Taleh

Members
  • Content count

    74
  • Joined

  • Last visited

Community Reputation

15 Good

About Taleh

  • Rank
    Advanced Member

Recent Profile Visitors

1390 profile views
  1. Bir neçə dəfə səhifəmizdə sadə toy mərasimlərini keçirilməsinə dair müzakirələr açılıb.Belə bir nümünəvi toy mərasimini Sevinc Pasayeva və yoldaşı ediblər,,Zaks''-dan çıxdıqdan sonra həmin günü 20-25 nəfərlik yaxın tanışların əhatəsində , sadə gəlinlik, fotosessiya və nikah mərasimi.. Qizlar və oglanların eyni geyimdə olduğu toy ,sakit müsiqi və ifrat dərəcədə olan yeməklərsiz keçib.Toyu haqqında gəlin özü isə belə deyib :Mənə sadə nikah və ömür boyu yanımda olacaq yoldaş lazımdı, dəbdəbəli toy yox.
  2. Mentalitet səddi

    Ölkəmizdə gənclər, yeniyetmələr bilmirlər necə əylənsinlər, necə vaxt keçirsinlər. Qarşı cinsə maraq var, amma aralarında mentalitet səddi var. Sonra da deyirlər, avropalı gənc niyə inkişaf edir, 20 yaşında atom parçalayır, 30 yaşında Nobel alır. Əlbəttə, 5 yaşında qızla oynayan, 13 yaşında qızla kinoya gedən, 17 yaşında cinsəl həyatını problemsiz yaşamağa başlayan gənc 20 yaşında özünü şəxsiyyət kimi gerçəkləşdirməyə başayacaq. Bizim fağır gəncsə 25 yaşında hələ də ya bakirdir, ya bakirə. Hormon vurub beyinə, əsəblər sıradan çıxıb, onun yadına elm hardan düşsün. Sonra da deyirlər, bizim oğlanlar yanıqdır. İnsafınız olsun. Yanıq o adamdı ki, problemsiz cinsəl həyatı var, amma onun yenə də gözü doymur, küçədə-bayırda tutduğunu buraxmır. Yanıqlıq odur. Yoxsa 27-28 yaşında, ömründə bir qızla kafedə oturub söhbət etməyən, bulvarda gəzməyən, əli qız əlinə dəyməyən oğlan küçədə qız-qadın görəndə, laqeyd qala bilmirsə, bunun adı yanıqlıq deyil . Sosial şəbəkələrdə qız profillərinə o dəqiqə tanışlıq xahişi göndərənləri də başa düşmək lazımdır. O insan, bəs harda tanış olsun qızla? Küçədə yaxınlaşır, - manyak deyirsiniz, sosial şəbəkələrdə yazır, - yanıq deyirsiniz.Artıq anlamalıyıqkı, hamı yeniyetməlikdən sərbəst çevrəyə düşmür . Günel Mövlüd
  3. Syamanın hekayəsi

    Qonşu binada bir transseksual yaşayırdı, keçən il qardaşı ona 12 bıçaq vuraraq öldürmüşdü, ki bəs adımızı batırmısan. 2 ay öncə də məktəbimizin yanında yaşayan bir geyi əmisi oğlu doğram-doğram etmişdi. Soruşanda da demişdi ki, qətli törətməklə ailəmizin namusunu qorumuşam.İndi qonşuluqda bir Syama var, əsl adı Samirdir. Tanıyanlar bilir ki, bu geydir, amma sataşıb-zad eləmirlər, heç onun da heç kəslə işi olmur, çox sakit adamdır. Bu Syama kimsəsizdir, uşaq evində böyüyüb.Yaxşı saç ustasıdır. Kirayə qalır. Dünən görürəm ki, bunun mebelini fəhlələr yük maşınlarına yığır, köçdüyünü anlayıram. Soruşuram ki, nə əcəb? Hara gedirsən belə? Niyə köçürsən? -Türkiyəyə, burada yaşamaq təhlükəlidir. -Niyə? Nə təhlükəsi? -Görmürsən, gündə birini bıçaqlayırlar? Qorxuram gəlib məni də bıçaqlayıb öldürüb elərlər. -İndiyədək qorxmurdun? Həm, onları qardaşı öldürüb, sən ki, detdom uşağısan, qardaşın-zadın yoxdur, səni kim öldürəcəkki? Başını qaldırıb sarkazm dolu baxışlarını gözlərimə dikdi və dedi: -Bizim millətdə ki, o qədər namus-qeyrət adıyla adam öldürmək həvəsi var, arzusu var, qorxuram bir nəfər tapılar gələr üstümə ki, bəs, mən sənin qardaşınam, səni bıçaqlayıb öldürməyə gəlmişəm, adımızı batırmısan. Ruzgar Movsum
  4. Rus psixoloqların apardığı eksperimentlərdə müəyyən olunmuş bir fenomendir. Eksperiment otağında azyaşlı uşaq masadan bir qədər aralı stulda oturdulur. Stolun üstünə hansısa predmet qoyulur. Uşağa deyilir ki, stuldan durmadan əlini çatdırıb həmin predmeti götürə bilsən, sənə mükafat konfet veriləcək (stuldan durmadan predmeti götürmək mümkün deyil). Bunu deyib otaqdan çıxır, digər otaqdan uşağın davranışını müşahidə edirlər. Uşaq bir az gözləyir, görəndə ki, eksperimentçi gəlmir, yerindən qalxıb cəld həmin predmeti götürür və qayıdıb yerinə oturur. Eksperimentçi otağa qayıdır. Predmeti uşağın əlində görüb deyir: “əhsən, bildim ki bacaracaqsan, yəqin ki stuldan durmamısan, eləmi?” Uşaq deyir yox, durmadım. Eksperimentçi mükafat konfeti ona uzadanda nə baş verir? Əksər uşaqlar konfeti götürməkdən imtina etmişlər. Onların arasında bu an ağlayanlar da olmuşdu. Psxioloqlar bunu motivləri çəkişməsi kimi izah edirlər. Konfet uzadılan anda uşağın vicdan hissi ilə tamah hissinin konflikti yaranır. Vicdan hissi ona “haqqın çatmır, götürmə!” diqtə edir. Tamah hissi bunun əksini. Hansı motiv güclü çıxırsa, onu edirlər. Ağlayan uşaqlar isə vicdan mühakiməsinin təsirindən ağlayırlar. -------- Ötən ilin oktyabrında arşdırma nəticələri dərc olundu. Araşdrımaçılar insan beynində vicdanlı və vicdansız davranışa cavabdeh olan sahələri aşkarlayıblar. İnsanın böyüdüyü mühitdən asılı olaraq, bu iki sahədən birisi üstünlüyü ələ keçirir. Mühit insana yalançılığı, yaltaqlığı, əliəyriliyi təşviq edirsə, həmin sahələrdən vicdansızlığa cavadeh olanı aparıcı olur, düzlüyə cavadeh olan sahə passivləşir. Mühit vicdanlı olmağı tələb etdikdə isə əksinə. -------- Ötən il mən müstəqil aradşrıma apardım. 1) Avropa və ABŞ-da yaşayan azərbaycanlılar arasında cinayətkarlıq halları; və 2) Rusiyada yaşayan azərbaycanlılar arasında. Avropada yaşayan azərbaycanlıların ağır cinayətlər törətməsinə dair məlumat tapmadım. Rusiyada isə belə məlumatlar N qədərdi. Sual olunur: nədən bir millətin nümayəndələri 1-ci halda normal insanlar kimi yaşayırlar, 2-ci halda kriminala meyl edirlər? Cavab: mühitin həlledici rolu var. Razi Kuliyeva
  5. Bəzi tanışlarım var ki, mənimlə söhbət etdikdə, təxminən belə sözlər deyirlər: “nə düşmüsən əl-ayağa?!”, “hakimiyyətdən nə istəyirsən?!”, “guya sən nəsə yazmaqla nəyisə dəyişdirə biləcəksən?!”, “belə boş-boş şeylərə” sərf etdiyin vaxtı, öz üzərində çalışmağa, professional olmağa ayır və karyeran haqqında fikirləş. Bu insanları əsla qınamaq fikrim yoxdur. Mənim doğurdan da, öz sahəsinin peşəkarı olmaq istəməyən insanlara acığım tutur. Amma, dostlar, ortada bir “əmma” var.Deyim, xəbəriniz olsun. Mən uzun müddət vəkil olmaq istəmişəm və müxtəlif QHT-lərdə hüquqşünas kimi çalışmışam. Bir dəfə haqlı olduğum bir işədə hakimlərin qabağında üç saata yaxın çıxış etdim, boğazımın suyunu qurutdum. Bu işə on günümü sərf edib, qanunvericiliyi ələk-vələk etmiş, qarşı tərəfi yerlə bir edəcək arqumentlər hazırlamışdım, hakimlər qarşısında mükəmməl çıxış üçün saatlarla məşq etmişdim. Məhkəmənin bitməsinə az qalmış, hətta hakimlərdən biri məni bu çıxışa görə təbrik də etdi. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə otağına gedəndə, məndə sevincək şəkildə hakimlərin verəcəyi qərarı gözləməyə başladım. Hakimlər gəldi və prosesə rəhbərlik edən hakim Azərbaycan Respublikası adından elan etdi ki,bəs mən haqsız tərəfəm. Verilən qərarın əsassızlığını aydınlaşdırmaq üçün hakim çölə çıxarkən ona yaxınlaşdım. Hakimə sual verdimki, bəs, hörmətli hakim, haqlı olduğuma sizin də inandığınız prosesdə niyə haqsız çıxdım? Hakimin cavabı bu işə ürəyini qoyan bir gənc üçün doğurdan da dəhşətli idi: “Əzizim,sən doğurdanda yaxşı oğlansan amma mən heç nə edə bilməzdim, qarşı tərəf hər şeyi yuxarıdan tapşırmışdı. İndi, siz deyin, sevdiyim bir işdən əlimi-ürəyimi-beynimi belə soyudacaqlarsa, mən necə öz üzərimdə işləyim? Mən necə professionallaşım?Mən necə karyera haqqında fikirləşim? Əslində isə məsələ çox sadədir, biz, gərək xalqın iradəsinə əsaslanan , azad seçkilər keçirdək , bizi təmsil edən deputatlarda bizim üçün müstəqil, qanunlara və ədalətə dayanan məhkəmə sistemi formaşaldırsınlar. Və mən də nəticədə öz-üzərimdə işləyim, professional olum, karyeramı fikirləşim. Bu olmayandan sonra sizlərin məndən tələb etdiyiniz “karyera”, “öz üzərində işləmək”, “professionalıq” kimi sözlərə mən başqa məna verməyə məcbur oluram . P.S Bu yazıyla kimisə təhsil almaqdan, oxumaqdan soyutmaq istəmirəm, əksinə biz daha çox oxumalı, daha çox bilməliyik. Yazı siyasətdə aktiv olan gənclərə ,,başını sal aşağı, işinnən məşğul ol'' deyənlərə ünvanlanır.Əgər bizə dəstək vermək fikriniz yoxdursa, heç olmasa qarşımızda da dayanmayın. Emin Aslan
  6. Həftə sonu qızımla 28 Mallda yerləşən Cinemaya getmişdik. Qızım kinozalda cizgi filminə baxdığı zaman, məndə Mall-da olan ZARA-ya yaxınlaşdım. Endirimli məhsulların içərisində bir köynək göründü, stenddə butün mallar – 15 manata, yazılmışdı və mən ucuzdu deyib götürdüm. Köynəklə paralel bir dənədə xırda nəsə seçdim və ümumi xərcim 35 manat oldu. Kassaya yaxınlaşdım və fikirli olduğumdan kassada mənə deyilən 60 manat hesabına fikir vermədim, 60 manat ödədim və malı götürdüm. Mağazadan çıxmaq istəyirdim ki… yadıma düşdü ki, mən axı 35 manat verməli edim, niyə 60 verdim? Eyni sualı yaxınlaşıb kassaya verəndə, kassir oğlan məsələni aydınlaşdırmaq üçün mallara bir daha baxdı və üzr istəyərək dedi: “Müəllim, bağışlayın, bu mal endirimdə deyil, yəni malın dəyəri 15 manat deyil, 40 manatdır”. Mən, bir-az təəcüblənib: “necə ola bilər? Axı orda yazılıb 15 manat?!”, kassir bir daha təmkinlə cavab verdi: “Bağışlayın, səhv yazmışıq. Vəziyyəti tam aydınlaşdırmaq üçün, menecerdən dəqiqləşdirməyi xahiş etdim və… və olacaqlar bundan sonra başladı Menecer dediyimiz bir xanım idi… Hər şey dəqiq olmağı üçün dialoqu bəzəmədən Sizlərə təqdim edirəm: Mən: Salam bu köhnək endirim olan yerdədir, amma kassada heç bir endirim yoxdur. Menecer: Что-оо-оо? Говорите по русски. Mən: (diqqətlə xanımın simasına baxıb, bir 10 saniyə süküt saxladım… dedim bəlkə, danışıq tonundan bir-az utana…) Mənə menecer lazımdır, Sizsiz bu mağazada menecer? Menecer: Так, я не знаю Ваш язык… (simasında yazılıb ki, sən rusca bilmirsənsə, nə gəzirsən bizim mağazada) Mən: Вы менеджер салона и не можете говорить по азербайджански? Menecer: Да… я не обязана говорить на Вашем языке, если Вы недовольны мы можем вернуть товар. Mən: По Вашей вине я плачу в 2 раза больше… Вам не кажется что тон разговора у Вас не правильный… bu andan sonra… ukraynalı menecer Дарья-nin əsas siması önə çıxdı… Menecer: Вы никто чтобы мне что-то указывать, здесь я директор и я знаю что говорю… Hə-əəə… əlbəttə, bu nöqtədən sonra, məndə mən olmazdım ki, Dariyanı başa salmayım… Elə bilirki ,mənimlə işçiləri kimi rəftar edə bilər Dedim… Dariya… burda direktor əgər varsa, oda mənəm… bilirsən niyə? Çünki, sən burda mənim pulumdan istifadə edib, işləyirsən, əgər mən İlkin (və ya digər Azərbaycanlılar) olmasa, sən bir manatda olsun əmək haqqı ala bilmərsən. Çünki, sən mənim vətənimdəsən və sən borclusan ki, mənə yalnız müştəri kimi, deyil, həmdə yaşadığın ölkənin vətandaşı kimi hörmət edəsən Çünki, sənin “rəhbərlərin” məhz Azərbaycanın pulu hesabına bu biznesləri qurublar, investitsiya Azərbaycanındır və sən bu şirkətdə çalışdığın üçün bu ölkəyə, bu millətə, bu insanlara hörmətlə yanaşmalısan… Dariya çox sakit durmuşdu… sifəti qıp-qırmızı idi… mağazada çalışan Azərbaycanlı personalın simasında qəribə bir hiss var edi, sanki onlar bu dialoqdan çox məmnun qalmışdılar və Dariyadı, Daryadır nədir… dodağından mızıldanaraq bilirsiz nə dedi? Dariya dedi ki: Да-ааа, так бы сказал бы… я украинка и буду говорит только по русски.” Bu anda artıq mən başa düşdüm ki, gunah Daryada deyil… gunah, Darya kimi qeyri-peşəkar adamları bizim peşəkar olan işçilərin başına rəhbər qoyanlardadır… Daryanı Azərbaycan dilində danışanları “çüşka” kimi baxdıran… ZARA-nın rəhbəridir… Əgər bu şirkət Dariya işə götürəndə başa salsaydı ki, sən Azərbaycan dilində öyrənməlisən, Dariya heç vaxt mənimlə belə mədəniyyətsiz formada danışmazdı. Şərt deyil aaa, Dariyaya Azərbaycan dili öyrətmək… şərt odur ki. Dariya bildirmək ki, sən Azərbaycanlısansa, bizim dilə hörmət qoymalısan. Eyni problem İdeal Parfumeriyadada var, Music Galleridede var və s. Siz elə bilirsiz Azərbaycanda Darya kimi kadr yoxdur… əmin edirəm 10 dəfə ondan güclüsüdə var, sadəcə biz Azərbaycan çörəyini yadlara yedizdirməyi xoşlayırıq. Əziz oxucu, inanın ki, mən aşırı millətçi deyiləm… mən demirəm, Dariyanı Azərbaycandan sürgün etmək lazımdır və s. YOX, qətiyyən YOX. Amma Dariya yenədə Azərbaycana hörmət qoymayacaq, çünki biz özümüz özümüzə hörmət qoymuruq… Mağazadan çıxanda Azərbaycanlı personal mənə çox sağ ol dedi, məndə, malı qaytarmadım… eybi yox, qoy o 10-15 manat Retail-Qrup-un (Zara) halalı olsun, amma əgər bu qazanc Daryalara gedəcəksə… onda pulun halallığını vermirəm Sizlərdən isə, əziz oxucu, bir xahişim var, əgər Retail Grouprəhbərliyindən kimlərisə tanıyırsınızsa çatdırın ki, “Azərbaycandan qazandığınız pulları, savadsız ukraynılalara xərcləməkdənsə, savadlı AZƏRBAYCANLI işçilər tapsınlar. İlkin Manafov
  7. Roma filosofu Maksimus Tirius deyir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız əldə edər. Layiq deyilsə, duaları etsə belə heç nə almaz. Heç olmasa ona görə ki, layiq olmayana nəsə vermək ədalətsizlikdir. Tanrı isə ədalətsiz ola bilməz. Dua etmək heçdə istədiyin şeyə layiq olmaq demək deyil. Layiq olan təvazökar olar, yalvarmaqla heç kəsə əziyyət verməz. Əziyyət verən və həyasızlıq edən layiq olmayandır. Ona görə də dua etməyən layiq olan adam dua edən layiq olmayandan yaxşıdır. Daha sonra Maksimus Platona istinad edərək yazmışdır ki, tanrılar insanlara tale yazmışdırlarsa, onda onlara dua etməyin mənası yoxdur. Çünki insan istəyi ilə tale dəyişməz. Hər şey Ümumi və Fərdidən ibarətdir. İnsan da kainatın tamlığında bir hissəcikdir. Tanrı isə taleyi Ümumi üçün yazıbsa, fərd olan ayrəca insanın duasını təmin etməz. Çünki fərdə görə o tamlığı pozmaz. Tanrı hər fərdin istədiyini təmin etsə, onda tamlıq pozular. Bir yerdə zəlzələdirsə, onun sakinlərinin duaları ilə ona son qoyulmaz, çünki o zəlzələ kainat tamlığının bir hissəsidir. Əlbəttə taledən başqa təsadüf də var. Ancaq təsadüfün düzəni və düşüncəsi yoxdur. Çünki öz ehtiraslarını təmin etmək üçün hökmdarlıq edən kralın düşünülmüş siyasəti yoxdursa, hər şey hərcmərclikdədirsə, onda ondan nəyi diləmək olar? Beləliklə təsadüf olsa belə, tanrılara dua etməyin mənası yoxdur. Dualar etməkdənsə insan öz işini möhkəm tutmalı, bacarıqlı olmalı, öz üzərində işləməlidir ki, istədiyinə layiq olsun. Bu olarsa, onda duasız da istənilən şeyi əldə edə bilər. Sokrat və Platon kimi filosoflar tanrılara ona görə müraciət etmirdilər ki, özləri üçün nəsə əldə etsinlər. Onların istəyi yalnız ərdəmli ruh, sakit həyat və ləyaqətli ölüm idi. Aydın Tağıyev
  8. Təmizlikçi Berluskoni

    2014-cü ildə İtaliya məhkəməsi ölkənin keçmiş baş naziri Silvio Berluskonini vergi fırıldağına görə bir il müddətinə ictimai işlər görməyə məhkum edir. Sabiq baş nazirin həftədə bir dəfə qocalar evində,bir həftə isə küçədə ictimai işlə məşğul olur.Sağ əli bizim məmurların başına.
  9. "Ey Muhamməd, gətirdiyin dini elə bir hala saldılar ki, artıq sən belə görsən tanımarsan", - Dr.Əli Şəriəti Son dönəmlərin ən aktual mövzularından biri məhşur karikaturaçı Gündüz Ağayevin uşaqlara məcbur hicab taxdırılması barədə çəkdiyi tənqidi rəsmdir. Bir çox müsəlman bu rəsmi tənqid edir, Gündüz Ağayevi İslamı təhqir etməkdə günahlandırır, uşaqlara hicab taxdırılmasını təqdir edir, bunu düzgün əməl hesab edirlər. Əvvəla məsələyə İslam nöqteyi nəzərdindən baxaq, sonra isə dünyəvi nəzərlə baxarıq. İslam nə üçün və kim üçün örtünməyi əmr edir? Bu məsələ Nur surəsində öz aydınlığını tapır. Öncə bu barədə olan ayələrə baxaq: NUR 30. (Ya Rəsulum!) Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! 31. Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) Quran ayələrindən göründüyü kimi, örtünmə sırf zinadan qorunmaq, haram etməmək üçün buyurulmuşdur. Quran bunu zinadan qaçınmaq üçün buyurursa, necə olur ki, 10 yaşında, 11 yaşında hətta daha balaca 5-6 yaşında, bəzən isə daha faciəvi 3-4 yaşında uşaqlara hicab taxdırlır. Bunun açıqlamasını nə ilə vermək olar? Burda iki məsələ var; ya bu insanlar bu şeyi etdikdə Quranı diqqətə almırlar, ya da uşağa qarşı cinsi bir istək duyulduğunu iddia edirlər. Hər halda uşağa qarşı cinsi istək olduğunu, uşağın zina edəcəyini deyən insan normal insan deyil. Quran məsələsi isə aydındır, onsuzda müasir dövrdə Qurandan çox din adamlarının dediyinə diqqət edilir. Bu məsələyə dünyəvi yanaşsaq yenə də yanlışdır. Bir uşağın ideologiyaya yönəlmə çağı dərk etmədən sonar olmalıdır. Bəzən uşağa məcbur hicabı dəstəkləyənlər belə deyirlər:”Əgər uşağa məcbur hicab olmazsa, niyə məcbur məktəbə aparırlar?”. Bu insanlar həqiqətən nə danışdıqlarını bilməyən insanlardır. Məktəblə ideologiya arasında fərq görmürlər. Balaca uşaq məktəbə aparılırsa, burda ona hərflər öyrədilir. Ən primitiv, ən ibtidi şeylər. İdeologiya isə qətiyyən əlifba ilə müqayisə oluna bilməz. İdeologiya həyat tərzidir, yaşamdır, metafizikadır (bəzən). Bir uşaq Allahın necə olduğunu dərk edə bilmirsə, onu saqqallı bir kişi kimi təsəvvür edirsə, ona hansı ideologiyadan danışmaq olar? Uşaqğın hər şey öz yaşına uyğun olmalıdır. Azyaşlı uşaq hələ ən sadə şeyləri öyrənir, sən ona ideologiya kimi ən qəliz şeylərdən birini təbliğ etməyə çalışsan onda psixoloji problemlər ortaya çıxar, necə ki çıxır. Bəzən uşaqlara dini təbliğat xarakterli hekayələr-cəhənnəmdə yanmalar, şeytanlar, cinlər, ruhlar-danışılır, belə olduqda isə uşaqda ömrünün sonuna qədər davam edən psixoloji vəziyyətlər formalaşır. Hər yaşın öz dövrü var. Nəticə olaraq,hicab cinsi meyillə əlaqədər bir şeydir və bunu uşağa tətbiq etmək başdan-başa yanlış bir addımdır. Ziya Balıyev
  10. Axır vaxtlar Azərbaycandan gələn qohumlarla ünsiyyətim heç alınmır. Qadınlar adətən sualı ər-arvad münasibətlərindən salırlar. . Müəyyən məqamları dəqiqləşdirirlər, məsləhətlər bu tipdə olur ki, kişi evə gec də gələr, qıraqda adamı da olar, adama acıqlanar da, sən fikir vermə, evin kişisidir, o nə desə, odur, nə bilim, bir aləm belə şeylər. Sözlərini kəsirəm ki, axı bunların heç biri baş vermir, bu məsləhətlər nəyə lazımdır? Problem olmayan yerdə, problemin həllini niyə göstərirsiniz ki? Yenə pis olurlar. Plan, ritm yenə pozulur. Söhbəti gətirirlər uşağın üstünə. Uşağı nə vaxt kəsdirirsiniz, sünnət toyu nə vaxtdır – filan. Deyirik ki, kəsdirmirik, niyə kəsdirək ki? Dəhşətə gəlirlər. Niyə, bəs müsəlman eləməyəcəksiz? Deyirik ki, özümüz müsəman deyilik, uşağı niyə müsəlman edək? Böyüyər, özü seçimini edər. İstəyər müsəlman olar, istəyər, xristian olar, istəyər ateist, istəyər də, makarona inanar. Dəhşətlə deyirlər ki, axı kəsdirməsəniz, ona bizlərdən qız verən olmayacaq? Gülüb deyirik ki, sizin qızlardan almağa məcburdu bəyəm, bəlkə başqa dindən qız sevdi, bəlkə dinsiz qız sevdi, bəlkə ümumiyyətlə, orientasiyası elə oldu ki, qız yox, oğlan sevdi... Bu yerdə söhbətlər sərt və geriyə dönüşü olmadan kəsilir. Qohumlar bərk əsəbiləşir, kişilər siqaret yandırır, fürsət tapan kimi də çıxıb gedirlər. Vəziyyət o yerə çatıb ki, yaxın qohumlar, xətrimizi lap bərk istəyənlər əllərini göyə açıb yalvarırlar ki, allah sizə qız verməsin. O qız nəslin adın batıracaq. Bir az gülməli gəlir, amma əslində dəhşət adamı bürüyür, bizim hələ qızımız yoxdur, qohumlar indidən onun vaginasın qeyrətini çəkirlər. Biz özümüz bu barədə düşünmürük ki, o öz seksual həyatını necə quracaq, amma bunlar indidən narahatdırlar. Vəziyyət ağlamalıdır. Sadəcə, dəhşətə gəlirəm. Emin Millinin qohumları kimi, bizdən də imtina eləsəydilər, canımız qurtarardı Günel Mövlud
  11. Budur saxta əxlaq

    Bakıda olanda bəzən küçədə cütlüklər görürüdüm. Baxırdın ki, ailədirlər. Amma söhbətlərindən, davranışlarından, bir-birilərinə münasibətlərindən aydın olurdu ki, bu adamların arasında sevgidən başqa hər şey var. Bir-birinə heç bir dəxli olmayan bu iki insanın necə tanış olduqlarını, nə vaxt, hansı şərtlər altında evlənmək qərarına gəldiklərini düşünürdüm. Necə olub ki, bunlar evləniblər? Niyə evləniblər? Niyə sevə biləcəkləri, gözəl hisslər yaşada biləcək insanları gözləməyib, sevmədikləri adamla ömür boyu bir yerdə yaşamaq qərarına gəliblər? Onları buna nə vadar edib? İndi necə yaşayırlar? Necə yatırlar? Necə öpüşürlər? Bir-birilərini qucaqlamaq, sığallamaq, xoş, nəvazişli sözlər demək istəyirlərmi? Bir-birinin xətirlərinə dəyəcəklərindən qorxurlarmı? Bu suallar məni dəhşətli dərəcədə narahat edir. Bilmək istəyirəm, insan birini sevmədən, onunla necə yaşayır. Əlbəttə, bunları özlərindən soruşa bilməzsən. Uzaqbaşı qız deyəcək yaşım keçirdi, tay-tuşlarım artıq ərdə idi, hamısının uşaqları vardı, mən də istədim. Oğlan da deyəcək ki, sevdiyim ərə getdi, mən də baxdım ki, evlənmək vaxtıdır, evləndim. Vəssalam. Birlikdə keçəcək bütün bir həyata aparan yolu belə asanca izah edəcəklər. Ölkədə minlərlə, on minlərlə cütlük bir-birini sevmədən, həyacanlanmadan, hissdən, mənəvi ehtiyacdan uzaq hansısa səbəblərdən evlənir, ailə qurur, birlikdə ömür boyu yaşayır. İki gün əvvəl mətbuatda məişət zorakılığı ilə bağlı daha bir xəbər çıxdı. Bir tibb bacısı məşuqu ilə birləşib, ərini öldürmüş, meşədə basdırmışdı. Nədir bu camaatı belə dəli edən, qəddarlaşdıran, amansızlaşdıran? İntihar edən o gəlin də, ərini öldürən o qadın da boşana bilməzdilərmi? İstəmirsən bu adamla yaşamağı, sənə çətindir, sivil qaydada ayrıl, öz həyatını istədiyin kimi qur. Amma edə bilmirlər. Onları sevgisiz, hissiz evlənməyə vadar edən qaydalar, boşanmanı da mümkünsüz edir. Məcburluq, şərtiliklər o qədər güclüdür ki, bəzən ya özünü, ya da birlikdə yaşadığın adamı öldürmək daha asan görünür. Günel Mövlud
  12. Bizim tənbəlliyimiz

    Hər gün yüz minlərlə insan çayxanalarda siqarət çəkə-çəkə, çay içə-içə, domino, nərd oynaya-oynaya vaxtlarını öldürürlər. Sivil insanlar vaxt azlığından əziyyət çəkirlər. Amma bizim insanlar vaxtın çoxluğundan əziyyət çəkməkdədirlər. Onlar günlərini yola vermək üçün müxtəlif əyləncələr düşünüb tapmaq məcburiyyətindədirlər. Hansısa biri idarəyə gedir. İki saat, üç saat dayanır qəbulda. Açıb bir məqalə, bir xəbər oxumur. Heç kim demir çayxanada oturmayın. Oturun. Mən də çayxananı çox sevirəm. Amma gərək çayxanada da oturanda elə adamla oturasan ki, o adamdan nəsə öyrənə biləsən. Başıboş, avara adamdan nə öyrənmək olar? Heç kim demir oyun oynamayın. Oynayın. Özü də şahmat. Yaxşı olar ki, övladlarına da şahmat öyrədəsən. Bu, onlar üçün bir sevincdi. Üstəlik bu oyunu öyrənmək uşağı nə qədər irəli atır. İnsanlar öz vaxtlarını amansızca öldürməkdədirlər. Onlar vaxtın qiymətini anlamırlar. Sonra da deyirlər ki, masonlar bizi inkişaf etməyə qoymur. Sən kitab alıb oxudun, mason imkan vermədi? Sən öz övladınla şahmat oynadın, mason gəlib fiqurları dağıtdı? Sən ailəni başına yığıb bir teatra, muzeyə, sərgiyə apardın, mason sizi evdən bayıra çıxmağa qoymadı? Öz tənbəlliyimizə müxtəlif bəhanələrlə başqa adlar qoymaqdayıq. Gənclər öz boş başlarıyla bütün günü sosial şəbəkələrdə ağır mövzuları müzakirə etməkdədirlər. Halbuki onlar daha çox oxumalı, xarici dil öyrənməli, öz peşələrinə dərindən yiyələnməlidirlər. Biz elə bir ölkədə yaşayırıq ki, burda hər kəs özü özün xilas etməlidir. Bizim universitetlərdə verilən təhsillə ciddi adam olmaq mümkün deyil. Gərək hər kəs özü öz başına çarə tapsın. Oxusun. Öyrənsin. Yayda bir qohumumgilə qonaq getmişdim. Meyvələr ağacların altında çürüyürdü. Beş-altı arvad da oturub laqqırtı vururdu. Gedib mağazadan kola, fanta alırlar. Biri o meyvələrdən kampot hazırlayıb bankalara doldurmurdu. Mürəbbə bişirmirdi. Nə də olsa, yavanlıqdı. Bir az onları danladım. Doladılar məni. Baxdım ki, seriallar bu adamların başını xarab edib. Xanım olublar. Bəy olublar. Heç kim əlini ağdan qaraya vurmaq istəmir. Arzuları var, özlərini işə vermək istəmirlər. Bir-birinin bəhsinə bankdan kredit götürüb maşın, telefon, mebel, pərdə alıblar. Olublar bankların əsiri. Hamısı bekarçılıqdandır. İnsanın başına gələn bəlaların bir çoxunun səbəbi be-karçılıq və avaralıqdır. Halbuki hərə oxusa, öyrənsə, özü -özünü yetişdirsə, ölkədə çox şey dəyişər. Seymur Baycan
  13. Köləlik və Tiranlıq

    Çox maraqlıdır, azadlığını itirən xalq qısa zaman keçincə azadlıqdan elə yadırğayır ki, onu geri almaq uğrunda savaşmağı bir yana, heç yadına da salmır . Elə həvəslə itaət edirlər, sanki itirdikləri azadlıq yox, köləlik idi. Əvvəlcə insanlar məğlub və məcbur edilirlər, amma onların azadlığı heç vaxt görməmiş və nə olduğunu bilməyən yeni nəsilləri öz sələflərinin məcburən etdiyi xidməti heç bir təəssüf çəkmədən, könüllü yerinə yetirirlər. Kölə ailəsində dünyaya gəlib tərbiyə olunan insanlar həyatın bu tərzi ilə razılaşır, malik olduqları cüzi haqqdanəlavə nəyəsə nail olmağı ağıllarına belə gətirmirlər. Axı insan oğlu nə qədər etinasız olsa da, öz vəziyyyətinə bir nəzər salmalıdır, görsün, bütün haqlarından istifadə edirmi, onun əlindən nəyisə almayıblar ki. Bəli, vərdişin insan üzərində ümumən böyük hakimiyyəti var və çox güman, insanı köləliyə alışdırmaqhakimiyyətin zirvəsidir. İnsan üçün azad olmaq və bunu arzu etmək təbiidir, bununla belə, onun xisləti elədir ki, çox şeyə vərdiş etməyi bacarır... Belə nəticə çıxır, insan üçün onun vərdiş edə bildiyi hər şey təbiidir. Deməli, könüllü köləliyin başda duran səbəbi vərdişdir. Amma çoxluqca itaətkar olanlarla yanaşı, mərd insanlar da var ki, kölə tərzini qəbul etməyib, ondan qurtulmağa çalışır və heç vaxt itaətə vərdiş etmirlər. Belə insanlar, Uolles [William Wallace] kimi qəhrəmanların timsalında, dənizlər və ormanlar üzərində öz ocağının tüstüsünü görməyi arzu edir. Bunlar o insanlardır ki, dünyanı əbədilik tərk etsə belə, azadlığıhəmişə öz ruhlarında hiss edəcək, onu həmişə sevəcəklər, çünki köləliyin istənilən forması onların gözündə yalnız nifrətə layiqdir. Könüllü köləliyinin başlıca səbəbi - insanların bu vəziyyətdə doğulub tərbiyə olunması - ikinci bir səbəbin qaynağına çevrilir. Belə ki, tiranların hakimiyyəti altında insanlar qorxaq, məzlum və rəzil kütləyə çevrilirlər. Əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar. Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər. Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışdır. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə, başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər. Əlbəttə, heç bir tiran açıb etiraf etməz ki, onun niyyəti təbəələrin ləyaqətini əllərindən almaqdır. Fəqət Kirin lidiyalılara qarşı nisbətən aşkar tərzdə etdiklərini bütün tiranlar öz təbəələrinə qarşı müxtəlif pərdəli üsullarla törədirlər. Sadə xalqın xisləti elədir ki, onu gerçəkdən sevənlərə şübhə ilə yanaşır, onu aldadanların təsirinə isə asanlıqla düşür. Avam xalqı aldadıb əsarətə almaq bir quşu tələyə salmaqdan, yaxud bir balığı qarmağa cəlb etməkdən daha asandır. Oyunlar, göstərilər, təlxəklər, qladiatorlar, qəribə heyvanlar, şəkillər və digər əyləncələr kölələr üçün tələ yemi, tiranlar üçün isə ən güclü silah idi. Tiranlar bu vasitələrin köməyi ilə təbəələri yuxuya verirdilər. Assuriya və daha sonra Midiya çarları xalqın arasına nadir hallarda çıxırdılar. Bununla, onların varlığı xalqa nəsə qeyri-adi, mistik əzəmət təlqin edirdi, çünki insanlar görmək imkanında olmadıqları şeyi öz təxəyyülərində şişirtməyə meyllidir. Çarla bağlı xalq arasında rəvayətlər dolaşır, çarın sirlərlə dolu varlığı,köləlik üçün güclü zəmin yaradırdı. Xalq illərlə üzünü görmədiyi, yaxud görünüşünü xatırlamadığı ağaya şövqlə itaət edirdi. Misirin ilk çarları xalq arasına çıxarkən başlarına çələng hördürür, bəzənsə məşəl quraşdırır, üzlərinə maska tuturdular. Bu görünüş, təbəələri çara ilahi ehtiram doğururdu. Çox güman, xalqın özünü bunca rəzil duruma salmasını çar özü də kinayəli təbəssümlə qarşılayırdı, amma onun üzü maska ilə örtüldüyündən, kimsə bunu görə bilməzdi. Buracan bəhs etdiklərim sadə və qaba kütləni düşüncə [mental] əsarətində saxlamağın əsas üsullarıdır. Özünü qoruyub-saxlamaq üçün tiraniya qorxunc və qəddar təşkilat sisteminə malik olur. Kim hesab edirsə ki, tiranların əsas mühafizə üsulu əli silahlı keşikçilər və qala divarlarıdır, dərindən yanılır. Əlbəttə, silahlı keçikçilərin də, qala divarlarının da rolu var, amma bunlar əsas etibarı ilə xof yaratmaq üçündür. Böyük qala divarları, keşikçilərin çoxluğu kifayətdir ki, hansısa kənar şəxslər tiranın həyatına qəsd etməyi ağıllarına belə gətirməsinlər. Əgər Roma tarixində imperatorların qətlini araşdırsaq, məlum olacaq ki, onların əksər qismi elə öz keşikçilərinin əli və ya vasitəsilə öldürülmüşdür. Tiranları taxtda saxlayan silahlı keşikçilər yox, onun ən yaxın ətrafındakı beş-altı adamdan başlayan böyük şəbəkə olur. Bunlar tiranın möhkəm etibarını qazanır, bütün ölkənin onun əsirinə çevrilməsində baş rolları bölüşdürürlər. Onlar tiranın bütün qəddar əməllərinin təşkilatçıları, rəhbəri olur; bütün saray tədbirlərində tiranın yanında olurlar. Təbəələrə qarşı törədilən qəddarlıqlar təkcə tiranın iradə və qənaətlərini deyil, habelə bu adamların iradəsini, ağlını ehtiva edir. Tiranın qəddar xisləti bu adamların hər birinin qəddarlığı, hiyləgərliyi ilə tamamlanır. Bu altı adamın hər biri öz növbəsində azı yüz adamı hakimiyyət altına alır. Bunlar qohumlar, dostlar, dostların dostları və başqa adamlardır ki, həmi adamlardan müxtəlif yollarla faydalanır, ona xidmət edirlər. Hakimiyyətin pilləvari hiyerarxiyasını göz önünə gətirsək, yuxarıdan aşağıya doğru: birinci pillədə tiran, ikincidə altı adam, üçüncüdə bu altı adamın əlaltıları olan altı yüz adam, bunların da hər birinin öz əli altında daha on adamı saxladığı fərz edilərsə, növbəti dördüncü pillədə altı min adam dayanmış olur. Və beləcə, aşağıya doğru hiyerarxiya dərinləşdikcə yüz minlərlə adamın tiraniyaya xidmət etdiyi şəbəkəni təsəvvür etmək çətin deyil. Onların əksəriyyəti müvafiq mənfi keyfiyyətlərinə görə seçilmişlədir. Onlara müxtəlif gəlirli vəzifələr, imtiyazlar verilir, güzəştlər olunur. Bunların müqabilində, şəbəkə üzvləri qəddarlığa, talançılığa, yaltaqlığa, üzə durmağa, bir sözlə, hər cür yamanlığa həvəslə qatılır, gözə girmək, vəzifədə yüksəlmək üçün əllərindən gələni edir. Şəbəkəni daha da genişləndirmək üçün tiranlar inzibati vəzifələrin sayını mümkün qədər artırırlar. Bəzi naşı ara həkimləri bədəndə yaranın üzərinə hər cür dəxilsiz məhlulları tökdüyü kimi, tiranlaşan hökmdarlar da öz şəbəkəsinə hər cür şərəfsizləri, oğruları, yaramazları cəlb edirlər. Əllərindən düz-əməlli bir iş gəlməyən bu yaramaz sürüsü öz tamahkar xislətləri ilə böyük tiranın balaca tirancıqlarına çevrilib xalqa zülm edirlər. Yerlərdə kəşfiyyat aparır, xəbərçilik edir, vergi adı altında əhalini talayır, qətllər törədirlər vəonun hakimiyyətini qoruyub-saxlayırlar. Beləcə, tiranlar təbəələrin bir qismini qalan qisminə qarşı istifadə etməklə, cəmi xalqları əsarətdə saxlayırlar. Qədim məsəldə deyildiyi kimi, “odunu yarmaq üçün istifadə olunan paz elə həmin ağacdan düzəldilir”. Yazdı: Etiyen de lə Böysi Tərcümə etdi :Ruslan Köçərli
  14. Hər şey çox bəsitdir: Ortada 2 fakt var, Avropa oyunları və həbsdə günahsız, şərlənib yatan insanlar. Hakimiyyət bu ümummili oyunları əhəmiyyətli bir hadisə adlandırır və fəxr hesab edir. Mən isə günahsız insanların həbsdə yatmasını ümumili problem adlandırıram və xəcələt hesab edirəm. Hakimiyyət bu ümummili hadisə hesab etdiyi oyunlar naminə kompromisə getmədi, günahsız insanları həbsdən buraxmadı.Hələ üstəlik özünə oxşayanları yığıb, həbsdəkiləri bir daha cinayətkar adlandırdı. İndi kimsə mənə deyirsə ki, sən bu "ümummilli" hadisə naminə kompromisə get, qürrələn, mən həmin adamı , vətənin faciəsinə biganə, ya siyasi cəhətdən məlumatsız, ya da hakimiyyətpərəst hesab edirəm. Niyə hakimiyyət özünün səhv mövqeyindən çəkilmir, amma mən özümün haqlı mövqeyimdən, imtina etməliyəm? Hansı daha vacibdir oyunlar, yoxsa günahsız insanların həbsdə qalması, cinayətkar adlandırılması? Hər kəs özü üçün cavab versin bu suala. İnanıram ki, vicdan düzgün cavaba asanlıqla yönləndirə bilər. Mən ölkədə daha da böyük repressiyalar üçün, daha da böyük həbslər üçün vasitə ola biləcək, avtoritar rejimi gücləndirəcək, buna görə də ölkədə qanunsuzluğun artmasına, korrupsiyanın daha da tüğyan etməsinə, növbəti seçki saxtakarlığına yol açacaq oyunlardan qürrələnə bilmərəm. Bu mənim həm biliklərimin, həm də vicdanımın səsinin əleyhinə getməyim olar. Bir daha təkrar edirəm, qürrələnənlər, ya yuxarıda sadaladığım məsələlərə biganə olanlar, ya bunu başa düşməyənlər, ya da hakimiyyəti açıq və yaxud gizli dəstəkləyənlərdir. Burada başqa variant yoxdur. Bu hakimiyyət islahat yolu tumaqdan imtina edib, israrla ölkənin hamısını "könüllüyə" döndərib, Şimali Koreya tipli irsi diktatura qurmaq istəyir. Mən bununla razılaşa bilmərəm və heç vaxt da razılaşmayacağam. Altay Göyüşov
  15. Yəqinki sizdə düşünmüsünüzki Azərbaycan hakimiyyəti niyə Avropa birliyi ilə assosasizya sazişi imzalamır və ya yəqinki düşünmüsünüzkü niyə tam şəkildə Rusiyaya meyl etmir. İş orasındadırkı Azərbaycanın xarici siyasəti Qarabağ məsələsinin girovuna çevrilib. Hakimiyyət Avropa Birliyi tərəfindən üzərinə öhdəliklər götürdüyünə görə Rusiyayla tam şəkildə portnyorluq edə bilmir,həmçinin Rusiya tərəfinin Qarabağı məsələsində problem yaradacağından ehtiyat edərək tam şəkildə Avropayla da yaxınlaşa bilmir.Yəni Rusiyanın çaldığı müsiqi ilə oynayır. Ancaq bizmkilər anlamalıdıkı əgər münaqişənin sülh yolu ilə həll edilmsəni istəyirlərsə Rusiya, Dağlıq Qarabağ ərzisizində yaşayan ermənilərin oradan çıxarılmasına razı olmayacaq. Azərbaycan hökuməti də Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul edə biləcəyini rəsmi görüşlərdə dilinə gətirib, onların bütün hüquq və azadlıqlarının təmin olunacağını vurğulayıb. Bu, o deməkdir ki, Azərbaycan hökuməti rəsmi səviyyədə Dağlıq Qarabağda olan erməniləri Azərbaycanın vətəndaşları kimi qəbul edir. Amma daxili siyasətdə, Azərbaycan hökuməti xalqı irqçi ruhda tərbiyə etməkdədir.Misal üçün mən burda Ermənilərə normal münasibət bildirəcəyim bir status paylaşsam o saat bunu əks effektini hiss edəcəm. Nəzər alsaq ki, Dağlıq Qarabağda yaşayan erməniləri tamamilə oradan qovmaq imkanını Azərbaycana heç kim tanımayacaq, o zaman biz o insanlar üçün cəlbedici olmağa çalışmalı və bu milli əsaslı düşmənçilik təbliğatından əl çəkməliyik. İkincisi,biz ölkəmizdə yartmış olduğumuz üstün həyat şəraiti ilə Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətini çəkə bilməliyik, amma Azərbaycan müstəqillik əldə etdikdən bəri irəliləməkdən daha çox geriyə gedib. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Müstəqillik tariximizdən bu günə kimi Azərbaycanda keçirilən seçkilərin heç biri şəffaf və ədalətli olmayıb.Təhsil olaraq isə bizim dünyaya çıxara biləcəyimiz bir universitetimiz yoxdur. 9 millyonluq bir ölkədə kitab dükanlarının sayı barmaqla sayılacaq qədərdirsə, bu günə kimi normal bir film çəkə bilməmişiksə, “mass kultura” adına ortaya çıxan müğənni Üzeyir Mehdizadədirsə, o toplumun hər hansısa bir digər xarici toplum üçün cəlbedicilik əmsalı sıfıra bərabərdir. Məsələ heç də onda deyil ki, indi qapıları açıb Dağlıq Qarabağ ermənilərini ölkəyə buraxmalıyıq. Məsələnin önəmli tərəfi, cəlbedici olmağımızdadır. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin bizim ölkəyə can atmasına nail olmalıyıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin mədəni olaraq üz tutmaq istədiyi məkana çevrilməliyik. Qarabağda yaşayan erməni inanmalıdır ki, Ermənistandan fərqli olaraq Azərbaycanda insanların hüquqlarını qoruyan və ədaləti təmin edən, müstəqil məhkmə sistemi var. O görməlidir ki, Azərbaycanda ölkəni seçkili qaydada idarə edən demokraik əsaslı icra sistemi var. O, Azərbaycanda təhsil almaqla iş imkanlarının artdığını, Azərbaycanda yaşayanların sosial-rifah durumunun yaxşılaşdığını görməli və yaxşı mənada demoralizə olunmalıdır. İndiki vəziyyətdə isə əgər orta statistik azərbaycanlı öz ölkəsində yaşamaq istəmirsə, Dağlıq Qarabağda yaşayan erməni nə üçün Azərbaycanda yaşamaq istəsin ki?! Yəni Azərbaycan hakimiyyəti rəsmi görüşlərdə səsləndirdiyi kimi, münaqişəni sülh yolu ilə həll etmək istəyirsə ilk əvvəl yuxarıda sadalanan problemləri həll etməlidir. Yox, əgər müharibə yolunu seçmək istəyirlərsə, korrupsiyaya uğrayan, qeyri-döyüş şəraitində onlarla əsgər itirən orduda islahatlar keçirtməli və strateji tərəfdaşları olan Türkiyə ilə münasibətləri gücləndirməlidirlər. P.S Status Emin Aslan-ın yazısına müəyyən əlavələr etməklə hazırlandı .