salvorhardin

Members
  • Content count

    25
  • Joined

  • Last visited

Community Reputation

33 Excellent

About salvorhardin

  • Rank
    Member
  • Birthday 09/07/93
  1. Əyzek Əzimov- Axmaqlar

    Naron uzunömürlü Rigel irqindən idi və ailəsinin qalaktik qeydləri tutan dördüncü üzvüydü. Naronun böyük dəftəri vardı, bunda qalaktikalarda şüurları inkişaf etmiş çoxlu sayda irq cəmlənmişdi. Daha kiçik başqa dəftərə isə yetkinləşərək Qalaktik Federasiyaya daxil olmaq hüququ qazanmış olan irqlər yazılırdı. Birinci dəftərdə bəzi adların üstündən xətt çəkilmişdi. Çünki onlar bu və ya başqa səbəbdən uğursuz olmuşdular. Şanssızlıq, biokimyəvi və biofiziki qüsurlar, sosioloji adaptasiya ola bilməmək bu səbəblərdən bəziləri idi. Kiçik dəftərə yazılmış heç bir ad isə indiyədək silinməmişdi. Və bir xəbərçi yaxınlaşdı, nəhəng və son dərəcə yaşlı olan Naron dəftərlərdən başını qaldırdı. -Naron, -xəbərçi dedi, -Ulu insan. -Yaxşı, de görüm nə var? Bu təntənəni də bir kənara qoy. -Daha bir qrup şüurlu orqanizm yetkinliyə çatdı. -Əla! Əla! Artıq daha tez yetkinləşirlər. Demək olar ki, hər il yeni üzvümüz olur. Bəs yaxşı kimlərdir bu yeni qrup? Xəbərçi qalaktikanın kod nömrəsini və onun içindəki planetin koordinatlarını verdi. Naron: -Ah, -dedi. –Mən bu dünyanı tanıyıram. Və səliqəli xətt ilə adı birinci dəftərə, ardınca da ikinci dəftərə qeyd etdi. Adəti üzrə planetin orada ən çox tanınmış adını istifadə etdi. Naron dəftərə “Yer” yazdı. -Bu yeni məxluqlar misli görülməmiş rekord qırdılar, -dedi. –Başqa heç bir qrup şüurluluqdan yetkinliyə bu qədər tez çatmamışdı. Ümid edirəm səhv yoxdur. -Heç bir səhv yoxdur, cənab. –xəbərçi dedi. -Termo-nüvə enerjisini əldə ediblər? -Bəli cənab. -Əla! Elə meyarımız da budur. –Naron gülərək, -Və yaxın zamanda gəmilərlə gələcək və Federasiyamızla əlaqə yaradacaqlar. -Əslində, Ulu insan, -xəbərçi könülsüz olaraq dedi. –Müşahidəçilərimiz bizə onların hələ kosmosa çıxmadıqlarını söyləyirlər. Naron təəccübləndi. -Heç çıxmayıblar? Kosmik stansiyaları da yoxdur? -Hələ yoxdur, cənab. -Madam ki, termo-nüvə gücü var, sınaqlar və partlayışları harada edirlər? -Öz planetlərində, cənab. Altı metr hündürlüyündə olan Naron ayağa qalxaraq: -Öz planetlərində? –ucadan dedi. -Bəli, cənab. Naron asta-asta qələmini çıxardıb kiçik dəftərdə biraz əvvəl yazdığı adın üstündən xətt çəkdi. Bu o vaxtadək görülməmiş bir şey idi. Amma Naron çox müdrik idi və qalaktikadakı hər kəs kimi qaçılmaz olanı görürdü. -Axmaqlar, -deyə Naron donquldandı. Tərcümə edən: salvorhardin (Həvəskar tərcümə)
  2. Ayzek Əzimov- Axırıncı Sual

    Axırıncı sual ilk dəfə 21 may 2061-ci ildə- bəşəriyyətin işığa ilk addımını atdığı bir zamanda- yarızarafatla soruşuldu. Sual olunma səbəbi beş dollarlıq mərc idi və bu belə baş vermişdi: Aleksandr Adel və Bertram Lupov Multivakın iki sədaqətli texniki idi. Nəhəng komputerin soyuq, tıqqıltı çıxaran, yanıb sönən işıqlı görünüşünün ardında nə baş verdiyini bir insan nə qədər bilirdisə, onlar da o qədərini bilirdi. Heç olmasa tək bir insanın bütövlükdə heç bir zaman öyrənə bilməyəcəyi dövrə və ötürücülərin ümumi planı haqqında azacıq məlumatları vardı. Multivak lazımi nizamlama və düzəliş əməliyyatlarını özbaşına yerinə yetirirdi. Belə də olmalı idi, çünki insan əli ilə bu əməliyyatların sürətli və dəqiq aparılması mümkün deyildi. Ona görə də, Adel və Lupov nəhəng üzərində yalnız səthi və xırda-para işlər edirdi. Onlar parametrləri yükləyir, suallarda lazımi dəyişikliklər edir və komputerdən çıxan cavabları tərcümə edirdilər. Onlar və bənzəri olanlar Multivakın zəfərini paylaşmağa tamamiylə layiq idilər. Multivak onillər ərzində insanın Aya, Marsa və Veneraya səyahət etməsini təmin edən gəmiləri tərtib etmişdi. Lakin daha uzağa getmək üçün Yerin kasıb resursları kifayət deyildi. Uzaq səyahətlər üçün daha çox enerji lazım idi. İnsanlar Yerdəki kömür və uran ehtiyatlarını effektiv şəkildə istifadə etmişdi, lakin bunlar da tükənmək üzrəydi. Fəqət Multivak yavaş-yavaş daha dərin və ətraflı problemləri həll edəcək vəziyyətə çatdı və nəhayət 2061-ci il 14 May tarixində o zamanadək nəzəriyyə olan reallaşdı. Günəş enerjisi toplandı, çevrildi və yubanmadan bütün planetdə istifadə olunmağa başlanıldı. Bütün dünya bitməkdə olan kömür yandıran, uran çevrilmələrini həyata keçirən düymələri bağlayıb Ay ilə dünyaya eyni uzaqlıqda, Yer kürəsinin ətrafında fırlanan və diametri bir mil olan kiçik bir stansiyaya qoşuldu. Artıq bütün Yer səthi Günəş enerjisinin görünməz şüaları ilə işləyirdi. Bu möhtəşəm qələbə təntənəsi yeddi gün idi ki, davam edirdi və hələ davam edəcəkdi. Adel və Lupov, nəhayət ki, izdihamdan qaçıb onları heç kimin axtarmayacağı bir yerə gizlənmişdilər. Bu yer Multivakın nəhəng bədəninin bir hissəsinin sığdığı yeraltı bölmələr idi. Tətilə layiq olan Multivak başında heç kim olmadan tənbəl tıqqıltılarla verilənləri nizamlayırdı. Texniklər əvvəlcə bu vəziyyətə mane olmaq və onun rahatını pozmağı düşünmədilər. İndi düşündükləri tək şey yanlarında gətirdikləri bir şüşə içki ilə rahatlamaq idi. - Düşünürəm ki, bu necə də heyrətləndiricidir, -deyə Adel dedi. Geniş çöhrəsində yorğunluq əlamətləri vardı. Şüşə çubuqla yavaş-yavaş içkisini qarışdıraraq stəkanın içərisindəki buz kütlələrini seyr edirdi. –Sonsuza qədər istifadə edəcəyimiz pulsuz enerjiyə sahibik. Misalçün, onu Yer kürəsini əridib nəhəng dəmir qarışığı damlasına çevirsək, sərf edilən enerji sahib olduğumuzun yanında bir zərrə qalar. Artıq sonsuzadək ehtiyacımız olan enerjidən də artığına sahibik, -deyə əlavə etdi. Lupov başını yana əydi. Adətən, kiməsə qarşı gəlmək istədikdə belə edərdi və indi də o hallardan biri idi, qismən də içki şüşəsini, buz və stəkanları daşımaq məcburiyyətində qaldığından: -Sonsuzadək deyil, -dedi. -Yaxşı, demək olar ki sonsuzadək. Günəş tükənənədək, Bert. -Bu sonsuzadək demək deyil. -Yaxşı onda. Milyardlarla il. Bəlkədə iyirmi milyard il. İndi razısan? Lupov barmaqlarını seyrəkləşmiş saçlarında gəzdirərək içkisindən bir udum aldıqdan sonra: -İyirmi milyard ilə sonsuz demək olmaz, -dedi. -Nəticədə insanların yaşadığı müddətdə onlara kifayət edəcək, elə deyilmi? -Uran və kömür də kifayət etməliydi. -Razıyam, amma kosmik gəmini Solar stansiyaya qoşa bilərik və gəmi yanacaq dərdi olmadan Plutona milyon dəfə gedib gələ bilər. Nə uran, nə də kömürlə bunu etmək mümkün deyil. Mənə inanmırsan, onda Multivakdan soruş. -Soruşmağa ehtiyac yoxdur, bunu bilirəm. -Onda Multivakın bizim üçün etdiklərinə qarşı belə dönük olma, -Adel dedi. Hirslənmişdi. –Multivak böyük işlər etdi. -Etmədi deyən yoxdur. Mən sadəcə günəş sonsuzadək bəs etməz deyirəm. Dediklərim bundan ibarətdir. İyirmi milyard il rahatıq, bəs sonra? –Lupov yavaşca titrəyən barmağını ona uzadaraq, -Və başqa günəşə keçərik demə. Bir müddət sakitlik oldu, Adel qısa aralıqlarla içkisini içdi və Lupov gözlərini yumdu. Rahatladılar. Sonra Lupov qəflətən gözlərini açaraq: -Bizim günəşimiz tükəndikdən sonra başqa günəşə keçəcəyimizi düşünürsən? -Heç nə düşünmürəm. -Düşünürsən. Səndə məntiq zəifliyi var. Sənin problemin budur; qəflətən leysana düşərək meşəyə qaçıb bir ağacın altına sığınan adam kimisən. İslanmaqdan qorxmursan çünki, düşünürsən ki, o ağac olmasa daha sıx yarpaqlı başqa birisinin altında daldalanacaqsan. -Anladım, -Adel dedi, -çığırma daha. Günəşin sonu gəldiyi kimi digər ulduzların da sonu gələcək. -Əlbəttə -deyə Lupov deyindi. –Hamı eyni bir kosmik partlayışın məhsuludur və o hər nədirsə bütün ulduzların dövrü bitdiyində onunki də bitəcək. Bəzi ulduzlar digərlərindən daha tez tükənir. Ən böyüyü heç yüz milyon il yaşamır. Günəş iyirmi milyard il yaşayacaq, cırtdanlar yüz milyard il, ən çoxu. Amma bir trilyon il sonra hər yer qaranlıq olacaq. Entropiya mütləq maksimumuna çatacaq. Bu qədər. -Entropiyanın nə olduğunu bilirəm, -Adel qüruruna toxunulduğunu hiss etdirərək söylədi. -Heç bir şey bilmirsən. -Ən azından sənin qədər bilirəm. -Bilsəydin, hər şeyin bir gün tükənməli olduğunu da bilərdin. -Yaxşı, yaxşı. Tükənməz deyən olmadı. -Sən dedin axı. “Sonsuza qədər ehtiyacımız olan enerjiyə sahibik dedin”, “sonsuzadək” dedin. Qarşı çıxma növbəsi Adeldə idi: -Bəlkə bir gün onun da yolunu taparıq, -dedi. -Heç bir zaman. -Niyə olmasın? Bir gün...Bəlkə. -Heç bir zaman. -Multivakdan soruş. -Multivakdan sən soruş. 5 dollarına mərcə girirəm ki, bu heç bir zaman baş verməyəcək. Adel bunu yoxlayacaq qədər sərxoş, sualı lazımi simvollarla soruşacaq və əməliyyatları yerinə yetirəcək qədər də ayıq idi. Sual təxmini belə bir şey idi: Bəşəriyyət Günəş yaşlanıb öldüyü zaman heç bir enerji itkisi olmadan onu yenidən dirildə biləcəkmi? Yaxud sadələşdirsək belə də ifadə etmək olar: Kainatdakı mütləq entropiya miqdarı çox böyük ölçülərlə necə azaldıla bilər? İşıqların yanıb sönməsi yavaşladı, ötürücü dövrələrin uzaqdan gələn tıqqıltıları kəsildi, Multivak sanki ölmüşdü. Sonra qorxuya düşmüş texniklərin artıq nəfəslərini tuta bilmədikləri bir anda komputer birdən canlandı, teletayp işləməyə başladı. Çıxan vərəqdə belə bir şey yazılmışdı: MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. Səhərisi gün axşamdan qalan iki dostun başı şiddətlə ağrayırdı. Əvvəlki gecə olan hadisələri tamamiylə unutmuşdular. Cerod, Cerodin, Cerodit I və II vizi-ekrandan ulduzları seyr edirdilər. Gəmi zamanın olmadığı hiperkosmosdakı keçidini tamamladı. Ulduz yağışının mərkəzində qəflətən parlaq mərmər disk göründü. Cerod əminliklə: -Bu X-23-dür, -dedi. Kiçik əllərini arxasında birləşdirmişdi və əllərinin oynaqları solğun rəngdə idi. Balaca Ceroditlər (hər ikisi qız idi) üçün bu hiperkosmosdakı ilk səyahət idi. Və içəridə-çöldə olma hissi onlara təsir etmişdi. Hırıldayaraq anasına tərəf qaçdılar və qışqırışaraq: -X-23-ə gəldik! X-23-ə gəldik! X-... -Susun uşaqlar! –Cerodin dedi. –Cerod, əminsən? –deyərək əlavə etdi. -Əmin olmayacaq nə var? –Cerod tavanın altındakı metal çıxıntıya baxaraq dedi. Çıxıntı otaq boyunca uzanır, hər iki divarın içində gözdən itirdi. Uzunluğu gəmi boydaydı. Cerodun bu qalın metal çubuq haqqında bildiyi adının Mikrovak olduğu və bir sual soruşulduqda cavab verdiyindən ibarət idi. Kefiniz sual soruşmaq istəmədikdə də müxtəlif tapşırıqları yerinə yetirirdi; gəmini əvvəlcədən təyin olunmuş mənzilə çatdırmaq, müxtəlif qalaktik enerji stansiyalarından qidalanmaq, hiperkosmos sıçrayışları üçün lazımi hesablamaları yerinə yetirmək onun çoxsaylı işlərindən yalnız bir neçəsi idi. Cerod və ailəsi gəmidəki rahat otaqlarında gözləməkdən başqa bir iş etmirdilər. Bir zamanlar Ceroda Mikrovakın sonundakı “-ak” nın ingilis dilində “analog computer” mənasını verdiyini demişdilər, baxmayaraq bunu belə yadda saxlaya bilmirdi. Cerodin vizi-ekrana baxarkən doluxsundu. -Dünyadan ayrılmaq mənə çətin gəlir. Əlimdə deyil. – dedi. Cerod: -Nə üçün, həyatım? Orada heç bir şeyimiz yox idi. X-23-də isə hər şeyimiz olacaq. Yalnız qalmayacaqsan, ilk köçkünlərdən birisi də olmayacaqsan. Planetdə indidən bir milyarddan artıq insan məskunlaşıb. Nəvələrimizin nəvələrinin dövründə X-23 o qədər darısqal olacaq ki, yeni planetlər axtarmağa başlayacaqlar. –Bir müddət düşüncələrə daldıqdan sonra, -yaxşı ki, komputerlər kosmosda səyahəti mümkünləşdirdilər. İnsan irqi o qədər sürətlə artır ki. -dedi. Cerodin qəmgin-qəmgin: -Bilirəm, bilirəm. Cerodit I yerindən: -Bizim Mikrovakımız dünyanın ən yaxşı Mikrovakıdır. Cerod qızının saçlarını tumarlayaraq: -Mən də belə düşünürəm, -dedi. İnsanın şəxsi Mikrovakı olması çox gözəl bir şey idi. Cerod keçmişdə-atasının zamanında-doğulmadığı üçün sevindi. Çünki o dövrlərdə komputerlər nəhəng maşınlar olub, hər planetdə bir dənə mövcud idi. Bunlara Planet AK-sı (Analoq Komputer) deyilirdi. Texnologiyanın min illər ərzində daimi inkişafı nəticəsində tranzistorların yerini molekulyar klapanlar tutmuşdu. Beləliklə indi ən böyük AK kosmik gəminin yarısı qədər yer tuturdu. Cerod şəxsi Mikrovakının günəşi ilk zəbt edən qədim və primitiv Multivaka nəzərən xeyli inkişaf etmiş olduğunu düşünərək xoşhallandı. Cerodun komputeri hətta hiperkosmos məsələsini həll etmiş və beləliklə uzaq ulduz və planetlərə səyahəti mümkün etmiş olan Dünya AK-sından belə çox üstün idi. Düşüncəli-düşüncəli köksünü ötürən Cerodin: -Nə qədər çox ulduz və planet var. Məncə, ailələr indi bizim etdiyimiz kimi yeni-yeni dünyalara getməyə davam edəcəklər. Sonsuzadək. - dedi. -Sonsuzadək deyil, -Cerod gülümsəyərək, -bir gün bu proses dayanacaq, amma o zamana hələ milyard illər var. Hətta ulduzların da sonu var, bunu bilirsən. Entropiya dayanmadan artır, mütləq maksimuma çatır. Cerodit II incə səsiylə: -Entropiya nədir, atacan? -deyə soruşdu. -Əzizim, entropiya kainatın hansı miqdarda tükəndiyini izah edən anlayışdır. Hər şey əvvəl axır tükənir, sənin gəzib-danışan balaca robotun kimi. -Bəs sən mənim robotuma taxdığın kimi kainata da enerji bloku taxa bilməzsən? -Ulduzlar özləri elə enerki bloklarıdır, əzizim. Onlar bir dəfə tükəndimi, yenisi yoxdur artıq. Cerodit I ağlamağa başladı: -Buna icazə vermə, ata. Ulduzların ölməsinə icazə vermə! Cerodin hirslənmişdi. -Nə etdiyini gördün? -deyərək pıçıldadı. Cerod da pıçıltıyla: -Nə bilərdim qorxacaq? -dedi. Cerodit: -Mikrovakdan soruş. Ulduzların yenidən necə yararlı hala çevriləcəyini soruş. -Get soruş, -Cerodin dedi, -bəlkə onda susarlar (Cerodit II də ağlayırdı). Cerod biçarə qalaraq: -İndicə Mikrovakdan soruşarıq, əzizlərim. O bizə hər şeyi söyləyər, narahat olmayın. Mikrovakdan soruşdu, “cavabı çap et” əmrini də əlavə etdi. Cerod selyufilm zolağını əlinə aldı və şən təbəssümlə: -Gördünüz, Mikrovak vaxtı çatanda hər şeyi həll edəcəyini, narahat olmamağımızı deyir, -dedi. Cerodin: -Və indi yatmaq vaxtıdır, uşaqlar, -dedi, -yeni evimizə çatmağımıza çox az qalıb. Cerod selyufilmi yox etmədən əvvəl üzərindəki yazını diqqətlə oxudu: MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. Çiyinlərini çəkərək vizi-ekrana baxdı. X-23-ə çox yaxınlaşmışdılar. Lametli VJ-23X qalaktikanın üçölçülü kiçik miqyaslı xəritəsinə baxaraq: -Görəsən, bu məsələ barədə narahat olmağa dəyər mi? Nikronlu MQ-17J başını xeyir əlaməti olaraq tərpədərək: -Zənn etmirəm. Hal-hazırki çoxalma sürətiylə beş il ərzində bütün qalaktikanı doldurmuş olacağıq, bunu bilirsən. -Yenə də, -VJ-23X dedi, -Qalaktika Şurasına bədbin izahat verib verməməkdə qərarsızam. Onları narahat etmək istəmirəm. -Fərqli izahat verməyimizin də mümkün olacağını düşünmürəm. Qoy narahat olsunlar. Onları narahat etməyə məcburuq. VJ-23X köks ötürərərək: -Kosmos sonsuzdur, əlimizin altında yüz milyardlarla qalaktika var. Hətta daha da çox, -dedi -Yüz milyard sonsuz demək deyil! Və getdikcə daha da az “sonsuzluq” olur. Düşün! İyirmi min il əvvəl bəşəriyyət ulduzlarının enerjisindən istifadə etməyə başladı. Bir-neçə əsr sonra da planetlərarası səyahətlər mümkün oldu. Bəşəriyyətin kiçik bir planeti doldurmağı bir milyon il çəkdi, qalaktikanın geri qalanını doldurmaq isə cəmisi 15 min il! İndi əhali hər on ildə iki dəfə artaraq çoxalır. VJ-23X onun sözünü kəsdi: -Təbii ki, bunun səbəbi artıq ölümsüz olmağımızdır. -Yaxşı. Onu da nəzərə alaq, amma ölümsüzlüyün də pis cəhəti var. Qalaktik AK bir çox məsələlərin həllini tapdı, lakin yaşlanma və ölümə çarə tapmaqla əvvəlki müsbət həlləri də mənasız etdi. -Yaşamaqdan imtina etməzdin, hə? -Təbii ki, imtina etməzdim. –MQ-17J sərt ardınca da yumuşayaraq dedi, -hələki yox. Hələ çox gəncəm. Sənin neçən yaşın var? -223. Bəs sənin? -Mən hələ iki yüz olmamışam. Nəisə mövzumuza qayıdaq. Əhali hər on ildə iki dəfə artır. Qalaktikamız dolduğu zaman bir başqa qalaktikanı da on il içində dolduracağıq. Bir on il sonra daha ikisini, sonrakı on ildə daha dördünü. Yüz il sonra minlərlə qalaktikaya yayılmış olacağıq. Min il sonra bir milyon qalaktikanı, on milyon il sonra məlum olan kainatı dolduracağıq, bəs sonra nə olacaq? VJ-23X: -Bir də nəqliyyat məsələsi var. Bütöv bir qalaktikadakı camaatı başqa bir qalaktikaya daşımaq üçün neçə dənə günəş gərəkdir, görəsən? -dedi. -Çox gözəl dedin. İndidən insanlar bir il ərzində iki günəş vahidinə bərabər enerji istifadə edir. -Çoxu da ziyan olur. Təkcə bizim qalaktika ildə minlərlə günəş vahidində enerji istehsal edir, amma biz sadəcə ikisini istifadə edirik. -Haqlısan, amma yüz faiz effektivliklə istifadə etsək belə, sonu yalnız təxirə sala bilərik. Enerji ehtiyacımız həndəsi silsilə ilə əhalidən də çox artır. Qalaktikaları doldurmamışdan enerjini bitirəcəyik. Haqlısan, həqiqətən çox haqlısan. -Ulduzlararası qaz yığınlarından ulduz yaratmağa məcbur qalacağıq. -Ya da sovurduğumuz istiliyi istifadə edərək, -MQ-17J istehza ilə dedi. -Entropiyanın istiqamətini tərs çevirməyin bir yolu olmalıdır. Qalaktik AK dan soruşaq. VJ-23X bunu söyləyərkən ciddi deyildi, amma elə bu vaxt MQ-17J cibindən AK əlaqə qurğusunu çıxartdı və stolun üzərinə qoydu. -Mənim də ağlıma batdı, -o dedi, -çünki bu bəşəriyyətin əvvəl axır qarşılaşacağı sualdır. Kiçik AK qurğusuna düşüncəli-düşüncəli baxırdı. Kiçicik qutuydu, içərisində çox şey olmasa da, hiperkosmos kanalı ilə bütün bəşəriyyətə xidmət edən nəhəng Qalaktik AK-ya birləşmişdi. Hiperkosmosu Qalaktik AK olmadan düşünmək mümkün deyildi; sanki onu tamamlayırdı. MQ-17J ölümsüz həyatında heç olmasa bir gün Qalaktik AK-nı öz gözüylə görəcəyini düşünürdü. AK öz kiçik planetində idi. Qədim molekulyar klapanların yerini sub-mezon şüalarının maddəni tutan hörümçək torları almışdı. Sub-efirik işləmə prinsipinə baxmayaraq, Qalaktik AK-nın minlərlə metr uzunluğunda olduğu məlum idi. MQ-17J qəflətən AK qurğusundan soruşdu: -Entropiyanın istiqamətini tərsinə çevirmək mümkündür? -VJ-23X təəccüblənmişdi. -Bunu soruşmağını istəmirdim, -dedi. -Niyə olmasın? -Tərsinə çevrilməyəcəyini ikimiz də bilirik. Kül və tüstünü yenidən ağaca çevirə bilməzsən. MQ-17J: -Sənin dünyanda ağac varmı? -deyə soruşdu. Qalaktik AK-nın səsi söhbəti yarıda kəsdi. Stolun üzərindəki kiçik qurğudan gələn səs incə və çox qəşəng idi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. VJ-23X: -Gördün? -dedi. İkisi də bunu çox düşünməyərək Qalaktik Şuraya təqdim edəcəkləri raporta qayıtdılar. Birinci Zi yeni qalaktikanı və daxilindəki saysız ulduzları əqli gücü vasitəsilə maraqsız-maraqsız yoxladı. Heç bir ulduzu öz gözüylə görməmişdi. Görəsən, bir vaxt görəcəkdimi? O qədər ulduz var ki! Hamısı da insanlarla yüklənmiş şəkildə. Artıq bu yük ölümcül ağırlıq halını almışdı. İnsanların əksəriyyəti burada, kosmik fəzada yaşayırdı. Zehinləri ilə, bədənləri ilə yox! İnsan bədənləri əsrlərdir planetlərdə yuxudaydı. Arada müxtəlif fəaliyyətlər üçün canlanırdılar, lakin belə hallar da getdikcə azalmaqdaydı. Çox az yeni fərd həyata gəlir və ağlasığmaz nəhənglikdəki kütləyə qoşulurdu, problem nədə idi? Artıq kainatda yeni insanlar üçün yer yox idi. Birinci Zi zehninə başqa bir zehinin ipəyə bənzər toxunuşu ilə bu düşüncələrdən ayrıldı. -Birinci Zi, -dedi. -Sən? -Mən Di-Sub-Vun. Qalaktikan? -Biz ona sadəcə Qalaktikamız deyirik. Bəs səninki? -Biz də bizimkinə elə deyirik. Bütün insanlar qalaktikalarına qalaktikamız deyir. Niyə də olmasın? -Doğrudur. Onsuz da bütün qalaktikalar bir-birinə bənzəyir. -Hamısı yox. İnsanların ilk ortaya çıxdıqları bir qalaktika olmalıdır, bu da onun fərqli olduğunu göstərir. Birinci Zi: -Bu hansıdır? -deyə soruşdu. -Bilmirəm. Universal AK bilər. Ondan soruşaq? Birdən marağım artdı. Birinci Zinin qavrayışı o qədər genişləndi ki, qalaktikalar büzülüb kiçildilər və çox böyük arxa fonun üstünə səpildilər. Zehinləri azad fəzada dolanan ölümsüzlərlə yüklü milyardlarla qalaktika. Bircə dənəsi, çox qədim və qeyri-müəyyən vaxtda içində insan olan tək qalaktikaydı. Birinci Zi o qalaktikanı görməyi çox istəyirdi və səsləndi: -Universal AK, bəşəriyyət ilk hansı qalaktikada mövcud olmuşdur? Universal AK sualı eşitdi, kosmosdakı hər şeyi eşidirdi. Qəbulediciləri daim hazır vəziyyətdə idi və hər qəbuledici hiperkosmosun bilinməyən bir yerində hər şeydən çox uzaq və soyuq olan AK-ya hər şeyi ötürürdü. Birinci Zi düşüncələri Universal AK-nı qavrayabiləcək məsafəyə yaxınlaşmış bir insan tanıyırdı. O da əlli-altmış santimetr diametri olan parlaq kürəyə bənzər bir şey gördüyünü demişdi. Birinci Zii ondan “Amma Universal AK o qədər kiçik bir şey ola bilər mi?” deyə soruşmuş, “Böyük bir hissəsi hiperkosmosdadır. Formasını bilmirəm.” cavabını almışdı. Bunu heç kim bilmirdi, çünki Universal AK-ya son insan müdaxiləsindən çox uzun müddət keçmişdi. Hər bir Universal AK özündən sonrakını özü dizayn edirdi. Hər biri milyon illik ömrü boyunca xələfini yaratmaq üçün məlumat toplayırdı. Öz məlumat bazasını isə xələfinə ötürürdü. Universal AK birinci Zinin düşüncələrini duydu. Sözlərlə deyil, rəhbərlik edərək. Birinci Zinin zehni qalaktikaların bulanıq okeanına aparıldı, qalaktikalardan birisi seçilərək böyüdüldü və ulduzları seçiləcək vəziyyətə gətirildi. Sonsuz məsafədən sonsuz aydınlıqda bir səs gəldi: -BƏŞƏRİYYƏTİN İLK QALAKTİKASI BUDUR. Onu digər qalaktikalardan fərqləndirən bir cəhəti yox idi, buna görə də Birinci Zi məyus oldu. Bura qədər ona yoldaşlıq etmiş Di-Sub-Vunun zehni birdən: -Və bu ulduzlardan birisi bəşəriyyətin ilk ulduzudur? Universal AK: -BƏŞƏRİYYƏTİN İLK ULDUZU NOVA OLDU, ARTIQ O AĞ CIRTDANDIR. -dedi. Birinci Zi təəccüblənmişdi və düşünmədən soruşdu: -Üstündəki insanlar öldü? Universal AK cavab verdi: -BELƏ VƏZİYYƏTLƏRDƏ OLDUĞU KİMİ BƏDƏNLƏRİ ÜÇÜN ƏVVƏLCƏDƏN YENİ DÜNYALAR İNŞA EDİLDİ. -Ah təbii ki, -Birinci Zi dedi. Özünü nəyisə itirmiş kimi hiss etdi. Zehnində bəşəriyyətin ilk qalaktikasını azad etdi, qalaktika bulanıq mavi nöqtələrin arasında gözdən itdi. Onu bir də görmək istəmirdi. Di-Sub-Vun: -Sənə nə oldu? -dedi. -Ulduzlar ölür. Və budur ilk ulduz öldü. -Hamısı öləcək. Burda təəccüblü nə var ki? -Amma bütün enerji bitdiyi zaman bədənlərimiz də öləcək, onlarla birlikdə biz də. -Ona kimi milyardlarla il var. -Milyardlarla il sonra belə olsa mən bunun baş verməsini istəmirəm. Universal AK, ulduzların ölümünün qarşısını necə almaq olar? Di-Sub-Vun gülərək: -Entropiyanın istiqamətinin necə dəyişdiriləcəyini soruşursan. Və Universal AK cavab Verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. Birinci Zinin zehni öz qalaktikasına uçdu. Di-Sub-Vunu bir də düşünmədi. Onun bədəni bir trilyon işıq ili uzaqlıqdakı qalaktikada da ola bilərdi, Birinci Zinin qalaktikasına qonşu bir qalaktikada da. Vacib deyildi. Birinci Zi qəmgin halda özünə kiçik bir ulduz yaratmaq üçün planetlərarası fəzadan hidrogen toplamağa başladı. Ulduzlar bir gün öləcək, heç olmasa bir-iki dənəsini yenidən yaratmaq olar deyə düşündü. İnsan özü ilə birlikdə düşündü. Çünki İnsan zehni cəhətdən tək bir insan idi. Trilyonlarla və trilyonlarla yaşı olmayan bədənlərdən ibarət idi. Bədənlər sakit və aldadılmayacaq şəkildə yatırdılar. Hər birinə mükəmməl və aldadılmayacaq maşınlar nəzarət edirdi. Zehinlər isə azad bir şəkildə bir-birinə qarışıb ərimiş, fərqlilikləri ortadan qalxmışdı. İnsan: -Kainat ölür, -dedi. Sönməkdə olan qalaktikalara baxdı. Nəhəng ulduzlar çoxdan yada düşməyəcək qədər keçmişin ən yadda qalmaz anında sönüb yox olmuşdular. Ulduzlarası tozlardan yeniləri yaranmışdı. Bəzilərini İnsan özü yaratmışdı və bunlar da tükənirdi. Ağ cırtdanlar nəhəng enerji hesabına bir yerə toplanıla bilər və onlardan da yeni ulduzlar yaratmaq olardı, amma bir ağ cırtdandan bir ulduz yaratmaq mümkün idi və bunlar da artıq tükənirdi. İnsan: -Kosmik AK-nın diqqətli istifadəsi ilə kainatın qalan enerjisi milyard illər bəs edəcək, -dedi. -Yenə də, -İnsan dedi, -nəhayət o da tükənəcək. Nə qədər qənaət edirsən et, enerji bir dəfə istifadə edilməyə başlandıqdan sonra daha onu geri qaytarmaq mümkün deyil. Entropiya sonsuz maksimuma yüksəlməlidir. İnsan soruşdu: -Entropiyanın istiqaməti tərsinə çevrilə bilərmi? Gəl Kosmik AK-dan soruşaq. Kosmik AK ilə əhatə olunmuşdular, amma kosmosda deyil. Kosmik AK-nın ən kiçik hissəsi belə kosmosda deyildi. Hiperkosmosdaydı və nə maddə, nə də enerji olan bir şeydən yaradılmışdı. Quruluşu və ölçüləri İnsanın qavrayacağının çox uzağından idi. -Kosmik AK, -İnsan dedi, -Entropiya necə geri çevrilə bilər? Kosmik AK cavab verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. İnsan: -Əlavə parametrlər topla, -dedi. Kosmik AK: -YÜZ MİLYARD İLDİR TOPLAYIRAM. MƏNDƏN ƏVVƏLKİLƏRƏ DƏ BU SUALI ÇOX VERİBLƏR. BÜTÜN VERİLƏNLƏR KİFAYƏT ETMİR. İnsan soruşdu: -Verilənlərin kifayət etdiyi bir zaman gələcək, yoxsa məsələ bütün mümkün hallarda həllsiz qalacaq? Kosmik AK cavab Verdi: -BÜTÜN MÜMKÜN HALLARDA HƏLLSİZ QALAN MƏSƏLƏ YOXDUR. İnsan: -Sualı cavablandırmaq üçün lazımi parametrləri nə zaman əldə edəcəksən? -dedi. Kosmik AK cavab verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. İnsan: -Üzərində işləməyə davam edəcəksən? -deyə soruşdu. Kosmik AK: -EDƏCƏYƏM. İnsan: -Gözləyirəm, -dedi. Ulduzlar, qalaktikalar öldü və söndü. On trilyon il istifadə olunduqdan sonra kainatdakı hər şey qaranlığa qərq oldu. İnsan bircə-bircə Kosmik AK-nın içində əriyib yox oldu. Fiziki bədənlər zehni şəxsiyyətini itirdi, amma bu itki yox qazanc oldu. İnsanın son zehni də Kosmik AK-ya qarışmadan əvvəl bir anlıq dayandı. İçində sonuncu qaranlıq ulduz tozundan başqa bir şey görünməyən kosmosa baxdı. Bir də ağlasığmaz dərəcədə incə olan bir maddəyə. Keyfiyyəti bilinməyən istiliyin mütləq sıfıra doğru tükənişinin təsiri ilə təsadüfü hərəkət edirdi. İnsan: -Kosmik AK, bu sondur? -dedi, -bu xaos yenidən kainata çevrilə bilərmi? Bu mümkündürmü? Kosmik AK cavab verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. İnsanın son zehni də Kosmik AK-nın içində əridi və var olan yalnız Kosmik AK qaldı- o da hiperkosmosda. Maddə və enerjinin yox olmağıyla zaman və məkan da yox oldu. Kosmik AK axırıncı sualı cavablandıra bilmək məqsədi ilə var olmağa davam etdi. O sual ilk dəfə on trilyon il əvvəl yarısərxoş komputer texniki tərəfindən soruşulmuşdu. İndi- əgər indi varsa- Kosmik AK o komputerə İnsanın o zamanki insana bənzədiyindən daha az bənzəyirdi. Digər bütün suallar cavablandırılmışdı, amma bu axırıncı sual cavablandırılmadan Kosmik AK şüurunu azad edə bilməzdi. Toplanacaq bütün parametrlər toplandı. Artıq daha artığı toplana bilməzdi. Geriyə toplanan parametrlər arasındakı əlaqələrin müəyyən edilməsi və mümkün olan bütün kombinasiyaların qurulması qalmışdı. Bunu etməyə zaman olmayan bir zaman sərf olundu. Kosmik AK entropiyanın istiqamətinin necə dəyişdiriləcəyini tapdı. Amma bu axırıncı sualın cavabını eşidəcək heç kim yox idi. Zərəri yoxdu, tətbiqi sübut ilə cavab veriləcəkdi. Zamanla ölçülməyən bir müddət boyunca Kosmik AK bunu ən mükəmməl necə edəcəyini hesabladı. Proqramı diqqətlə tərtib etdi. Kosmik AK-nın şüuru- ki bu bir zamanlar bütün kainat idi- Xaosu götürərək uzun-uzun düşündü. Addımbaaddım lazım olan edilməliydi. Və Kosmik AK İşığa: -OL! -dedi. Və işıq oldu… Tərcümə edən: salvorhardin (Həvəskar tərcümə)
  3. Brend Qorla narahatcasına gülümsünərək: -Bilirsən ki, belə şeylər çox şişirdilir, -dedi. -Xeyr, xeyr, xeyr! –balacaboy kişinin gözləri albinolara xas çəhrayı işıltıyla parıldadı. –Dorlis insanların hələ Vega sisteminə yerləşmədiyi dövrlərdə də çox güclü idi. Bizimkindən daha böyük Qalaktik Konfederasiyanın paytaxtı idi. -Lap yaxşı, oranın qədim paytaxt olduğunu düşünək. Gerisini arxeoloqlar həll edər. -Arxeoloqlar bu məsələdə heç bir işə yaramaz. Kəşf elədiklərim üçün öz sahəsində ixtisaslaşmış birinə ehtiyacım var. Və sən də şura heyətindəsən. Brend Qorla tərəddüdlə baxdı. Teor Rilonu axırıncı kursdan tanıyırdı. Heç kim ilə yola getməyən, uyğunlaşmayan balacaboy albino idi. Brendin fikrindən köhnə xatirələri keçdi. O vaxtdan bəri uzun müddət keçməsinə baxmayaraq albinonun qəribə insan olduğunu xatırlayırdı. Və onun hələ də qəribə olduğu aydın idi. Brend: -Sənə kömək eləmək istəyərəm, -dedi. –Amma əvvəlcə nə istədiyini deməlisən. Teor diqqətlə Brendə baxırdı. -Şuraya bəzi həqiqətləri çatdırmağını istəyirəm. Bunu edəcəyinə söz verirsən? Brend boyun qaçırdaraq: -Sənə kömək etsəm də, bunu unutma ki, mən psixologiya şurasının üzvüyəm. Çox nüfuzlu biri də deyiləm. -Əlindən gələni etməlisən. Onsuz da sənədlər vəziyyəti açıqlayacaq. –Albinonun əlləri titrəyirdi. Brendin təslim olmaqdan başqa çarəsi qalmamışdı: -Yaxşı danış görək, –taleyi ilə barışıq halda dedi. Axı o mənim köhnə sinif yoldaşımdır deyə düşündü. Bu halda onu dinləmədən göndərmək düzgün olmaz. Brend arxaya söykəndi və rahatladı. Arkturus şüaları tavana uzanan pəncərələrdən otağa süzülürdü. Polyarlaşdırıcı şüşələr şüaları yayır və yumşaldırdı. Amma günəşin zəiflədilmiş şüaları belə Teorun çəhrayı gözlərini qamaşdırırdı, buna görə də danışarkən əlləri ilə gözünü qorumağa çalışırdı. -Mən düz 25 il Dorlisdə yaşamışam, Brend. Bugün hələ də heç kimin xəbəri olmadığı yerləri araşdırmışam və bəzi şeylər tapmışam. Dorlis bizimkindən çox daha böyük elm və mədəniyyət mərkəzi olub. Bəli, əlbəttə! Xüsusilə psixologiya sahəsində. Brend gülümsündü: -Keçmişdəki şeylər insana həmişə daha böyük görünür. Bu haqda bir teorem də var. İstəsən dərsliklərdə tapa bilərsən. Birinci sinif uşaqları ona GKG teoremi deyirlər. Yəni Gözəl Köhnə Günlər teoremi, bunu bilirsən. Nəisə... Sən davam et. Teor razılaşmadığını hiss etdirərək qaşlarını çatdı. -Səni narahat edən həqiqəti lazımsız etiketlə həmişə bir kənara atırsan. –Qarşısındakını lağa qoymamağa çalışırdı. –Amma sən mənə indi de görüm, psixologiya mühəndisliyi barədə nə deyə bilərsən? Brend çiyinlərini çəkdi. -Elə bir şey yoxdur. Yəni ən azından riyazi olaraq yoxdur. Bütün o təbliğat və reklam təsadüfi tətbiq olunan psixologiya mühəndisliyinin kobud nümunəsidir, bəzən effektiv olur. Bəlkə bunu nəzərdə tutursan. -Xeyr. Mən nəzarət olunan şərtlər daxilində insan kütlələrinin üzərində aparılan həqiqi təcrübələrdən danışıram. İllərlə aparılan təcrübələr. -Buna bənzər mövzular müzakirə olunub. Lakin bunların tətbiq olunması mümkün deyil. Cəmiyyət strukturumuz belə şeylərə çox davam gətirə bilməz. Effektiv nəzarət üçün də kifayət qədər savadlı deyilik. Teor həyəcanını gizlətməyə çalışırdı. -Amma qədim insanlar kifayət qədər bilikli olduqları üçün nəzarət etməyi bacarıblar. Brend astaca soruşdu: -Maraqlı və təəccüblüdür. Bunu haradan bilirsən? -Çünki bu haqda sənədlər tapmışam. –Teor susdu.- Bütün planet, Brend. Uyğun olduğu üçün seçilən nəhəng bir dünya. Hər cəhətdən nəzarət edilən insanlarla dolu bir yer. Tədqiq olunan, siniflərə ayrılmış və üstündə sınaqlar keçirilən qruplar. Vəziyyəti başa düşmürsən? Brend belə bir yer yoxdur deyə düşündü. Amma diqqətlə araşdırılsa...sonra sözlərində əminliklə: -Yəqin yanılırsan. –dedi. –Bu tamamilə qeyri-mümkündür. İnsanlara bu formada nəzarət edə bilməzsən. Çünki işin içində dəyişiklik göstərən xeyli amil var. -Və əsas məsələ də budur ki, onlar insan deyildilər. -Necə? -Onlar robot idi, pozitronik robotlar. Bir dünyanı dolduracaq qədər mexanik məxluqlar. Yaşamaq, reaksiya vermək və həqiqi, yəni insan psixoloqlar tərəfindən müşahidə edilməkdən başqa edəcəkləri heç biri işi olmayan robotlar. -Bu ki dəlilikdir! -Sübutlar tapmışam. Çünki o robot dünyası hələ də var. Birinci Konfederasiya dağıldı, amma o dünya yaşamağa davam etdi. Elə indi də o dünya sapsağlam yaşayır. -Bunu haradan bilirsən? Teor Rilo ayağa qalxdı. -Çünki son 25 ilimi orada keçirmişəm! Şura sədri kənarı bəzəkli rəsmi geyimini kənara atıb, cibindən kobud siqarını çıxardı. -Cəfəngiyatdır, -deyə donquldandı, -bu ki dəlilikdir. Brend: -Elədir ki, var, -dedi. –Mən də bunu birdən-birə şuraya deyə bilmərəm. Mənə qulaq asmazlar. Vəziyyəti əvvəlcə sizə izah etməliydim. Ondan sonra siz də səlahiyyətinizdən istifadə edərsiniz. -Bu çox qəribədir. Heç belə bir şey eşitməmişdim. Bu adam kimdir? Brend köksünü ötürdü. -Onun əcaib adam olduğunu etiraf edirəm. Arkturus Universitetində eyni sinifdə oxumuşuq. Bu albino o vaxtlar dəlinin birisi idi. Heç kimlə yola getmirdi. Fikri zikri qədim dövr tarixindəydi. Ağlına yeni bir şey gələn kimi, bunun üzərində çabalayan insanlardan idi. Deyilənə görə Dorlis sistemində 25 il ora-bura gedib. İndi onda bütün o sivilizasiyanın sənədləri var. -Bəli, bilirəm. Tele-stat seriallarında belə həvəskar birisi həmişə möhtəşəm şeylər tapır. Yalqız çalışan, heç kimə, heç bir yerə bağlı olmayan qəhraman. Cəfəngiyat! Arxeologiya şöbəsinə müraciət etmisən? -Əlbəttə. Nəticəsi qəribə oldu. Heç kim Dorlis ilə maraqlanmır. Məsələ onun qədim sistem olması deyil, on beş min il əvvəli ilə əlaqədardır... Dorlis, demək olar ki, əfsanə sayıldığı üçün nüfuzlu arxeoloqlar onunla maraqlanaraq vaxt itirmək istəmirlər. Ora bir mövzuya ilişib qalmış, kitablara və əfsanələrə düşkün həvəskarın tapa biləcəyi bir yerdir. Amma bundan sonra Dorlisə arxeoloqlar axın edəcək. Təbii ki, Teorun iddiaları doğru olarsa... Şura sədri üzünü eybəcərliklə büzüşdürdü. -Bu heç də qürurverici hadisə deyil. Əgər bütün bunlarda həqiqət payı varsa, onda Birinci Konfederasiyanın psixologiya sahəsində bizdən öndə olduqları aydın olacaq. Biz də axmaq-axmaq danışan səfehlərin gününə düşəcəyik. Pozitronik robotları da unutma. Biz bu barədə hələ də planlar cızırıq. Dorlisin bu nöqteyi-nəzərdən bizdən yetmiş beş dəfə üstün olduğu ortaya çıxacaq. Qalaktika naminə! Bu sahə ilə əlaqəli riyaziyyatı da düşün. -Mənə baxın, cənab. Çoxluğun fikrini almadan və hər ehtimalı araşdırmadan mövzunu sizə deyə bilməzdim. İlk işim Bleykə getmək oldu. O da “Birləşmiş Robotlar” ın riyaziyyatçısıyla danışdı. O, bu cür şeylərin sərhəddi olmadığını; “Zaman, pul və yüksək psixoloji bilik- buna xüsusilə diqqət edin- yüksək psixoloji bilik olsa elə robotlar indi də hazırlana bilər” deyir. -Əlində necə bir sübut var? -Kimin? Bleykin? -Xeyr, xeyr. Dostunun, albinonun. Onda sənədlər olduğunu dedin. -Bəli, var. Hamısı buradadır. Teor xeyli qədim olduğu inkar edilməyəcək sənədlər tapıb. Hamısını da müxtəlif şəkillərdə araşdırtdım. Təbii ki, sənədləri özüm oxuya bilmirəm. Kiminsə oxuyacağını da zənn etmirəm. Teor Rilo istisna olmaqla. -Amma bu simvollu kartlarla oynamağa bənzəmir? Yəni onun iddialarını olduğu kimi qəbul etməliyik. -Bəli, bir baxıma elədir. Amma Teor sənədləri tamamilə oxuya bildiyini iddia etmir. Sadəcə bəzi hissələrini başa düşdüyünü deyir. Yazıların dilinin qədim Sentarkadan törədiyini iddia edir. Sənədləri mütəxəssislərə verdim, onlar araşdırır. Onlar bu dili oxuya biləcəklərini deyirlər. Əgər Teorun tərcüməsi səhv olarsa, bunu da anlayarıq. -Yaxşı, sənədlərə baxaq hələ. Brend Qorla üstü plastik sənədləri çıxardı. Şura sədri digər sənədləri kənara atıb tərcümə olunmuşu götürdü. Oxuyarkən bir yandan da siqarını tüstülədirdi. Nəhayət: -Aha, -dedi. –Yəqin təfərrüatlar Dorlisdədir. -Teor, təkcə pozitronik robotlar haqqında iki-üç yüz ton plan olduğunu deyir. Onlar hələ də Dorlisdəki zirzəmilərdə imiş. Amma əsas odur ki, Teor o robot dünyasına gedib. Onda fotosurətlər, teletayp qeydləri və hər cür məlumat var. Təbii ki, bu məlumatlar Teor tərəfindən bir yerə toplanıb. Bunların psixoloji savadı olmayan biri tərəfindən toplandığı da aydın məsələdir. Yenə də Teor getdiyi planetin normal olmadığını sübut edəcək qədər material toplaya bilib. -Bəs bunlar yanındadır? -Hamısı. Əksəriyyəti mikrofilm şəklindədir. Bunu nəzərə alıb proyektoru da gətirmişəm. Bu da eynəkləriniz. Şura sədri bir saat sonra: -Üzvləri çağıracağam, -dedi. –Bu məsələni şuraya da təqdim edəcəyəm. Brend qəzəblə gülümsünürdü: -Dorlisə komissiya heyəti də göndərəcəksiniz? Şura sədri istehzayla: -Universitetdən pul qopara bilsək, -dedi. –Bu materialı biraz araşdırmaq istəyirəm, hələlik məndə qalsın. Hökumətin Elm və Texnologiya İdarəsi nəzəri olaraq bütün elmi tədqiqatlara nəzarət edirdi. Əslində böyük universitetlərdə tədqiqat aparan qruplar avtonom idi, amma bu universal bir qayda da deyildi. Elə bu səbəbdən şura sədri qaşlarını çatdı, qəzəblə söydü, amma Vin Möri ilə danışmağı rədd edə bilmədi. Çünki bunu edə bilməzdi. Möri nazir müavini idi və psixologiya, psixopatiya və zehin texnologiyaları ilə maraqlanırdı. Həmçinin savadlı psixoloq idi. Şura sədri Möriyə qəzəblə baxırdı. Nazir müavini Möri bu baxışları görməzlikdən gəldi. Uzun çənəsini ovuşduraraq: -Nəticədə bu natamam məlumatdır, -dedi. –Belə demək olar, elə deyilmi? Şura sədri soyuqqanlılıqla: -Hansı məlumatı istədiyinizi bilmirəm, -deyə cavab verdi. –Hökumət universitetlərlə bağlı məsələlərdə sadəcə nəzarətçi rolunu oynaya bilər. Və hazırki məsələdə də hökumətin fikirləri bizi maraqlandırmır. Möri çiyinlərini çəkdi. -Mən pula qarşı deyiləm. Amma hökumətin icazəsi olmadan bu planetdən ayrıla bilməzsiniz. Elə qeyri-kafi məlumat da bu məsələ ilə əlaqədardır. -Sizə bildiriləndən savayı bu məsələ haqqında məlumatımız yoxdur. -Lakin bəzi şeylər artıq ağızdan qaçırılıb. Bütün bu sirr və qəribəlik uşaqcasınadır və lazım deyil. Yaşlı psixoloq qıpqırmızı oldu. -Sirr? Əgər akademik həyat tərzinə bələd deyilsinizsə, bu məsələdə sizə kömək edə bilmərəm. Tədqiqatlar, ələlxüsus da, çox vacib olanları, müəyyən irəliləyiş olmadan ictimaiyyətə açıqlanmır. Açıqlana bilməz. Qayıtdığımız zaman yayımlanacaq tədqiqat məqaləsinin bir nüsxəsini sizə göndərərik. Möri başını xeyr əlaməti olaraq tərpətdi. -Bu kifayət deyil. Siz Dorlisə gedirsiniz, elə deyil? -Bəli, artıq Elmi Şuraya da bildirmişik. -Niyə? -Yaxşı, nə üçün öyrənmək istəyirsiniz? -Çünki bu çox vacib məsələdir. Yoxsa şura sədri ora getmək istəməzdi. O qədim mədəniyyət və robotlar dünyası haqqındakı məsələ nədir? -Aha lap yaxşı, siz hər şeyi öyrənmişsiniz. -Yalnız üstüörtülü bir şeylər öyrənə bilmişik. Mənə məsələnin təfərrüatı lazımdır. -Biz də bundan artığını bilmirik. Dorlisə getmədikcə də öyrənə bilməyəcəyik. -Onda mən də sizinlə gələcəyəm. -Necə? -Çünki mən məsələni təfsilatı ilə öyrənmək istəyirəm. -Nə üçün? -Ah... –Möri ayağa qalxdı. –İndi də siz suallar verirsiniz.Artıq bunun heç bir faydası yoxdur. Universitetlərin hökumət nəzarətini xoşlamadıqlarını bilirəm. Hər hansı akademik mühitin öz istəyi ilə mənə kömək etməyəcəyini bildiyim kimi. Amma Arkturusa and olsun! Bu dəfə kömək tapacağam! Mənlə istədiyiniz qədər mübarizə aparın vecimə deyil. Sizə qoşulmasam qrupunuz heç bir yerə gedə bilməyəcək. Mən də hökumət nümayəndəsi qismində qrupunuza qoşulacağam. Planet olaraq Dorlis xoş təsir bağışlamırdı. Qalaktik iqtisadiyyat nöqteyi-nəzərindən əhəmiyyətsiz planet idi. Böyük ticarət yollarından çox uzaqda yerləşirdi. Yerli əhali geridə qalmış və cahil, tarixi isə qaranlıq və anlaşılmaz idi. Lakin bu qədim dünyanın üzərini örtmüş xarabalıqların altında bir yerlərdə qədim mədəniyyətin kölgə-kölgə izləri- keçmiş günlərdəki Dorlisin, nəhəng I Qalaktik Federasiyanın paytaxtı olan Dorlisin, yüksəlişi və tənəzzülünü təsvir edən sənədlər vardı. İndi isə yeni dünyadan gələn insanlar bu xarabalıqları eşələyir və məsələni anlamağa çalışırdılar. Şura sədri başını buladı və sonra ağarmış saçlarını geriyə atdı. Bir həftə idi ki, üzünü qırxmırdı. Sözə başladı: -Bütün məsələ istinad nöqtəmizin olmamağından irəli gəlir. Dili anlamaq mümkün deyil. Tərcümə olunmuş bir-iki sənəd də bizə heç nə demir. -Bu mövzuda çox şey edilib, məncə. -Qaranlıq və çoban üsulu şeylər... Albino dostunun tərcümələrinə istinad edərək ortaya atılan fərziyyələr. Ümidimi bunlara bağlaya bilmərəm. Brend: -Axmaqlıqdır, -dedi- Nimia Anomaliyası üzərində iki il işləmisiniz, lakin bura gəldiyimiz hələ iki ay olub. Bundan əlavə bu məsələ digərinə nəzərən yüz min dəfələrlə vacibdir. –gülüşü sərt idi. –Hökumət nümayəndəsinin sizi narahat etdiyini sezmək üçün psixoloq olmağa ehtiyac yoxdur. Şura sədri hirslə siqaretindən dişlədiyi parçanı bir metr uzağa tüpürərək dedi: -O inadkar qatıra üç səbəbə qəzəblənirəm: Bir, hökumətin işlərimizə burnunu soxmağını xoşlamıram. İki, psixologiya tarixinin bəlkə də ən vacib məsələsi ilə qarşı-qarşıyayıq və yad birisinin işə qarışmağı məni dəli edir. Üç, qalaktika adına, o nə istəyir? Məqsədi nədir? -Bilmirəm. -Məqsədi nə ola bilər ki? Bunu heç düşünmüsən? -Xeyr. Düzü heç maraqlanmıram da. Sizin yerinizdə olsaydım ona məhəl qoymazdım. Şura sədri qəzəblə: -Bəli, sən elə edərdin, -deyə donquldandı. –Məhəl qoymazdın! Hökumətin bu işə qarışmağına məhəl qoymamağın kifayət edəcəyini zənn edirsən. Yəqin ki, Mörinin özünü psixoloq adlandırdığını da bilirsən. -Bəli, bunu bilirəm. -Və yəqin ki, onun bütün bu elədiklərimizə maraq duyduğunu da bilirsən. -Məncə bu normaldır. -Ah! Və eləcə də... –yaşlı psixoloq səsini alçaldaraq- Möri gəlir. Təşvişlənmə. Vin Möri gülümsünərək otaqdakıları salamladı. Şura sədri başını tərpətməklə kifayətləndi. Möri: -Ah, -dedi- Bilirsiniz, 42 saatdır ayaq üstəyəm? Burada bir şey var. Vacib bir şey. -Təşəkkür edirəm. -Xeyr, xeyr, mən çox ciddiyəm. Robot dünyası həqiqətən var. -Olmadığını düşünürdünüz? Nazir müavini dostyanalıqla çiyinlərini çəkdi. -Təbii ki insan normal olaraq şüphələnir. İndi... Planlarımız nələrdir? -Niyə soruşursunuz?- sanki sözləri şura sədrinin ağzından kəlbətinlə alırdılar. -Planlarınızın mənimkilərə uyğun olub olmadığını anlamaq üçün. -Onda sizin planlarınız nələrdir? Möri güldü: -Xeyr, əvvəlcə siz. Burada nə qədər qalacaqsınız? -Əlimizdəki sənədlər haqqında uğurlu başlanğıc edilənədək. -Amma bu sualıma cavab deyil. “Uğurlu başlanğıc” deyərkən nəyi nəzərdə tutursunuz? -Bilmirəm. Bu uzun illər davam edə bilər. -Ah! Lənət olsun! Şura sədri qaşlarını çatdı. Lakin heç bir söz söyləmədi. Nazir müavini dırnaqlarına baxaraq: -Hərhalda robot dünyasının yerini bilirsiniz- dedi. -Əlbəttə. Teor Rilo oraya gedib. İndiyədək onun dediyi bütün məlumatlar məntiqlidir. -Doğrudur, o albino həqiqəti deyir, bəs oraya niyə getmirsiniz? -Getmək? Bu mümkün deyil! -Səbəbini soruşa bilərəm? Şura sədrinin səbr kasası dolmuşdu. -Bura baxın!, -dedi. – Sizi bura biz çağırmamışıq. Sizdən bizim nə etməyimizi demənizi də istəmirik. Amma sizinlə dava etmək üçün bəhanə axtarmadığımı göstərəcəyəm. Vəziyyətimizi bir bənzətmə ilə izah edim. Təsəvvür edin bizə nəhəng və mürəkkəb aparat verilib. Bu aparat bilmədiyimiz materialdan təşkil olunsun. Aparat o qədər nəhəngdir ki, nəinki onun işləmə prinsipini anlayırıq, heç hissələri arasında əlaqə qura bilmirik. İndi bu, haqqında heç nə bilmədiyimiz aparata- onun sirli parçalarına şüa silahı ilə hücum etməyi tövsiyə edərsiniz? -Nə demək istədiyinizi anlayıram. Lakin bənzətmə qüsurludur. -Xeyr. Mən sizinlə həmfikir deyiləm. Pozitronik robotlar bilmədiyimiz prinsiplərə uyğun olaraq istehsal olunublar. Onları yenə bizim bilmədiyimiz formada işləməsi üçün yaradıblar. Bildiyimiz yeganə şey odur ki, onları öz taleyini yazmaları üçün qalaktikadan tamamilə təcrid ediblər. Onları təkbaşına buraxıblar. İndi o planetə getmək sınağın alt-üst olmağı deməkdir. Qrup olaraq ora getməyimiz əvvəlcədən təxmin edilməyən yeni faktorlar yaratmış olar, arzu olunmayan reaksiyalara yol açar və hər şeyi də məhvetmiş olar. Ən kiçik dəyişiklik... -Cəfəngiyat! Teor Rilo ora gedib! Şura sədri qəzəbini boğa bilməyərək: -Elə bilirsiniz bunu bilmirəm? O lənətlənmiş albinodur, psixologiya haqqında biliyi olmayan cahil fanatikdir! O axmaq, planetə necə zərərlər verib bir qalaktika bilir! Səssizlik oldu. Nazir müavini fikirli-fikirli dırnaqlarını gəmirirdi. -Bilmirəm... Bilmirəm... Amma bunu öyrənmək istəyirəm. Və uzun illər gözləməyə səbrim də yoxdur, -deyərək otaqdan çıxdı. Şura sədri Brendə tərəf çoşaraq: -İstəsə robot dünyasına gedəcək. Ona necə mane ola bilərik? -Biz icazə verməsək gedə bilməz. Xatırladım ki, o, tədqiqatın rəhbəri deyil. -Belə düşünürsən? O, otağa girməmiş mən də sənə bunu deyəcəkdim. Biz Dorlisə gələndən bəri donanmadan 10 gəmi bu planetə enib. -Nə? -Bəli. -Amma niyə? -Mənim də başa düşmədiyim budur, oğlum. Vin Möri kübar formada: -İçəri girə bilərəm? , -dedi. Teor Rilo ani təşvişlə stolundakı dağınıq sənədlərdən başını qaldırdı. -Girin. Sizə yer hazırlayım. –Albino hirsli-hirsli iki stuldan birinin üzərindəki əşyaları götürdü. Möri stula oturaraq ayaqlarını bir-biri üstünə qoydu. -Sizə də burada tapşırıq verilib? –başı ilə stolun üzərini işarə etdi. Teor başını qaldırıb xeyr əlaməti olaraq buladı. Gülümsəməyə çalışırdı. Sonra bütün kağızları üzü qoyulu şəkildə çevirdi. Teor məşhur, ya da məşhur olmayan yüzə yaxın psixoloqla Dorlisə aylar əvvəl qayıtmışdı. Və bu müddətdə get-gedə onu tədqiqatdan uzaqlaşdırmışdılar. Artıq ona ehtiyac yox idi. Gördüyü robot dünyası haqqında sualları cavablandırmaqdan başqa bir işi yox idi. Belə olduqda da digərlərinin Dorlisə bir alim ilə deyil faydasız biri ilə gəldikləri kimi davrandıqlarını sezirdi. İncimək də belə bir şey idi. Hərçənd bu hər zaman belə olmurdu. Teor: -Bağışlayın, nə dediniz? –deyə mızıldandı. Mörinin dediklərini eşitməmişdi. Nazir müavini: -Sizə iş verməmələrinin təəccüblü bir şey olduğunu deyirdim. –dedi- Nə də olmasa buranı ilk siz kəşf etmişsiniz. Elə deyilmi? Albino xoşhallandı. -Bəli! Amma artıq o iş mənim boyumu keçib. -Amma siz o robot dünyasına getmisiniz. -Mənə bu hərəkətimin səhv olduğunu deyirlər. Guya hər şeyi məhv etmişəm. Möri üzünü büzüşdürərək: -Məncə onları qəzəbləndirən odur ki, məlumatı siz toplamısınız. Bilikli, qocaman, tədqiqatçı psixoloqlar yox, məhz siz! Onların bəzəkli ünvanlarının sizi aldatmasına icazə verməyin. Yararsız olduğunuzu düşünməyin. Ağıllı bir diletant kor mütəxəssisdən daha yaxşıdır. Siz və mən hüquqlarımızı müdafiə etməliyik. Mən də bir diletantam... Bir siqaret götürün. -Mən heç siqaret... yaxşı bir dənə götürüm. Təşəkkür edirəm. –Albino qaşısındakı bu uzun boylu şəxsə getdikcə isinişirdi. Stolun üzərindəki kağızları əvvəlki qaydada çevirdi. Sonra siqaretini qəhrəmanlıqla, bir o qədər də təəccüblə yandırdı. –İyirmi beş il... –Teor bu sözləri öskürərək deyirdi. -O dünya haqqında bəzi suallarıma cavab verə bilərsiniz? -Bəli, güman edirəm. Onsuz da, məndən o planetdən savayı heç nəyi soruşmurlar. Amma bu sualları onlardan soruşmalıyıq, elə deyilmi? Hərhalda hər şeyi öyrəniblər. –siqaretinin tüstülərini özündən mümkün olduqca uzağa üfürürdü. Möri: -Daha doğrusu, -dedi. –Bu işə hələ başlamayıblar. Və mən mürəkkəb psixoloji izahlar olmadan məlumat almaq istəyirəm. İndi... sizdən əvvəlcə bunu öyrənməliyəm: robotlar necə insanlardır... ya da şeylər? Hər hansısa birinin foto-qəlibi sizdə varmı? -Əslində, yoxdur. Onların “qəliblərini” almadım. Amma onlar “şey” deyil. Onlar insanlardır! -Deməli elə? Onlar... insanlara bənzəyir? -Bəli, demək olar ki. Heç olmasa xarici görünüşləri bənzəyir. Hüceyrə konstruksiyaları haqqında mikroskopik tədqiqatlarını ələ keçirmişdim. Hamısını gətirmişəm, o sənədlər hal-hazırda şura sədrindədir. Əlbəttə robotların daxili fərqlidir. Hər şey mümkün olduqca sadələşdirilib. Lakin bunu heç anlamırsınız. Hamısı çox maraqlı... və yaxşı kimsələrdir. -Yaxşı, bəs o planetdəki digər canlılardan daha sadədirlər? -Ah, xeyr. Ora çox ibtidai planetdir. Və... və-Teor öskürməyə başladığı üçün sözünü davam etdirə bilmədi. Siqaretini diqqət cəlb etməyəcək şəkildə külqabına basdı. –Əslində protoplazma təməlli məxluqlardır. Özlərinin robot olduqlarına şüphə etmirlər, bundan əminəm. -Bəli, hərhalda elədir. Bəs onların elmi inkişafı? -Bunu bilmirəm. Görmə fürsətim olmadı. Hər şey çox dəyişirdi. Yəqin bunu ancaq bir mütəxəssis anlaya bilərdi. -Maşınları vardı? Albino təəccübləndi: -Əlbəttə. Çoxlu sayda və müxtəlif. -Bəs böyük şəhərləri? -Bəli. Mörinin gözlərindən düşüncəli ifadə vardı. -Və onlardan xoşunuz gəlirdi. Niyə? Teor Rilo təəccübləndi: -Bilmirəm. Sadəcə xoş idilər. Hamı ilə anlaşırdım və məni çox narahat etmirdilər. Dəqiq bir şey deyə bilmərəm. Bəlkə də səbəbi öz dünyamda insanlarla olan soyuq münasibətimdir. Onlar həqiqi insanlar kimi tərs deyildilər. -Çox mehriban idilər? -Xeyr. Bunu deyə bilmərəm. Məni heç vaxt öz aralarına qəbul etmədilər. Mən onlar üçün yad idim. Əvvəllər dillərini də bilmirdim. Belə-belə şeylər... Amma- Albino ani sevinclə başını qaldırdı. –olanları daha yaxşı anlayırdım. Bunu sezə bilirdim. Səbəbini bilmirəm... -Hmm. Bir siqaret daha çəkərsiniz? Xeyr?.. Artıq yatmalıyam. Saat gecdir. Sabah qolf oynayaq? Kiçik sahə yaratmışam. Məncə işə yarayacaq, siz də gəlin. Məşq üçün də yararlı olar. –gülümsünərək otaqdan çıxdı. Öz-özünə bir cümləni donquldandı: “Bu ölüm cəzasına bənzəyir.” Öz otağına gedərkən fikirli-fikirli fit çalmağa başladı. Möri səhərisi gün şura sədrinin qarşısında da bu cümləni təkrarladı. Belinə rütbəsini göstərən kəmər taxmışdı. Stula əyləşmədi. Şura rəhbəri bezgin halda: -Yenə?- dedi. Nazir müavini: -Yenə- deyərək başını tərpətdi. –Amma bu dəfə vəziyyət ciddidir. Tədqiqat qrupuna rəhbər keçməliyəm. -Nə? Bu ola bilməz! Belə tövsiyəni heç dinləmək istəmirəm. -Mənim ixtiyarım var. –Vin Möri silindri uzatdı. Silindr baş barmaq ilə basıldıqda açılırdı. –Tamamilə ixtiyarım var. Onu diqqətlə istifadə etmə icazəm də. Gördüyünüz bu sənədi Federasiya Məclisin sədri imzalayıb. -Aha?.. Amma niyə? –şura sədri zorla da olsa nəfəs almağa çalışırdı. –Özbaşına despot əməl istisna olmaqla nə səbəbə? -Çox yaxşı səbəb var, cənab. Əzəldən bu tədqiqatlara fərqli bucaqlardan baxmışıq. Elm və Texnologiya İdarəsi robot dünyasına elmi maraqlarına görə vaxt ayırmayıb. Onu, bu planetin, federasiyanın sülh dolu yaşayışına təsir edib-etməyəcəyi maraqlandırır. İndi sizin bu robot dünyasının əslində təhlükəli olduğunu düşündüyünüzü zənn etmirəm. -Mən orada bir təhlükə görmürəm. O dünya təcrid edilib. Və son dərəcə təhlükəsiz yerdir. -Buna necə əmin ola bilərsiniz? Şura sədri qəzəblə: -Təcrübələr bunu təsdiq edir! –deyə qışqırdı. –O planeti planlayan insanlar mümkün qədər təcrid olunmuş sistem yaratmaq istəyiblər. O dünya bütün ticarət yollarından xeyli uzaqdır. Kosmosun çox az ulduz cəmləndiyi yerdədir. Onlar robotların heç kimə qarışmadan inkişaf etməsini istəyiblər. Möri güldü: -Bu nöqteyi-nəzərdən sizinlə razı deyiləm. Qulaq asın, sizin dərdiniz nədir, bilirsiniz? Sadəcə fərziyyələrlə maraqlanan insan olmağınız. Siz bir şeyə baxır və onu olmalı olduğu kimi görürsünüz. Bunun əksinə mən təcrübə adamıyam, hər şeyi olduğu kimi görürəm. Heç bir təcrübə öz-özünə sonsuzadək davam edə bilməz. Mütləq yaxınlıqda bir yerdə ən az bir müşahidəçi olur. O, təcrübəni müşahidə edir və lazım olduqda bəzi dəyişikliklər edir. Şura sədri simasını pozmadan: -Aha? –dedi. -Bu təcrübənin müşahidəçiləri yəni Dorlisli psixoloqlar Birinci Konfederasiya dağılanda yoxa çıxıblar. Və təcrübə on beş min il öz-özünə davam edib. Kiçik xətalar birləşib böyük xətaların meydana gəlməsinə səbəb olub. Xarici faktorlar başqa xətalara şərait yaradıb. Bu həndəsi silsilə ilə davam edib və təcrübəni heç kim dayandıra bilməyib. -Xalis hipotez. -Bəlkə də. Amma sizi yalnız robot dünyası maraqlandırır. Mən isə bütün Federasiyanı düşünməliyəm. -Robot dünyası hansı nöqteyi-nəzərdən Federasiya üçün təhlükəli ola bilər? Arkturusa and olsun nə dediyinizi anlaya bilmirəm. Möri köksünü ötürdü: -Sadə izah edəcəyəm. Əgər sözlərim melodramatik səslənərsə məni günahlandırmayın. Federasiyada yüz illərdir vətəndaş müharibəsi olmayıb. Bu robotlarla qarşılaşsaq nə olacaq? -Yəni, siz bircə planetdən qorxursunuz? -Ola bilər. Onların elm sahəsində nə qədər inkişaf etdiklərini bilmirik. Robotlar bəzən çox qəribə şeylər edə bilərlər. -Onlar elmdə nə qədər irəliləyə bilərlər ki? O robotlar polad-elektrikdən təşkil olunmuş supermenlər deyillər! Protoplazmadan ibarət zəif məxluqlardır. Həqiqi insanların yazıq təqlidləri. Pozitronik beyinləri insanların psixolojik qanunlarının sadələşdirilmiş formasıdır. Əgər sizi qorxudan “robot” sözüdürsə... -Xeyr, deyil. Amma mən Teor Rilo ilə danışdım. O robotları yalnız o görüb. Şura sədri ürəyində, səssizcə xeyli söydü. Psixologiya bilməyən axmağın ayaqaltında gəzməsinə icazə vermişdilər. O da boşboğazlıq edib işləri məhv etmişdi. Sonra: -Rilonun əhvalatını əvvəldən axıra qədər dinləmişik. –dedi. -Onu və dediklərini tamamilə, məharətlə dəyərləndirmişik. Əmin olun o robotların heç bir təhlükəsi yoxdur. Təcrübə tamamilə akademik səciyyə daşıyır. Əgər geniş zaman intervalını əhatə etməsəydi onunla heç iki gün də maraqlanmazdım. Bildiyimə görə Dorlislilər fundamental aksiomlarda bir, ya da ikisini dəyişdirərək pozitronik beyin yaratmaq istəyiblər. Təfərrüatlarını hələ tam təyin etməmişik, amma bunlar vacib deyil. Çünki bu sahədə aparılan ilk tədqiqatdır. O zamanların əfsanəvi psixoloqları da addım-addım irəliləmək məcburiyyətindəydilər. Mənə inanın. O robotlar nə supermendir, nə də bir növ heyvan. Sizi... psixoloq olaraq əmin edirəm. -Bağışlayın. Mən də psixoloqam. Çox da kitablara bağlı biri deyiləm. Amma dediyiniz xırda-para dəyişikliklər! Davakar istəyi götürək. Bu elmi termin deyil və onsuz belə şeyləri əzbərləməyə səbrim də yoxdur. Nə demək istədiyimi bilirsiniz. Biz insanlar qədim zamanlarda döyüşçü idik. Amma indi irqimizin bu xüsusiyyəti yavaş-yavaş öz əhəmiyyətini itirir. Sabit siyasi və iqtisadi sistemdə döyüşərək sərf olunacaq enerji itkisinə yer yoxdur. Artıq bu xüsusiyyət insan irqinin yaşaması üçün zəruri deyil. Lakin gəlin robotların döyüşçü ruhlu olduqlarını düşünək. Bəlkə də heç kim onları müşahidə etmədiyi min illər ərzində bir xəta meydana gəldi və onlar səhv yola istiqamətləndilər. Və yaradıcılarının təsəvvür etdiyindən daha çox davakar oldular. Onda o robotlar ilə bir yerdə olmaq insanı çox narahat hiss etdirər. -Ah, bəlkə qalaktikadakı bütün ulduzlar eyni anda nova halına keçə bilər. Gəlin, bunu düşünərək narahat olmağa çalışaq. Möri yaşlı psixoloqun kinayəli sözlərinə məhəl qoymadı. -Bir şey də var. Teor Rilonun o robotlardan xoşu gəlirmiş. Hətta onları həqiqi insanlardan daha çox sevir. Rilo o planet üçün daha uyğun olduğunu düşünür. Eh, biz də onun öz dünyası ilə uyuşmadığını bilirik. Şura sədri: -Sizcə bunun mənası nədir?- deyə soruşdu. -Görə bilmirsiniz? –Vin Möri qaşlarını qaldırdı. –Teor Rilo o robotları sevir. Çünki özü də onlara bənzəyir. Teor Rilonun tam psixi analizi aparılsa, bir-neçə fundamental aksiomda dəyişiklik olduğu ortaya çıxacaq. Robotlardakı dəyişikliklər kimi. Buna öz adım kimi əminəm. Və... Teor Rilo bir şeyi sübut etmək üçün düz 25 il çalışıb. Elm dünyası bunu bilsəydi gülməkdən keçinərdi. Teor Rilo fanatikdir. Yaxşı, dürüst, humanist, dözülməz, əzmlidir və inadkarlığı da var. Eynilə robotlar kimi. -Sözləriniz məntiqli deyil. Bir səfeh kimi mübahisə edirsiniz. -Dəqiq riyazi sübutlara ehtiyac yoxdur. Ağlabatan kiçik şüphə kifayətdir. Mən federasiyanı qorumalıyam. Qulaq asın, əslində bu çox məntiqlidir. Dorlisli psixoloqlar güclü mütəxəssislər deyildi. Dediyiniz kimi addım-addım irəliləməliydilər. Androidləri... onlara robot deməkdən əl çəkin... sadəcə insanların klonları idilər. Bəlkə də çox yaxşı klonlar. Ancaq insanların çox mürəkkəb reaksiya sistemləri var... Vicdan, əxlaq sistemləri qurma arzusu və ədalətli olmaq, comərdlik, mərdlik kimi bildiyimiz şeylər. Və bunları təqlid etmək mümkün deyil. O androidlərdə bu keyfiyyətlərin olduğuna inanmıram. Amma hərhalda əzmlidirlər. Və bu da inad və davakar mənasına gəlir. Təbii ki, Teor Rilo haqqındakı düşüncələrimdə yanılmıram. Bu androidlər elmi cəhətdən inkişaf ediblərsə, onların qalaktikada özbaşına hərəkət etmələrini istəmirəm. Əhalimiz onların min, ya da milyon misli olsa belə. Onların rahatca gəzmələrinə icazə verməyəcəyəm! Şura sədrinin üz cizgiləri gərilmişdi. -Bu aralar nə etmək niyyətindəsiniz? -Buna qərar verməmişəm. Amma, deyəsən, kiçik bir qrupla o planetə getmək fikrim var. -Bir dəqiqə!- yaşlı psixoloq yerindən qalxaraq, stolun ətrafından fırlandı. Nazir müavininin dirsəyindən tutdu. –Nə etdiyinizdən əminsiniz? Bu nəhəng sınağın nəticələrini nə siz təxmin edə bilərsiniz, nə də mən! Nəyi məhv etdiyinizi də bilməyəcəksiniz! -Bilirəm. Etmək istədiyim şeyi çox xoşladığımı zənn edirsiniz? Mən də psixoloqam. Amma məni bura Federasiyanı qorumaq üçün göndəriblər. Mən də bunu əlimdən gəldiyi müddətcə edəcəyəm. Bunun pis bir iş olduğunu bilirəm. Lakin başqa nə edə bilərəm? -Bu hadisənin detallarını düşünmürsünüz. Bəlkə bu sınaq sayəsində psixologiyanın bir çox yeni fikirlərini başa düşəcəyik. Bu iki qalaktikanın bir-birilə qaynaşmasıdır. Əldə edəcəyimiz geniş bilik və güc qarşısında robotların verə biləcəyi zərər bir heçdir. Onlar polad və elektrik qarışıqlı supermenlər olsalar belə! Nazir müavini çiyinlərini çəkdi: -İndi də siz aydın olmayan ehtimallardan danışırsınız. -Gəlin sizinlə anlaşaq. Onlara embarqo tətbiq edin. Gəmilərinizlə ticarətini kəsin. Keşikçilər qoyun. Amma o robotlara ilişməyin. Bizə vaxt verin. Bir fürsət verin, bunu etməməlisiniz! -Bunu mən də düşünmüşəm. Lakin bunun üçün parlamentdən icazə almalıyam. Bu da baha başa gələr. Şura sədri səbirsizliklə stula atıldı. -Siz hansı xərclərdən danışırsınız? Əgər müvəffəq olsaq nələr əldə edəcəyimizi bilirsiniz? Möri fikirləşdi və sonra xəfif gülümsünərək: -Bəs onlar ulduzlararası səyahətə başlayıblarsa necə? Yaşlı psixoloq tələsik: -Onda etirazımı geri alaram. –dedi. Nazir müavini ayağa qalxaraq: -Parlamentə müraciət edəcəyəm. Brend Qorla şura sədrinin donqarlaşmış belinə baxaraq üzündəki ifadəni silməyə çalışırdı. Qoca adamın qrupu cəsarətləndirən sözləri əvvəlki kimi qüvvətli deyildi. Brend Qorla sözləri səbirsizliklə dinləyirdi. Brend: -İndi nə edəcəyik?- dedi. Şura sədrinin çiyinləri əsdi amma geri baxmadı. -Teor Riloyu çağırmışam. O axmaq keçən həftə şərq qitəsinə gedib... -Niyə? Qoca psixoloq sözünü kəsdiyi üçün Qorlaya hirsləndi: -O bədheybətin etdiklərini necə anlaya bilərəm? Möri haqlıdır. Bunu başa düşmürsən? O, psixi baxımdan əcaib məxluqdur. Əslində ona keşikçi təyin etməliydik. Əgər ona ikicə dəfə baxmağı ağlıma gətirsəydim bunu da edərdim. Heç olmasa artıq geri qayıdır. Və burada da qalacaq. –səsi mırıltılı hal almışdı. –İki saat əvvəl gəlmiş olmalıydı. Brend açıq-aşkar: -Vəziyyət pisləşib, cənab. –dedi. -Belə düşünürsən? -Şey... Sizcə parlament robot dünyası ətrafında sonsuza qədər keşikçi gəmilərin hərəkətinə icazə verər? Bu çox bahalı işdir. Və adi qalaktika vətəndaşları buna görə vergi verməkdən boyun qaçıracaqlar. Psixolojik tənliklər pozular və ümumi hissi aksiomlara çevrilərlər. Hətta mən Mörinin parlamentə müraciət etməyi qəbul etdiyini də başa düşmürəm. -Həqiqətən başa düşmürsən? –şura sədri nəhayət gəncə qarşı döndü. –O axmaq özünü psixoloq zənn edir. Əslində robot dünyasını məhv etmək istədiyini fikirləşərək öz-özünə tərif yağdırır. Lakin bunu Federasiyanın xeyri üçün etdiyini dedi və hər hansı uzlaşma yolunu qəbul etməyə hazırdır. Əlbəttə, parlament bu sonsuz keşikçəkmə işinə razı olmayacaq. Bunu mənə xatırlatmağına ehtiyac yoxdur. –yaşlı psixoloq indi səbrlə, asta-asta danışırdı. –Amma mən on il möhlət istəyəcəyəm. Ya da iki il və yaxud 6 ay. Nə qədər olsa. Möhlət almağı bacaracağam. Və bir də o müddətdə robot dünyası haqqında yeni məlumatlar əldə edəcəyik. Tədqiqatımız davam edəcək. –Bir müddər səssizlik oldu. Sonra şura sədri əlavə etdi. –Və Teor Rilo da bu məsələdə çox vacib rol oynayacaq. Brend Qorla səssiz-səssiz psixoloqa baxırdı. Şura sədri: -Möri bu nöqteyi-nəzərdən bizim görmədiyimiz bir şeyi gördü. –dedi. –Rilo psixi olaraq əlil insandır. Və hər şeyin açarı da budur. Onu tədqiq etsək o planetdəki robotların necə varlıqlar olduqları haqqında məlumat əldə edə bilərik. Təbii ki, bu səthi bir şey olacaq. Həmçinin təhrif edilmiş. Çünki Rilonun mühiti dost olmayan, düşman bir mühitdir. Amma bunu da nəzərə alar, Rilonun şəxsiyyətini... Of... bu işdən bezmişəm artıq! Qapı zənginin işığı yandı. Yaşlı psixoloq köks ötürərək: -Gəldi. Yaxşı, Qorla. Sən də burada otur. Əsəblərimi pozursan, gəl Rilonu görək. –dedi. Albino otağa daxil oldu. Sonra nəfəs-nəfəsə otağın ortasında dayandı. Zəif gözləri ilə gah şura sədrinə, gah da Brendə baxırdı. -Bütün bu hadisələr necə oldu? Şura sədri soyuq tərzdə: -Bütün nələr? –deyə soruşdu. –Otur. Səndən bəzi şeyləri soruşmaq istəyirəm. -Xeyr! Əvvəlcə siz mənim sualıma cavab verin! -Otur! Rilo əyləşdi. Gözləri dolmuşdu. -Robotların dünyasını məhv edəcəklər. –dedi. -O barədə narahat olma. -Amma ulduzlarası səyahət etməyi bacarsalar belə olacağını demişdiniz, elə deyilmi? Səfeh! Başa düşmürsünüz?- Albino boğularaq susdu. Şura sədri mısmırığını salladı. -Sakitləşə və normal danışa bilərsən? Rilo dişlərini sıxdı və danışa bilmək üçün çabaladı. -Amma onlar çox yaxın zamanda kosmosa səyahət edəcəklər. İki psixoloq da kiçik albinoya tərəf atılaraq: -Nə? –dedilər. -Şey... Bəs nə zənn edirdiniz? –Albino çarəsizliyin səbəb olduğu qəzəblə yerindən qalxdı. –Siz mənim kimsəsiz səhraya, ya da okeana düşdüyümü və nəhəng dünyanı özbaşıma tədqiq etdiyimi düşünürsünüz? Həyatın bir hekayə kitabı olduğunu düşünürsünüz? Məni planetə endiyim anda tutdular və o böyük şəhərə apardılar. Daha doğrusu mən oranın böyük şəhər olduğunu zənn edirəm. Ora bizim şəhərlərdən çox fərqli idi. Və... amma bunları sizə danışmayacağam. Şura sədri: -Şəhəri unut indi. –deyə çığırdı. –Səni tutdular. Sonra? Davam elə! -Məni də, kosmik gəmimi də tədqiq etdilər. Sonra bir gecə Federasiyaya xəbər vermək üçün oradan qaçdım. Getdiyimi bilmədilər. Oradan getməyimi istəmirdilər. –Albinonun səsi titrəməyə başlamışdı. –Əslində mən də orada qalmaq istəyərdim. Amma Federasiya vəziyyətdən xəbərdar olmalıydı. -Onlara kosmik gəmin haqqında nələr söylədin? -Nə deyə bilərəm ki? Mənim gəmilərdən başım çıxmır. Onların hansı nəzəriyyəyə görə hərəkət etdiklərini də bilmirəm. Lakin idarə etməni izah etdim və motorlara baxmağına da icazə verdim. Elə bu qədər. Brend Qorla sanki öz-özünə danışırmış kimi: -Elə isə heç vaxt kosmosa ayaq basmayacaqlar. –deyə mırıldandı. –Bu məlumat onlar üçün kifayət deyil. Albinonun səsi birdən-birə yüksədi və qalibiyyət çığırtısına çevrildi: -Bəli, kosmosa uçacaqlar! Mən onları tanıyıram. Hamısı robotdur. Bu kosmik gəmi məsələsi haqqında dayanmadan çalışacaqlar. Dayanmadan, dayanmadan! Heç vaxt imtina etməyəcək və nəhayət istədiklərinə nail olacaqlar. Məndən kifayət qədər məlumat alıblar. Bəli, bu məlumatın kifayət etdiyinə əminəm. Şura sədri uzun müddət Teora baxdı. Nəhayət bitkin halda: -Bunu bizə niyə deməmisən? -Çünki siz mənim dünyamı əlimdən aldınız. Buranı mən kəşf etmişəm. Mən canla-başla çalışdıqdan sonra sizi çağırmışam, siz də məni qrupunuzdan çıxardınız və ancaq tənqidlər yağdırdınız. Robotların dünyasına getmiş və bütün təcrübəni məhv etmişdim. Bunları sizə niyə deməliydim? Madam ki, məni bir heç kimi qəbul edəcək qədər ağıllı idiniz, həqiqəti də siz tapa bilərdiniz. Şura sədri o çox eqoistdir deyə düşündü. Hər kəsin ona işkəncə çəkdirdiyini düşünür. Bütün bunlar bir-birilə uyğundur. Nəhayət gözlərimizi uzaqlara zilləməkdən əl çəkib yaxınlığımızdakına baxmalıyıq ki, həqiqəti görə bilək. Bəli, artıq hər şey məlum oldu. Sonra: -Yaxşı, Rilo, -dedi. –Hamımız uduzduq. Artıq gedə bilərsən. Brend Qorla qəzəblə: -Doğrudan hər şey qurtardı? –deyə soruşdu.- Həqiqətən? Yaşlı psixoloq cavab verdi: -Doğrudan da qurtardı. O nəhəng təcrübə. Hər şey bitdi. Rilonun təcrübəyə qarışmağının yaratdığı fəsad bəlkə də çox ciddi idi. Bəlkə də burada araşdırdığımız sənədlər artıq ölmüş bir dillə yazılıb. Və onsuz da... Möri haqlıdır. Onlar ulduzlararası səyahəti kəşf etsələr bu bizim üçün təhlükəli olacaq. Cavab verən olmadı. Albino isə çığırmağında davam edirdi: -Oraya qayıdıb, onları xəbərdar edəcəyəm! Onda hazırlıqlı olacaqlar! Onlara xəbər verəcəyəm! Geriyə-qapıya doğru gedirdi. Gözləri qızarmışdı, tək-tük olan ağ saçları sanki biz-biz durmuşdu. Albino bayıra çıxarkən şura sədri onu dayandırmaq üçün heç nə etmədi. -Qoy getsin. O bu işə ömrünü hədər edib. Artıq bu məsələ ilə maraqlanmayacağam. Teor Rilo robot dünyasına gedirdi. Yüksək sürətə görə çox çətin nəfəs ala bilirdi. Qabağında toz dənəciyi kimi duran bir planet vardı. Heç bir yerlə əlaqəsi olmayan bir planet, süni insanlar artıq sonlanmış təcrübənin qaydalarına uyğun olaraq çabalayırdılar. Onlar üçün ölüm cəzasından fərqsiz olan bir məqsədə tərəf irəliləməyə çalışırdılar. Kosmik səyahət edə bilmək məqsədinə tərəf. Teor Rilo o dünyaya tərəf gedirdi. Onu tutaraq “tədqiq etdikləri” o böyük şəhərə gedirdi, Albino oranı çox yaxşı xatırlayırdı. Şəhərin adını da bilirdi. O dildə öyrəndiyi ilk sözlər də bunlar idi: Nyu-York. Tərcümə edən: salvorhardin (Həvəskar tərcümə)
  4. Endi Veyr- Yumurta (qısa hekayə)

    Ölərkən evinə gedirdin. Maşın qəzası baş vermişdi. Elə ciddi bir şey olmasa da qəza ölümcül idi. Geridə arvadını və iki övladını yetim qoydun. Ağrısız ölüm idi. Təcili yardım həkimləri gələndə iş-işdən keçmişdi, elədikləri faydasız idi. Mənə inan, bədənin tikə-tikə olmuşdu. Və mənimlə tanış oldun. “Nə... Nə oldu?” deyə soruşdun. “Haradayam” dedin. “Ölmüsən” dedim, həqiqəti söyləyirdim. Təsəlli edici sözlərə ehtiyac yoxdur. “Yük maşını... Yolda sürüşən yük maşını vardı...” “Bəli” dedim. “Mən... Mən ölmüşəm?” “Bəli. Amma kədərlənmə. Hər kəs əvvəl axır ölür.” dedim. Ətrafına baxırdın. Heç bir şey yox idi ətrafda. Təkcə sən və mən. “Bura haradır?” deyərək soruşdun. “Axirət mi?” “Həm bəli, həm xeyr.” Dedim. “Sən tanrısan?” deyə soruşdun. “Bəli” deyərək cavabladım. -Mən tanrıyam. “Bəs uşaqlarım... arvadım?” dedin. “Onlara nə olub?” “Yaxşı olacaqlar?” “Elə əsas meyarım da budur.” dedim. “Az əvvəl ölmüsən və tək dərdin ailəndir. Yaşadığın yerdə bu çox yaxşı haldır.” Mənə sehrlənmiş kimi baxırdın. Sənə görə Tanrıya heç bənzəmirdim. Adi insan kimi idim, elə sən kimi. Bəlkə də qadın kimi görünürdüm gözünə. Bəlkə də qeyri-müəyyən avtoritar fiqur kimi. İbtidai sinif müəllimi kimi güclü birisi. “Kədərlənmə”, dedim, “Yaxşı olacaqlar. Uşaqların səni hər tərəfli yaxşı biri olaraq xatırlayacaqlar. Səni rişxənd edəcək qədər böyüməyiblər. Arvadın bayırda ağlayaraq rahatlayacaq. Düzünü desək, evliliyin çökməkdə idi. Təssəlli istəyirsənsə, artıq arvadın rahatladığı üçün xeyli günahkar hiss edəcək özünü.” “Ah” dedin. “Bəs indi nə olacaq? Cənnətə, ya da cəhənnəmə gedəcəyəm?” “İkisinə də deyil”, dedim. “Reinkarnasiya olacaqsan.” “Nə?” dedin. “Deməli hindular haqlı imiş.” “Bütün dinlər özlərinə görə haqlıdır.” Dedim. “Mənlə gəzək.” Boşluqda gəzərkən “Hara gedirik?” deyə soruşdun. “Əslində heç bir yerə”, dedim. “Sadəcə söhbət edərkən gəzmək xoş olur.” “Onda mənası nədir?” deyə soruşdun. “Yenidən doğulduğumda boş lövhə kimi olacağam, elə deyil mi? Bir körpə. Yəni bütün təcrübələrimin və bu həyatta etdiyim heç nəyin əhəmiyyəti qalmayacaq.” “Elə deyil!” dedim. “Keçmiş həyatlarındakı təcrübə və biliyin hələ də içindədir. Sadəcə onları xatırlamırsan.” Dayandım və sənin çiynindən tutdum. “Ruhun xəyalına gətirə bilməyəcəyin qədər möhtəşəm, gözəl və böyükdür. Bir insan zehni kiçicik hissə qədər səni vəhdətində saxlayır. Sanki temperaturunu hiss etmək üçün əlini içinə saldığın bir stəkan isti su kimi. Kiçik bir parçan stəkanla əlaqəyə girir və nə olduğunu anlayanda bütün təcrübələrini qazanırsan.” “Son 48 ildir bir insan içində idin, yəni hələ də sonsuz şüurunu tam kəşf etməmisən. Əgər burada çox dayansaq, hər şeyi xatırlayacaqsan. Bunu hər dəfə bura gəldikdə yaşamaq məcburiyyətində deyilsən.” “Əvvəllər də reinkarnasiya keçirmişəm?” “Xeyli dəfə. Həddən artıq çox.” Dedim. “İndi isə 450-ci illərdə yaşayan Çinli kəndli qız olacaqsan.” “Dayan, necə?” deyərək kəkələdin. “Məni zamanda geri yollayırsan.” “Nəzəri olaraq bəli. Sənə məlum zaman yalnız sizin kainatınızda var. Mənim gəldiyim yerdə hər şey fərqlidir.” “Sən haradan gəlmisən?” dedin. “Ah, demədim? Mən başqa yerdən gəlmişəm. Və orada mənim bənzərlərim var. Orada nələr olduğunu bilmək istədiyini bilirəm. Doğrusu, sənə desəm belə anlamayacaqsan.” “Hmm.” Dedin və biraz duruxdun. “Amma dayan. Əgər zamanda fərqli yerlərə reinakarnasiya olsam onda özümlə də qarşılaşa bilərəm.” “Təbii ki. Bu hər zaman olur. Amma hər iki həyat da sadəcə öz ömürlərini dərk edə bilirlər. Nə olduğunu anlamayacaqsan.” “Onda bütün bunların mənası nədir?” “Ciddisən?” deyə soruşdum. “Ciddi-ciddi həyatın mənasını soruşursan? Bu sual şablon deyil səncə?” “Əlbəttə, amma yetərincə yerində sualdır.” deyərək inadlaşdın. Gözlərinə baxırdım. “Həyatın mənası və bütün kainatı yaratmağım sənin yetkinləşməyin üçün idi.” “Bəşəriyyəti nəzərdə tutursan? Yetkinləşməyimizi istədin?” “Xeyr, yalnız sən. Bütün kainatı yalnız sənin üçün yaratdım. Hər yaşayışında bilikli, yetkin və daha böyük zəkaya sahib olursan.” “Yalnız mən? Bəs qalanları?” “Başqa heç kim yoxdur.” dedim. “Bu kainatda bircə sən və mən varıq.” Mənə boş-boş baxmağa başlamışdın. “Amma dünyadakı o qədər insan?...” “Hamısı sənsən. Sənin bədənləşmiş müxtəlif vəziyyətlərin.” “Dayan. Mən hər kəsəm?” “Yavaş-yavaş anlayırsan.” dedim və çiyninə vurdum. “Yaşamış və yaşayan hər kəs mənəm?” “Bəli, yaşamış hər kəs.” “Mən Avraam Linkoln idim?” “Və Con Vilkes Butsan da” deyərək əlavə etdim. “Hitler mənəm?” dəhşətə düşərək soruşdun. “Və onun öldürdüyü milyonlarla insan da sən idin.” “Mə İsayam?” “Və onu təqib edən hər kəs də.” Səssizlik çökdü ətrafa. “Nə vaxt ki, birini öldürürdün” dedim “əslində özünü öldürürdün. Etdiyin hər bir yaxşılığı özünə edirdin. Hər hansı bir insan tərəfindən dadına varılmış bütün yaxşılıq ya da şər də, sənin tərəfindən dadına varılmışdı.” Uzun müddət düşündün. “Niyə?” deyə soruşdun. “Nə üçün bunları etdin?” “Çünki bir gün, sən də mənim kimi olacaqsan. Çünki bu sənsən. Mənim növümdənsən. Və sən mənim övladımsan.” “Vayyy” dedin inanmayaraq. “Yəni mən tanrıyam?” “Xeyr, hələ deyilsən. Hələ sadəcə rüşeymsən. Böyüyürsən. Bütün bu vaxt ərzində yaşayacaq saysız insan həyatı yaşadıqdan sonra yetkinliyə çatacaqsan və tanrı olmaq üçün kifayət qədər böyümüş olacaqsan.” “Yəni bütün kainat” dedin. “Sadəcə...” “Bir yumurta” deyərək cavabladım. “İndi isə növbəti həyatını yaşamaq zamanın gəlib çatdı.” Və səni yolladım. Tərcümə: Mövlüd Məmmədli (Həvəskar tərcümədir)
  5. Ən təsirli qısa hekayələr

    "Dünyadakı son insan otaqda otumuşdu. Qapı döyüldü." - Fredric Brown "The Knock" Paylaşım üçün təşəkkürlər.
  6. Hədiyyə verilməli 10 kitab

    Adları belə list kimi yoxdur, hazırlanmış kataloq kimidir. İstəsəniz onu yollayım. Arxiv özü 2.55 gb dır.
  7. Hədiyyə verilməli 10 kitab

    İndilərdə ən gözəl hədiyyə ediləcək kitab Andy Weir "Marslı" sıdır. Söz elektron kitabdan açılmışkən 2500-ə yaxın epub formatda türkçə kitablarım var, istəyən olsa pm katalog göndərə bilərəm. Paylaşmaq gözəldir
  8. Cek London - Martin İden

    Əsərdən xəbəri olmayan və bəlkə də yaxın zamanda oxumaq istəyən üçün hadisələrin gedişatı deyərək- ki romanın sonunu "spoiler" qoymadan açıq-aşkar yazmaq necə maraqlı ola bilər? Mən kitab oxumaq istədikdə və ya film izləmək olsun spoiler görməmək üçün o adda heç bir linkə daxil olmuram, inanıram ki, bir çox kitabsevər də bunu istəməz. Digər məsələyə gəldikdə isə, postun əvvəlində "xronoloji yaxud dəyərləndirmə" yazılıb-yazılmaması mənə qadağan etmir ki, postun nə olduğunu deməyim. Bəli, hadisələrin səthi xronologiyasından ibarətdir və kitabı oxumamış birinə çox ciddi zərər verə bilər. Bu postu oxuyan birisi gedib bu kitabı oxumaz. Mənim tənqidim dəyərləndirməyə (ortada olmayan bir şey) qarşı bir tənqid deyildi, diqqət edin; yazı üslubu və xronoloji sadalamanı tənqid etdim. Yetkin bir insanın kitab haqqında bir şeylər qaralamaq istəyinin hadisələri xronloji sadalamadan ibarət olmamalı olduğunu düşünürəm. Hər nəysə, müzakirəni uzadıb postu kirlətməyəcəyəm. Ümid edirəm nə demək istədiyim anlaşılıb. Gününüz xoş olsun.
  9. Cek London - Martin İden

    Martinin camaşırxanada işlədiyi vaxtlarda gördüyü mənzərəni misal gətirmək olar; kapitalizmin insanı hansı vəziyyətə salmağı, bunun nəticəsində insanın öz təbiətinə yadlaşmasından bəhs olunmayıb. Daha sonra romanın qəhrəmanı Martin İden Cek Londona bənzəyir, amma bu tam bənzərlik demək deyil. Martin individualdır və qəhrəmanın sonda yalnız qalması bunla bağlıdır, bunun əksinə Cek London sosialistdir və cəmiyyətin dəyişdirilməsini, öz komasına çəkilərək yazılar yazmaqla mümkün olmayacağını,yazmaqla bərabər bunları həyata keçirməyin labüdlüyünü dərk edən birisidir. Yəni, individual şəxsiyyət əvvəl-axır bu sona məhkumdur və kapitalizm individualist şəxsiyyətlərin varlığından narahatlıq duymur, əksi olanda kapitalizm qorxuya düşür. Bu və bənzəri mövzulara toxunulmadan sadəcə Rufa olan sevgidən danışmaq və romanı kasıb birinin yüksəlişi və məhəbbəti kimi dəyərləndirmək çox səthi yanaşmadır. Roman nəinki məhəbbət romanıdır, əksinə kapitalist cəmiyyətin analizi və bunun qarşısında duran individualist qəhrəmanın yüksəlişidir. Yazı roman dəyərləndirməsi deyil, baş verənlərin xronoloji izahıdır. Təbii ki, tənqidim xoş qarşılanmaya bilər, normaldır. Və çıxıb birisi deyəcək ki, bəyənmirsən özün yaz, mız qoyma və s. və s. Yazmaq məcburiyyətində deyiləm, amma yazılan bir şeyə fikir bildirməyə də bilmərəm
  10. Cek London - Martin İden

    Yazının əvvəlində "Spoiler" olsa idi yaxşı olardı. Bundan əlavə elə qeyd olunub ki, guya "Martin İden" məhəbbət romanıdır. Romandakı cəmiyyətin sosial həyatı, mövcud quruluşun çatışmazlıqları və bunu Martinin dilindən eşitdiyimiz hissələrə toxunulmayıb.