Search the Community

Showing results for tags 'əsər'.

Found 9 results

  1. “Forbes” jurnalının maraqla gözlənilən “Ən çox qazanan yazarlar” siyahısı nəhayət açıqlandı. Siyahının başında yenə James Patterson dayanır.E. L. Jamesdən George R. R. Martinə qədər dünyanın ən çox gəlir əldə edən yazarları bu il cəmi 355 milyon dollar qazanıblar. 1. James Patterson - 89 milyon dollar Az qala maşın kimi işləyən James Patterson hər il rəqiblərindən böyük fərqlə seçilməyi bacarır. İldə orta hesabla 16 kitab çap edən yazarın ötən ilki qazancı 90 milyon təşkil etmişdi. 2. John Green - 26 milyon dollar Gənclər arasında daha çox rəğbət qazanan Green, qazancının böyük hissəsini “The Fault in Our Stars” romanı sayəsində əldə edib. Sadəcə ABŞ-da 3,5 milyondan çox nüsxə satılan romanın əsasında film çəkilib. 3. Veronica Roth - 25 milyon dollar 26 yaşındaki Roth siyahınınən gənc yazarıdır. “Divergent” trilogiyası ilə 2014-2015-ci illər arasında 3,9 milyon dollar qazanıb. Trilogiyanın “Tərəfdar” (Insurgent) adlı ikinci kitabı ekranlaşdırılıb. Filmin kassa gəliri 295 milyon dollar olub. 4. Danielle Steel - 25 milyon dollar Danielle Steel-in 94 kitabı, 1973-cü ildən bəri ən çox oxunanlar sırasında yer alır. 5. Jeff Kinney - 23 milyon dollar “Diary of a Wimpy Kid”in müəllifi Jeff Kinney siyahının yuxarı hissəsindəki yerini bu il də qoruyur. 45 dilə çevrilən əsər müəllifə böyük sərvət qazandırıb. 6. Janet Evanovich - 21 milyon dollar “Stephanie Plum” silsiləsinin müəllifi olan Janet Evanovich, bu il ərzində daha 3 kitab çap etdi. 7. J. K. Rowling - 19 milyon dollar J.K. Rowling illərdir siyahıda yerini qoruyanlardan hesab olunur. 8. Stephen King - 19 milyon dollar Stephen King yazıçılıq karyerası boyunca qazandığı 433 milyon dollarla “Forbes”un siyahısında hər zaman yuxarı pillələrdə qərar tutub. 9. Nora Roberts - 18 milyon dollar Karyerası müddətində 220-dən çox romana imzasını atıb. O, yuxarı yerlərdə Stephen King ve Danielle Steel kimi yeni yazdığı romanları ilə deyil, əvvəlki romanları sayəsində qərarlaşıb. 10. John Grisham - 14 milyon dollar 1988-ci ildən üzü bəri hər il yeni bir kitab çap edən yazıçının “Gray Mountain” romanı 2014-cü ildə 620 min nüsxə satılıb. 11. Dan Brown - 13 milyon dollar Ötən il 28 milyon dollarla siyahıda ikinci yerdə idi. Bu məğlubiyyətinin acısını yazıçının gələn il çap edəcəyi yeni romanıyla çıxaracağını deyirlər. 12. Suzanne Collins - 13 milyon dollar “Aclıq oyunları” (The Hunger Games) əvvəlki kimi satılmasa da Collins-in qazancı əsasən əsərlərinin ekranizasiyasından gəlir. Onun əsərinə çəkilmiş film 752 milyon dollar gəlir gətirmişdi. 13. Gillian Flynn - 13 milyon dollar “İtkin qız”ın müəllifi olan Flynn də film sayəsində qazanc əldə edən yazarlardandı. Romanın kino variantı 368 milyon dollar gəlir gətirib. 14. Rick Riordan - 13 milyon dollar Riordan fantastik ədəbiyyat və gənclər üçün yazdığı əsərləri ilə bu sahənin ən çox gəlir əldə edənlərindəndir. 15. E. L. James - 12 milyon dollar “Bozun əlli çaları” trilogiyası və ardınca onların ekranlaşdırılmasından kifayət qədər böyük məbləğdə qazanc əldə edən Jamesin ötən ay çap olunan “Boz” əsəri ilə gələn il də ön sıralarda yer alması gözlənilir. 16. George R. R. Martin - 12 milyon dollar “Taxt oyunları”nın (Game of Thrones) yazarı da yaxşı qazanır. Yazıçı hazırda diqqətini seriyanın növbəti əsəri olan “Qış küləyi” (The Winds of Winter) üzərinə cəmləyib. avropa.info
  2. Lənətlənmiş roman - Master və Marqarita

    Mixail Bulqakovun “Master və Marqarita” romanı ətrafında gəzən söz-söhbət bitmir.Zarafat deyil, bu əsəri ekranlaşdıran, səhnələşdirən, yaxud orada rol alan aktyorların həyatında mütləq faciəli hadisələr baş verir. Əsərin baş qəhrəmanı Volandın bir sitatını xatırlamamaq olmur: “Bu roman hələ sizə çox sürprizlər gətirəcək”.Volandın xəbərdarlıq etdiyi “sürprizlər”lə üzləşənlərin halına acımamaq olmur. Əvvəla onu qeyd edim ki, kifayət qədər populyar olan bu roman Rusiyada dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb. 1972-ci ildə Andrey Vayda “Pilat və başqaları” adlı film çəkir. Ad başqa olsa da, süjet xətti “Master və Marqarita”nı xatırladırdı. Filmin çəkilişləri bitən kimi Yeşua obrazını canlandıran aktyor sirli şəraitdə öldü. Elə həmin il bu mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkdilər. Lakin filmin nümayişı İtaliyada qadağan olundu, rejissor isə ölkədən qovuldu. O, sonradan yad ölkədə kasıbçılıq içində öldü. 1990-cı illərdə Moskvanın “Cənub-Qərb Teatrı”nda “Master və Marqarita” səhnələşdirildi. Voland obrazını canlandıran Viktor Avilov özünü pis hiss etməyə başladı. Aktyor pis ruhlardan qorunmaq üçün üzərində xaç gəzdirirdi. Amma bu kömək etmədi. Tamaşanın premyerasından sonra həkim müayinəsindən keçən Avilovda xərcəng xəstəliyi aşkarlandı. Aktyor Dmitri Düjev də bu romanı lənətlənmiş hesab edir. O, hələ institutda oxuyarkən “Master və Marqarita” əsərindən diplom işi kimi hansısa rolu məşq edirmiş. Qəfildən onun kiçik bacısı dünyasını dəyişdi. Üstündən bir neçə il keçəndən sonra Düjev teatrların birində yenə də “Master və Marqarita”da rollardan birini oynamaq üçün təklif alır. Təklifi qəbul edir və tezliklə buna peşman olur. Az vaxt ərzində aktyorun atası və anası dünyasını dəyişir. Maraqlıdır ki, rejissor Vladimir Botko bu lənətlənmiş romanı ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş vermədi. Lakin film ekranlara çıxandan sonra serialda rol almış, Rusiyanın ulduz aktyorları – Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov, Vladislav Qalkin, Valeri Zalatuxin dünyalarını dəyişdilər. Qərbdə də belə lənətlənmiş əsərlər var. Xarici aktyorlardan heç kim Şekspirin “Maqbet” əsərində rol almaq istəmir. Axı bu əsəri ekranlaşdırmış, səhnəyə qoymuş, yaxud orada rol almış adamların hamısının həyatında faciəli hadisələr baş verib. İlqar Atabəyli
  3. Bu gün haqqında məlumat verəcəyim kitab 1982 Nobel Ədəbiyyat Mükafatı sahibi Gabriel García Márquez'e aiddir. Kitabın adı bir qədər etikadan kənar səslənsə də kitabda yazıçı vulqarizmə çox yer verməyib. 100 səhifədən ibarət bu balaca kitabı bir neçə saat içərisində oxuyub qurtarmaq olar. Əsərdə oxucunu narahat edən, məqamlar demək olar ki yoxdu.Buna baxmayaraq Qabriel Markesin 2004-cü ildə qələmə aldığı sonuncu romanı olan “Hüznlü fahişələrim” 2007-ci ildə İranda qadağan olunmuşdur. Buna səbəb isə əsərdə 90 yaşda bir kişinin 14 yaşında gənc bir qızla yaşadığı eşqdir. Yəni 90 yaşında bir kişi 14 yaşında bir qızı sevə bilər? Cütlüklərin arasında 10 yaş fərq olduqda insanlar bunu təəccüblə qarşılayır, birdə qaldı 76 yaş fərq ola... Həralda ağlasığmaz və imkansız bir eşq olar "Hüzünlü Fahişələrim" həcmcə kiçik olsa da insanın həyatının mərtəbələrini məharətlə gözlər önünə sərir. Və insanın 90 yaşında da olsa birini sevə biləcəyini bildirir. İnsan yaşlandıqca bir çox qüvvəsini, şəhvəti itirdiyi bilinən gerçəkdir. Ancaq nə qədər ki, varıq ürək bizimlədir, o döyünür, onda sevgi də bizimlə olacaqdır. Sevməyin həyatımız boyu edə biləcəyimiz ən gözəlşey olduğunu bir daha sübut edir bizə... Ancaq həyatı onsuz da bir çox qadının yatağında keçmiş insanın, 90 yaşında aşiq olması bələ də taleyin ona etdiyi kiçik zarafatlardan biridir. Bilə bilmərik... Deyilənə görə yazıçının bu kitabı satışa təqdim edilmədən əvvəl piratı çıxdığına görə Markes əsərin son hissəsini dəyişdirib yenidən çap etdirmişdir. Kitabdan seçdiklərim: Hər dövrün öz əxlaqı var...Qocalığın ilk simptomu - insanın öz atasına oxşamağa başlamasıdır.Elə bir qoca yoxdur ki, gizlətdiyi xəzinənin yerini unutsun. (Siseron)Dünya irəli gedir, lakin əvvəlki kimi Günəş ətrafında fırlanır.Uzun və ləyaqətli həyatı xoşbəxt sonluqla tamamlayıram, amma ölməyə azca da niyyətim yoxdur.Onun hələ də xəcalətdən qızarmaq kimi eleqant keyfiyyəti var.Həmin an düşündüm ki, qocalığın ləzzətlərindən biri səni artıq oyundankənar vəziyyətdə hesab edən tanış cavan qadınlarla dilxoşluqdur.İlk gecədə onunla yaxınlıq etməyən kişini qadın heç vaxt bağışlamaz.Real baş vermiş şeylər yaddan çıxa, heç vaxt baş verməyənlər, sanki baş veribmiş kimi yaddaşda qala bilər.İyirmi yaşında – təvazökar məşuqə, qırxda – yüngül əxlaqlı xanım, yetmişdə - Babil şahzadəsi, yüzdə - müqəddəs.Dünyanı hərəkətə gətirən məğlubedilməz güc xoşbəxt eşq yox, bədbəxt eşqdir.Eşqsiz seks- sevgidən divanə olmayanların təsəllisidirQısqanclıq həqiqətdən çox bilir.Başqalarının sənin haqqında təsəvvürü necədirsə, əvvəl-axır o cür də olursan.Bu, çeçələ barmağa ərə getmək kimi bir şeydir, amma əvəzində bilirdim ki, o ancaq və ancaq mənimdir.
  4. Herman Hesse - Yalquzaq

    Herman Hessenin bu romanı 1927-ci ildə yayımlanmışdır. Yalquzaq, Hermann Hesse'nin, cəmiyyətin dayaz dəyər mühakimələrinə və şəxsiyyətsiz, səthi həyatına uyğunlaşma təmin edə bilməyən bir insanı izah edən bir romanıdır. Hesse bu romanı üçün, 1961-ci ildə " oxucularımızın çoxu Yalquzaq'ın əhvalatının insanı gəmirən bir xəstəlikdən və böhrandan söz etdiyini amma bütün bunların ölümə və yox olmağa deyil, tərsinə yaxşılaşmağa istiqamətli olduğunu anlarsa özümü xoşbəxt hiss edəcəyəm." demişdir.Yalquzaq, Hermann Hesse'nin köhnə egolarından biri olan baş fiqur Harry Haller'in dərin ruhi xəstəliyinin törədildiyi hekayədir. Haller öz şəxsiyyətinin hissələrə ayrılmasından yaranıb: insancıl, xalqa uyğun yanı ilə yalquzaq, yalnız, ictimai və mədəni hadisələri tənqid yanı bir-biriylə döyüşü halındadır və bu döyüşü davamlı Haller'in önünə bir maneə olaraq çıxmaqdadır. Təxminən 50 yaşında olan Harry Haller 25 il əvvəl ziyarət etdiyi şəhərə on aylığına yerləşir. Bəhsi keçən bu müddətdə yeni, bir yoldaşının rəhbərliyində bir "təhsil müddəti" sayəsində qapıldığı dərin depressiyanın və cəmiyyətə duyduğu ikrahı öhdəsindən gəlir. Baş fiqurun əvvəlki həyatı yalnız çox qısa və söz arasında göstərilir: Haller alt təbəqə birisi olaraq yetişmişdir; şeir, musiqi və fəlsəfə ilə peşəsi lazımınca maraqlanmışdır, kitab yazıçısı, Mozart və Goethe mütəxəssisi olaraq önə çıxmışdır; onun pasifist görüşləri xalq arasında bilinməkdə idi. Bir çox dəfə qədərin açıq-aşkar silləsini həzm məcburiyyətində qalmışdır. Bir dəfə onun nüfuzuna və sərvətini itirmiş, digər dəfə arvadı ağlını itirib onu tərk etmişdir. Artıq daha çox tətminkarlık tapmayınca və daha çətin və çətin səfərlər mərhələsi başlayana qədər özünü işinə həsr etmişdir. Onunla ancaq "İşsiz, ailəsiz, yurtsuz" qaldığı və hələ yollarda olduğu bu səfərdən sonra qarşılaşmışıq. Haller'in şansdan yana təsviri şeir ya da musiqi sayəsində "sonsuz həzzi, həyatı, özündən keçməyi və üsyanı" daddığı sevinc saatlarıyla təyin və "Tanrını işini edərkən" gördüyü anlar Haller'i xoşbəxt etməkdə idi. Ətrafındakı populist nizamı gizlətməkdən və bu nizama zərər verdiyinə inandığı "Tanrıya aid qızıl bir izi" yenidən tapmağa həsrətdir. Sahib olduğu ruhlarının bir-biriylə qarşıdurmasından ötəri var ola bilmədiyi, Tanrıya aid bu dünyada əsərləri yer almaq üçün var gücüylə səy sərf edir. Hermann Hessenin “Yalquzaq” əsəri, iyirminci əsrin ikinci yarısında, nonkorformist mədəniyyətə posmodernist ədəbiyyatın prinsiplərini tətbiq edən əsər olmuşdur. Bu elə bir romandır ki, əgər bu roman olmasaydı, iyirminci əsr avanqardizmində də çox şey olmazdı. Filmlər, musiqi və bədii təsvir bu romandan çox şeyi götürüb. Neçə-neçə insan ruhuna məhz bu romanla səyahət etmişlər. Təəccüblənirsiz ki niyə və necə? Oxuyun o zaman anlayacaqsınız. Yalquzaq, kütləvi-ictimai dəyərsizliyi anlamaq, ruhun təmizlənməsi, qorxu və ehtirasların axtarışı, köhnə dəyər və bütlərin darma-dağın edilməsi, ruhi əlkimyanın oyanışı, ən əsası isə, əbədi baş verən oyunların ifşası ilə əlaqədar metamorfik, sanki gözəl klassik musiqi kimi səslənən və bu musiqidən sonra yaranan səssizliyi ilə insana həqiqətləri başa salan, dünya ədəbiyyatının zirvəsindən bizləri səsləyən, yeni zirvələri axtaran bir əsərdir. Kitabı sadəcə “özünüdərk” və “ruhi transformasiya” kimi terminlərlə əlaqələndirəcək olsaq, kitabı özümüzlə məhdudlaşdırıb, çoxlarının etdiyi banal adlandırmalardan istifadə etmiş olarıq. Kitabı həqiqi mənada başa düşən o kəsdir ki, ondan sitatlar seçib ağıllı-ağıllı danışmasın, onun haqqında sadəcə yaxşı resenziya yazmasın. O kəs bu kitabı, şah əsəri anlayar ki, yaranmış səssizliyin və gördüyü işığın səsini eşitsin. Kitabdan seçmələr: Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların ən güclüsü, ən odlusu, ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti, əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi. Hermann Hesse – Yalquzaq Ehey, oğul bala, bəlkə, qarnın ağrıyır, için doğranır? Yoxsa öz oxucuların, ölü canların, o zavallı qarınquluların, ya da kitabyığanların, lənətə gəlmiş aravuranların, qılıncoynadanların yadına düşdü? Yaman əjdahasan, adam lap gülər, gülməkdən ölər, qarnı cırılar, şalvarı doldurar! Ay səfeh bəndə, de nə görmüsən kitab-dəftərdə, sonsuz kədərdə? Sən gəl incimə – bir şam da məndə! Çərənlədin, pərənlədin, düzənlədin, quyruğunu düyünlədin, axırda da peyinlədin! Allahdan buyruq, şeytandan qulluq: dartıb aparacaq, canını alacaq! Cavab ver indi: niyə yazıbsan, kimdən oğurlayıbsan? Burada lap ağ elədi. Qəzəb məni boğdu, kədərlənməyə macal vermədi. Əl atıb hörüyündən yapışdım. Uçmağa başladı və uçduqca da hörük uzandı. Sanki, quyruqlu ulduz idi, mən də ucundan yapışıb dünyanın başı üzərində fırlanırdım. H.Hesse – Yalquzaq Elədir, həyat həmişə dəhşət olub. Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik. İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı ilahiyyat dərsi almısınız. H.Hesse – Yalquzaq Sən haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan! Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır. Kim bu gün yaşamaq, aşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi adam olmasın. Bu özəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz! H.Hesse – Yalquzaq Elə müqəddəslər var ki, onlar da əvvəlcə dəhşətli günahlar içində boğulublar, ancaq günahın özü də müqəddəsliyə aparan yol ola bilər. Günah da, əxlaqsızlıq da... Yəqin, güləcəksən, lakin mənə çox vaxt elə gəlir ki, bəlkə, dostum Pablo da kəşf olunmamış müqəddəsdir. Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir! H.Hesse – Yalquzaq – Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər. – «Təbii» nədir? Bununla nə demək istəyirsən? – Məsələn, götür o heyvanlardan birini: ya pişiyi, ya iti, ya quşları, ya da lap elə heyvanxanadakı iri, gözəl pumanı, zürafəni! Görəcəksən ki, hamısı təbiidir, heç biri heç nədən çəkinəcəkli deyil, nə edəcəklərini, necə edəcəklərini də yaxşı bilirlər. Heç biri sənin xoşuna gəlmək üçün artistlik eləməz. Daşlar, çiçəklər, göydəki ulduzlar kimi necə varsa, elə də qalacaqlar. Başa düşürsən? H.Hesse - Yalquzaq
  5. Ən təsirli qısa hekayələr

    Dünya şöhrətli yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisə edir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, hər bir oxucunun qəlbini göynədər. O, bir neçə sözdən ibarət: “ Uşaq çəkmələri satılır. Geyinilməmişdir”. Belə bir ən qısa bir hekayə yazmaqla, o, mübahisəni udur. O vaxtdan indiyədək dünya şöhrətli yazıçının bu təcrübəsindən bir çoxları yararlanmış və onun kimi 6 sözdən ibarət qəlblərə toxunan qısa hekayələr yazmağa cəhd etmişlər. Bu hekayələrin ən qısa və oxucuları daha çox təsirləndirənlər aşağıdakılardı: Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var. “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil. Üzümü qırxmağı anam mənə öyrədib. Mən doğma qəlb gördüm – O isə məni görmədi... Mənim əksim indicə mənə göz vurdu. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir. Bu gün mən yenidən özümü anama təqdim elədim. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox... Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi. Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər” Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm... Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim. Əsgər, biz çəkmələri cüt satırıq... O, arvadının qatilinə butulka ilə süd verirdi. Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.
  6. Dostoyevskidən seçmələr

    Bəzən susarsan. Yenilmiş və zəif sanarlar səni. Unutma, yalnız susan bilər ki, danışsa heç kim tab gətirə bilməz. Başqaları üçün özünüzü unudun. O zaman sizi xatırlayacaqlar. Sadəcə həyat verən yox, həyat verib ona layiq olan ata adını daşıyar. İnsanoğlu çox dərin varlıqdı. Mən tanrı olsaydım bu qədər dərin yaratmazdım. Qorxu yalan doğurar. Bu dünyada ən çətin şey özünə sadiq qalmaqdır. Sevgi hər zaman qarşılığını görər, kin də. Bir insanın həyatının ikinci yarısı birinci yarısında qazandığı vərdişləri yerinə yetirməsindən ibarətdir. Rusu qazıyın, mütləq altından Kazak çıxar. Əslində insanı ən çox üzən şey xəyal qırıqlığı deyil. Yaşanması mümkün ikən, yaşaya bilmədiyi xoşbəxtliklərdir. Hər kəs realda olduğundan daha sərt görünməyə çalışır, sanki hər kəs birbaşa çölə vursa duyğularına lağ ediləcəyindən qorxur ( Bəyaz gecələr ) İnsanın ən yaxın dostunu sınmış vəziyyətdə görməkdən həqiqətən xoşu gələr. Dostluqların böyük bir hissəsi bu cür ehtiyac üzərinə qurulmuşdur, bütün ağlı başında olan insanların bildiyi qədim bir gerçəkdir bu ( Qumarbaz ) Ən əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur. Dünyada yaşayan bütün varlıqlar içərisində yalnız insan cəfəngiyat danışa bilir. Bunu edən insan bir gerçəyi göstərir: mən cəfəngiyat danışıram, çünki mən insanam. İnsan gözünə ancaq pis günlər görünər, yaxşı günlər isə, sanki görünməzdir. Başqasının doğru yolu ilə getməkdənsə, özünün yalnış yolunla get. Bəzən, qəfildən elə insanlarla qarşılaşırıq ki, ilk baxışdan, heç bir söz danışmadan belə həmin insan bizi maraqlandırır. Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir. İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır. Əgər danışılacaq heç bir hekayə yoxdursa necə yaşamaq olar? Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur. İlk addımı atmaqdan və özünə məxsuz olan yeni bir fikri deməkdən insanlar hər zaman çox çəkinirlər. Ağıllı davranmaq üçün ağıllı olmaq yetərli deyil. Mənbə: kitabadasi.wordpress.com
  7. İtalo Kalvino - Vicdan

    Müharibə başlayanda Luici adlı bir adam peyda olmuşdu, könüllü yazılmaq istəyirdi. Hamı onu tərifləyib göylərə qaldırırdı. Luici silah paylanılan yerə gedib birini götürdü və dedi: “İndi gedib Albertonu öldürəcəm”. Ondan Albertonun kim olduğunu soruşdular. “Düşməndir Alberto, mənim düşmənim”, – deyə cavab verdi. Ona istədiyi hər adamı öldürməyə icazə verilmədiyini, yalnız bəlli düşmənləri öldürməli olduğunu başa salmaq istəyəndə, “Nədi?!” deyib bozardı: “Siz məni axmaqmı hesab eləyirsiz? Alberto elə ən böyük düşməndi. Onlara qarşı müharibəyə başladığınızı eşidəndə, dərhal sizə qoşulmalı olduğumu düşündüm, çünki yalnız bu halda Albertonu öldürə bilərdim. Elə buna görə indi yanınızdayam. Onu yaxşı tanıyıram, əclafın, alçağın yekəsidir. Mənlə xaincəsinə davrandı, qadının yanında üzüqara oldum, alçaldım… Köhnə söhbətdi, istəyirsizsə sizə danışım”. – Yox, lazım deyil, səni başa düşürük, – yoldaşları dedi. – Yaxşı, onda mənə Albertonun harda gizləndiyini deyin. – Bilmirik. – Eybi yox, onun yerini bilən birini taparam. Onsuz da əvvəl-axır əlimə keçəcək. Luicinin qandırmağa çalışdılar ki, bunu eləməyə ixtiyarı yoxdur, hara yollasalar ora getməli, yalnız ordakıları öldürməlidir. Alberto haqqında isə heç kimin məlumatı yoxuydu. “Mənə baxın”, – Luici yenə israr elədi: “Görürəm sizə baş verənləri danışmalıyam. Bu Alberto həqiqətən oğraş adamdı, ona qarşı döyüşməklə yaxşı iş görürsüz”. Amma yoldaşları onu dinləmək istəmədi. Luici də söz qanan adam deyildi, dirəşdi: “Üzr istəyirəm, hansı düşməni öldürməyim sizin vecinizə olmaya bilər, amma Albertonu yox, bir başqasını öldürsəm, çox pis olaram”. Yoldaşlarının səbri tükəndi. Onlardan biri Luiciyə müharibənin nə olduğunu, kefi istədiyi adamı öldürmək ixtiyarının olmadığını uzun-uzun başa saldı. Luici etiraz elədi: “Əgər elədirsə, onda mən yoxam!” “Varsan və olacaqsan!” – yoldaşları üstünə qışqırdı. “İrəli marş! Bir-iki, bir–iki…”, – beləliklə Luicini müharibəyə yolladılar. Xoşbəxt deyildi Luici, Albertoya ya da ailəsindən kiməsə tuş gələr deyə qabağına çıxanı güllələyirdi. Öldürdüyü hər adama görə ona medal verirdilər, amma Luici yenə də xoşbəxt ola bilmirdi. “Əgər Albertonu öldürə bilməsəm”, – düşünürdü: “bu qədər adamı boş yerə öldürmüş olacam”. Özünü pis hiss edirdi. Hələ də ona növbənöv medallar verirdilər – qızıl, gümüş… Luici götür-qoy edirdi: “Bu gün bir-ikisini öldürərəm, sabah bir neçəsini, ən axırda sayları azalar və bu əclafın da növbəsi mütləq gəlib çatar”. Amma Luici Albertonu tapa bilməmiş düşmən təslim oldu. Luici heç nədən o qədər insanı öldürdüyünə görə özünü çox pis hiss edirdi. İndi sülh dövrüydü. Aldığı bütün medalları çantasına doldurub düşmən ölkədə ölənlərin arvad-uşağına, yaxınlarına paylayırdı. Belə günlərin birində Albertoyla qarşılaşdı. “Həə, axır ki, əlimə keçdin, gec olsun, güc olsun”, – deyib Albertonu öldürdü. Luicini dərhal həbs etdilər. Cinayəti sübuta yetirildi və onu edam elədilər… Məhkəmədə vicdanının səsini dinlədiyini dəfələrlə təkrar etmişdisə də, heç kim ona inanmamışdı. Mənbə: kitabadasi.wordpress.com
  8. Frans Kafka deyir ki, oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, onda onu niyə oxumalıyıq? Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur. APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı: 1. Ernest Hemenquey- “Qoca və dəniz” 2. Cek London- “Həyat eşqi” 3. Teodor Drayzer- “Dahi” 4. Umberto Eko- “Gülün adı” 5. Murad Adji – “Qıpçaq çölünün yovşanı” 6. Elif Şafak -“Aşk” 7. Avesta 8. Ceyms Oldirç- ” Diplomat” 9. “Kitabi-Dədə Qorqud” dastanı 10. Qurban Səid -“Əli və Nino” Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, “İncil”, “Tövrat”, “Qurani Kərim”i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”. “Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir: 1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı” 2. Lev Tolstoy -“Anna Karenina” 3. Corc Oruell -“1984″ 4. İohan Volfqanq Höte- “Gənc Verterin iztirabları” 5. Ceyms Coys – “Ulysess” 6. Viktor Hüqo -“Səfillər” 7. Lev Tolstoy- “Baldan sonra” 8. F.M. Dostoyevski -“İdiot” 9. Nizami Gəncəvi -“Xəmsə” 10. Füzuli- “Leyli və Məcnun” “Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”. 1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim” 2. Elif Şafak – “İskender” 3. Xalid Hüseyni – “Çərpələng uçuran” 4. Xalid Hüseyni – “Min möhtəşəm günəş” 5. Etel Lilian Voyniç – “Ovod” 6. Bernhard Şlink – “Qiraətçi” 7. Viktor Hüqo – “Səfillər” 8. Paulo Koelyo – “On bir dəqiqə” 9. Nikolas Sparks – “Sevgili Con” 10. Orxan Kamal – “Yad qızı” “Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var: 1. Homer – “İlliada” və “Odisseya” 2. “Kitabi – Dədə Qorqud” dastanı 3. Bokkaçio – “Dekameron” 4. Migel de Servantes – “Don Kixot” 5. Conatan Svift – “Qulliverin səyahəti” 6. Viktor Hüqo -“Səfillər” 7. F.M. Dostoyevski – “Cinayət və cəza” 8. Lev Tolstoy – “Dirilmə” 9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları” 10. Milan Kundera – “Varlığın dözülməz yüngüllüyü” “Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki, 1. Quran 2. Karl Marks- “Kapital” 3. “Qabusnamə” 4. Çingiz Aytmatov -“Qiyamət” 5. Qabriel Qarsia Markes”-100 ilin tənhalığı” 6. Tarle. “İnqilablar tarixi” 7. “Dinlər tarixi” 8. “Ümumdünya tarixi” (“Dinlər tarixi” və “Ümumdünya tarixi” adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.) 9. Heminquey- “Qoca və dəniz” 10. Məhəmmədhüseyn Şəhriyar- “Heydərbabaya salam” “Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur: 1. İncil 2. Quran 3. Bhaqavat-Qita 4. Platon- “Dövlət” 5. Aristotel- “Politika” 6. Makiavelli- “Hökmdar” 7. Atatürk-“Nutuk” 8. Heredot- “Tarix” 9. Ömər Xəyyam-“Rübailər” 10. Mirzə Fətəli Axundov- “Kəmalüddövlə məktubları” “Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır: 1. “Azərbaycan nağılları” 2. Robert Luis Stevenson- “Dəfinələr adası” 3. Mayn Rid- “Başsız atlı” 4. Jül Vern- “Klodius Bombarnak” 5. Onore de Balzak- “Şaqren dərisi” 6. Qoqol -“Viy” 7. Patrik Züskind- “Ətriyyatçı” 8. Qulamrza Saedi- “Bəyal əzadarları” 9. Xuan Rulfo-“Pedro Paramo” 10. “Kitabi Dədə Qorqud” dastanı Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”. “Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur: 1. Xalid Hüseyni- “Çərpələng uçuran” 2. F.M.Dostoyevski- “Cinayət və cəza” 3. Ana və oğul Vaxtinlər-“Muhammed” 4. Teodor Drayzer-“Dahi” 5. Əkrəm Əylislinin əsərləri 6. Nodar Dumbadzenin əsərləri 7. Cek London- “Martin İden” 8. Quran-i Kərim 9. Ramiz Rövşənin şeirləri 10. Nizami Gəncəvinin əsərləri “Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir: 1. Quran-i Kərim 2. İncil 3. Tövrat 4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim” 5. Qustav le Bon- “Kütlə psixologiyası” 6. Çingiz Aytmatov- “Əsrə bərabər gün” 7. F.M.Dostoyevski- “Cinayət və cəza” 8. Viktor Hüqo- “Səfillər” 9. Qoqolun seçilmiş əsərləri 10. Lermontovun seçilmiş əsərləri Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər. “AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur: 1. Viktor Hüqo “Səfillər” 2. F.M.Dostoyevski- “Cinayət və cəza” 3. Mixail Bulqakov- “Master və Marqarita” 4. Ziqmund Freyd- “Psixoanalizə giriş” 5. Ernest Heminquey- “Qoca və dəniz” 6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə” 7. Frans Kafka- “Çevrilmə” 8. Nassim Nikolas Taleb-“Qara sona” 9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?” 10. Riçard Dokinz- “Allah illüziyası” “Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir: 1. V.Hüqo- “Səfillər” 2. Onore de Balzak- “Qorio ata” 3. E. Voyniç- “Ovod” 4. Q.Markes- “Yüz ilin tənhalığı” 5. T.Drayzer- “Dahi” 6. C.London- “Martin İden” 7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır” 8. X.Hüseyn -“Çərpələng uçuran” 9. Dostoyevski- “Cinayət və Cəza” 10. Qoqol -“Ölü canlar” Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur: 1. Viktor Hüqo- “Səfillər” 2. F.M.Dostoyevski- “Cinayət və cəza” 3. Quran-i Kərim 4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı” 5. Xalid Hüseyn- “Çərpələng uçuran” 6. Kitabi Dədə-Qorqud dastanı 7. Teodor Drayzer- “Dahi” 8. Cek London -“Martin İden” 9. Etel Lilian Voyniç- “Ovod” 10. İncil Fatimə Kərimli (azvision.az)
  9. Bəzən tanımadığımız, bilmədiyimiz əsərləri ya ilk cümləsindəncə sevmiş, ya da bəyənməyib bir kənara qoymuşuq. Bir əsərin sevilməsi üçün onun ilk cümləsi olduqca böyük əhəmiyyət daşıyır. Əsərin ilk cümləsi qarmağa keçilirmiş yem kimidir, oxucu “ilişdimi”, vəssalam daha əsərdən qopa bilməz. “styilist.co.uk” saytı “Ən yaxşı 100 giriş cümləsi” siyahısını tərtib edib. Onlardan bəziləri: C. D. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” “Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur.” Lev Tolstoy “Anna Karenina” “Bütün xoşbəxt ailələr bir-birinə oxşayar, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Ceyn Ostin “Eşq və qürur” “Pulu olan hər bir subay kişinin özünə bir həyat yoldaşı seçməsinin qaçılmaz olduğu hamı tərəfindən qəbul edilən bir reallıqdır.” Çarlız Dikkens “İki şəhərin nağılı” “Ağıl çağı idi, axmaqlıq çağı idi həm də. İnanc çağı idi, eyni zamanda da inkar çağı idi. Bir tərəfdən aydınlıq, digər tərəfdən də qaranlıq mövsümü yaşanırdı. Ümidin baharı idi, ümidsizliyin qışı. Hər şeyimiz var idi, amma heç nəyimiz yox idi. Hamımız düz cənnətə doğru gedirdik, amma hamımız cəhənnəmə də gedirdik.” F. S. Fiscerald “Möhtəşəm Qeytsbi” “Yeniyetmə vaxtımda atam bir nəsihət vermişdi, hələ də qulağımda sırğadır: nə zaman birinə qarşı tənqidi yanaşmalı olsan, unutma, hamı sənin imkanların daxilində dünyaya gəlməmişdir!” F. Nitşe “Hakimiyyət Əzmi” “Böyük mövzular, onlar haqqında ya susmağı, ya da lap yüksək danışmağı tələb edir, yəni çəkinmədən və nöqsansız.” Frans Kafka “Çevrilmə” “Qreqor Zamza bir səhər qorxulu yuxulardan oyandığında özünü çarpayısında böyük bir böcəyə çevrilmiş gördü.” Albert Kamyu “Yad” “Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm. Ahıllar evindən teleqram aldım: “Ananız vəfat etdi. Dəfn sabahdır.” Baş açmaq olmur, bəlkə elə dünən ölüb.” Qabriel Qarsia Markes “Vəba dövründə eşq” “Həmişə belə idi: Acı badam qoxusu həmişə ona nakam eşqlərin taleyini xatırladırdı. Həkim Urbino neçə ildir önəmini itirmiş bir işlə maraqlanmaq üçün gəldiyi, alaqaranlıq otağa girdiyi vaxt bunun fərqinə vardı. Antil adalarından olan qaçqın Xeremiya de Sent-Amur, müharibə veteranı, uşaq fotoqrafı və həkimin şahmat üzrə ən üzüyola rəqibi qızıl sionidi ilə intihar edərək xatirələrinin işgəncələrindən özünü xilas eləmişdi.” Vladimir Nabokov “Lolita” “Lolita, həyatımın işığı, qasığımın atəşi. Günahım, ruhum, Lo-Li-Ta; dilin ucu damaqdan dişlərə doğru üç pilləli bir keçid edər, üçüncüsündə gələr dişlərdə dayanır. Lo-Li-Ta” Çak Palannik “Boğulma” “Əgər bunu oxumaq niyyətindəsinizsə, fikrinizdən vaz keçin.” Corc Oruell “1984” “Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini sinəsinə sıxıb addımlayan Uinston Smit özünü “Qələbə” yaşayış binasının şüşə qapısından tələsik içəri saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da, külək qum qarışıq tozu arxasınca vestibülə doldurdu.” Con Steynbek “Qəzəb salxımları” “Son yağışlar Oklahomanın bəzi bölgələrinə səssiz sədasız gəldi və üzərində dərin yarıqlar olan torpaqda heç bir yeni iz belə buraxmadı. Quru otlar görməyə öyrəşdiyimiz boş torpaqlarda yaşıl otların bitməsinə səbəb oldu.” Uilyam Folkner “Səs-küy və qəzəb” “Çəpərin arxasında, sarmaşıqların arasından, vurduqlarını görürdüm. Bayrağın olduğu yerə gəlirdilər və mən çəpər boyunca yeridim. Luster tutun ətrafındakı otların içində axtarır. Bayrağı çıxardılar, vururdular. Sonra bayrağı yenidən taxdılar, hamar yerə getdilər, biri vurdu, o biri də vurdu. Sonra yenə vurdular və mən çəpər boyunca yeridim. Tutun yanından gəldi Luster və biz çəpər boyunca addımladıq, vurdular və biz dayandıq, çəpər deşiklərindən baxdım, Luster otların içində axtarırdı.” Mənbə: kitabadasi.wordpress.com