər salmalıdır, görsün, bütün haqlarından istifadə edirmi, onun  əlindən nəyisə almayıblar ki. Bəli, vərdişin insan üzərində ümumən böyük hakimiyyəti var və çox güman, insanı köləliyə alışdırmaq hakimiyyətin zirvəsidir.   

 

İnsan üçün azad olmaq və bunu arzu etmək təbiidir, bununla belə, onun xisləti elədir ki, çox şeyə vərdiş etməyi bacarır... Belə nəticə çıxır, insan üçün onun vərdiş edə bildiyi hər şey təbiidir. Deməli, könüllü köləliyin başda duran səbəbi vərdişdir.  Amma çoxluqca itaətkar olanlarla yanaşı, mərd insanlar da var ki, kölə tərzini qəbul etməyib, ondan qurtulmağa çalışır və heç vaxt itaətə vərdiş etmirlər. Belə insanlar, Uolles [William Wallace] kimi qəhrəmanların timsalında, dənizlər və ormanlar üzərində öz ocağının tüstüsünü görməyi arzu edir. Bunlar o insanlardır ki,  dünyanı əbədilik tərk etsə belə, azadlığı  həmişə öz ruhlarında hiss edəcək, onu həmişə sevəcəklər, çünki köləliyin istənilən forması onların gözündə yalnız nifrətə layiqdir.

Könüllü köləliyinin başlıca səbəbi - insanların bu vəziyyətdə doğulub tərbiyə olunması - ikinci bir səbəbin qaynağına çevrilir.  Belə ki, tiranların hakimiyyəti altında insanlar qorxaq, məzlum və rəzil kütləyə çevrilirlər. Əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar. 

 Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər. Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışdır. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə, başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri  qurdurub, bütün bunları  sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər.     

Əlbəttə, heç bir tiran açıb etiraf etməz ki, onun niyyəti təbəələrin ləyaqətini əllərindən almaqdır. Fəqət Kirin lidiyalılara qarşı nisbətən aşkar tərzdə etdiklərini bütün tiranlar öz təbəələrinə qarşı müxtəlif pərdəli üsullarla törədirlər. Sadə xalqın xisləti elədir ki,  onu gerçəkdən sevənlərə şübhə ilə yanaşır, onu aldadanların təsirinə isə asanlıqla düşür. Avam xalqı aldadıb əsarətə almaq bir quşu tələyə salmaqdan, yaxud bir balığı qarmağa cəlb etməkdən daha asandır.  Oyunlar, göstərilər, təlxəklər, qladiatorlar, qəribə heyvanlar, şəkillər və digər əyləncələr kölələr üçün tələ yemi,  tiranlar üçün isə ən güclü silah idi. Tiranlar bu vasitələrin köməyi ilə təbəələri  yuxuya verirdilər.     

 

Assuriya və daha sonra Midiya çarları xalqın arasına nadir hallarda çıxırdılar. Bununla, onların varlığı xalqa nəsə qeyri-adi, mistik əzəmət təlqin edirdi, çünki insanlar görmək imkanında olmadıqları şeyi öz təxəyyülərində şişirtməyə meyllidir. Çarla bağlı xalq arasında rəvayətlər dolaşır, çarın sirlərlə dolu varlığı, köləlik üçün güclü zəmin yaradırdı. Xalq illərlə üzünü görmədiyi, yaxud görünüşünü xatırlamadığı ağaya şövqlə itaət edirdi. 

Misirin ilk çarları xalq arasına çıxarkən başlarına çələng hördürür, bəzənsə məşəl quraşdırır, üzlərinə maska tuturdular. Bu görünüş, təbəələri çara ilahi ehtiram doğururdu.  Çox güman, xalqın özünü bunca rəzil duruma salmasını çar özü də kinayəli təbəssümlə qarşılayırdı, amma onun üzü maska ilə örtüldüyündən, kimsə bunu görə bilməzdi. 

 

Buracan bəhs etdiklərim sadə və qaba kütləni düşüncə [mental] əsarətində saxlamağın əsas üsullarıdır. Özünü qoruyub-saxlamaq üçün tiraniya qorxunc və qəddar təşkilat sisteminə malik olur. Kim hesab edirsə ki, tiranların əsas mühafizə üsulu əli silahlı keşikçilər və qala divarlarıdır, dərindən yanılır.  Əlbəttə, silahlı keçikçilərin də, qala divarlarının da rolu var, amma bunlar əsas etibarı ilə xof yaratmaq üçündür. Böyük qala divarları, keşikçilərin çoxluğu  kifayətdir ki, hansısa kənar şəxslər tiranın həyatına qəsd etməyi ağıllarına belə gətirməsinlər. Əgər Roma tarixində imperatorların qətlini araşdırsaq, məlum olacaq ki, onların əksər qismi elə öz keşikçilərinin əli və ya vasitəsilə öldürülmüşdür. Tiranları taxtda saxlayan silahlı keşikçilər yox, onun ən yaxın ətrafındakı beş-altı adamdan başlayan böyük şəbəkə olur. Bunlar tiranın möhkəm etibarını qazanır, bütün ölkənin onun əsirinə çevrilməsində baş rolları bölüşdürürlər. Onlar tiranın bütün qəddar əməllərinin  təşkilatçıları, rəhbəri olur; bütün saray tədbirlərində tiranın yanında olurlar. Təbəələrə qarşı törədilən qəddarlıqlar təkcə tiranın iradə və qənaətlərini deyil, habelə bu adamların iradəsini, ağlını  ehtiva edir. Tiranın qəddar xisləti bu adamların hər birinin qəddarlığı, hiyləgərliyi ilə tamamlanır.  Bu altı adamın hər biri öz növbəsində azı yüz adamı hakimiyyət altına alır. Bunlar qohumlar, dostlar, dostların dostları və başqa adamlardır ki, həmi adamlardan müxtəlif yollarla faydalanır, ona xidmət edirlər. Hakimiyyətin pilləvari hiyerarxiyasını göz önünə gətirsək, yuxarıdan aşağıya doğru: birinci pillədə tiran, ikincidə altı adam, üçüncüdə bu altı adamın əlaltıları olan altı yüz adam, bunların da hər birinin öz əli altında daha on adamı saxladığı fərz edilərsə, növbəti dördüncü pillədə altı min adam dayanmış olur. Və beləcə, aşağıya doğru hiyerarxiya dərinləşdikcə yüz minlərlə adamın tiraniyaya xidmət etdiyi şəbəkəni təsəvvür etmək çətin deyil. Onların əksəriyyəti müvafiq mənfi keyfiyyətlərinə görə seçilmişlədir. Onlara müxtəlif gəlirli vəzifələr, imtiyazlar verilir, güzəştlər olunur. Bunların müqabilində, şəbəkə üzvləri qəddarlığa, talançılığa, yaltaqlığa,  üzə durmağa, bir sözlə, hər cür yamanlığa həvəslə qatılır, gözə girmək, vəzifədə yüksəlmək üçün əllərindən gələni edir.  Şəbəkəni daha da genişləndirmək üçün tiranlar inzibati vəzifələrin sayını mümkün qədər artırırlar.

 

Bəzi naşı ara həkimləri bədəndə yaranın üzərinə hər cür dəxilsiz məhlulları tökdüyü kimi, tiranlaşan hökmdarlar da öz şəbəkəsinə hər cür şərəfsizləri, oğruları, yaramazları cəlb edirlər. Əllərindən düz-əməlli bir iş gəlməyən bu yaramaz sürüsü öz tamahkar xislətləri ilə böyük tiranın balaca tirancıqlarına çevrilib xalqa zülm edirlər. Yerlərdə kəşfiyyat aparır, xəbərçilik edir, vergi adı altında əhalini talayır, qətllər törədirlər və onun hakimiyyətini qoruyub-saxlayırlar.   

 

Beləcə, tiranlar təbəələrin bir qismini qalan qisminə qarşı istifadə etməklə, cəmi xalqları əsarətdə saxlayırlar. Qədim məsəldə deyildiyi kimi, “odunu yarmaq üçün istifadə olunan paz elə həmin ağacdan düzəldilir”. 

Yazdı: Etiyen de lə Böysi 

Tərcümə etdi :Ruslan Köçərli

 


0
Sign in to follow this  
Followers 0


User Feedback


There are no comments to display.



Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now