Search the Community

Showing results for tags 'death sentence'.

Found 1 result

  1. Brend Qorla narahatcasına gülümsünərək: -Bilirsən ki, belə şeylər çox şişirdilir, -dedi. -Xeyr, xeyr, xeyr! –balacaboy kişinin gözləri albinolara xas çəhrayı işıltıyla parıldadı. –Dorlis insanların hələ Vega sisteminə yerləşmədiyi dövrlərdə də çox güclü idi. Bizimkindən daha böyük Qalaktik Konfederasiyanın paytaxtı idi. -Lap yaxşı, oranın qədim paytaxt olduğunu düşünək. Gerisini arxeoloqlar həll edər. -Arxeoloqlar bu məsələdə heç bir işə yaramaz. Kəşf elədiklərim üçün öz sahəsində ixtisaslaşmış birinə ehtiyacım var. Və sən də şura heyətindəsən. Brend Qorla tərəddüdlə baxdı. Teor Rilonu axırıncı kursdan tanıyırdı. Heç kim ilə yola getməyən, uyğunlaşmayan balacaboy albino idi. Brendin fikrindən köhnə xatirələri keçdi. O vaxtdan bəri uzun müddət keçməsinə baxmayaraq albinonun qəribə insan olduğunu xatırlayırdı. Və onun hələ də qəribə olduğu aydın idi. Brend: -Sənə kömək eləmək istəyərəm, -dedi. –Amma əvvəlcə nə istədiyini deməlisən. Teor diqqətlə Brendə baxırdı. -Şuraya bəzi həqiqətləri çatdırmağını istəyirəm. Bunu edəcəyinə söz verirsən? Brend boyun qaçırdaraq: -Sənə kömək etsəm də, bunu unutma ki, mən psixologiya şurasının üzvüyəm. Çox nüfuzlu biri də deyiləm. -Əlindən gələni etməlisən. Onsuz da sənədlər vəziyyəti açıqlayacaq. –Albinonun əlləri titrəyirdi. Brendin təslim olmaqdan başqa çarəsi qalmamışdı: -Yaxşı danış görək, –taleyi ilə barışıq halda dedi. Axı o mənim köhnə sinif yoldaşımdır deyə düşündü. Bu halda onu dinləmədən göndərmək düzgün olmaz. Brend arxaya söykəndi və rahatladı. Arkturus şüaları tavana uzanan pəncərələrdən otağa süzülürdü. Polyarlaşdırıcı şüşələr şüaları yayır və yumşaldırdı. Amma günəşin zəiflədilmiş şüaları belə Teorun çəhrayı gözlərini qamaşdırırdı, buna görə də danışarkən əlləri ilə gözünü qorumağa çalışırdı. -Mən düz 25 il Dorlisdə yaşamışam, Brend. Bugün hələ də heç kimin xəbəri olmadığı yerləri araşdırmışam və bəzi şeylər tapmışam. Dorlis bizimkindən çox daha böyük elm və mədəniyyət mərkəzi olub. Bəli, əlbəttə! Xüsusilə psixologiya sahəsində. Brend gülümsündü: -Keçmişdəki şeylər insana həmişə daha böyük görünür. Bu haqda bir teorem də var. İstəsən dərsliklərdə tapa bilərsən. Birinci sinif uşaqları ona GKG teoremi deyirlər. Yəni Gözəl Köhnə Günlər teoremi, bunu bilirsən. Nəisə... Sən davam et. Teor razılaşmadığını hiss etdirərək qaşlarını çatdı. -Səni narahat edən həqiqəti lazımsız etiketlə həmişə bir kənara atırsan. –Qarşısındakını lağa qoymamağa çalışırdı. –Amma sən mənə indi de görüm, psixologiya mühəndisliyi barədə nə deyə bilərsən? Brend çiyinlərini çəkdi. -Elə bir şey yoxdur. Yəni ən azından riyazi olaraq yoxdur. Bütün o təbliğat və reklam təsadüfi tətbiq olunan psixologiya mühəndisliyinin kobud nümunəsidir, bəzən effektiv olur. Bəlkə bunu nəzərdə tutursan. -Xeyr. Mən nəzarət olunan şərtlər daxilində insan kütlələrinin üzərində aparılan həqiqi təcrübələrdən danışıram. İllərlə aparılan təcrübələr. -Buna bənzər mövzular müzakirə olunub. Lakin bunların tətbiq olunması mümkün deyil. Cəmiyyət strukturumuz belə şeylərə çox davam gətirə bilməz. Effektiv nəzarət üçün də kifayət qədər savadlı deyilik. Teor həyəcanını gizlətməyə çalışırdı. -Amma qədim insanlar kifayət qədər bilikli olduqları üçün nəzarət etməyi bacarıblar. Brend astaca soruşdu: -Maraqlı və təəccüblüdür. Bunu haradan bilirsən? -Çünki bu haqda sənədlər tapmışam. –Teor susdu.- Bütün planet, Brend. Uyğun olduğu üçün seçilən nəhəng bir dünya. Hər cəhətdən nəzarət edilən insanlarla dolu bir yer. Tədqiq olunan, siniflərə ayrılmış və üstündə sınaqlar keçirilən qruplar. Vəziyyəti başa düşmürsən? Brend belə bir yer yoxdur deyə düşündü. Amma diqqətlə araşdırılsa...sonra sözlərində əminliklə: -Yəqin yanılırsan. –dedi. –Bu tamamilə qeyri-mümkündür. İnsanlara bu formada nəzarət edə bilməzsən. Çünki işin içində dəyişiklik göstərən xeyli amil var. -Və əsas məsələ də budur ki, onlar insan deyildilər. -Necə? -Onlar robot idi, pozitronik robotlar. Bir dünyanı dolduracaq qədər mexanik məxluqlar. Yaşamaq, reaksiya vermək və həqiqi, yəni insan psixoloqlar tərəfindən müşahidə edilməkdən başqa edəcəkləri heç biri işi olmayan robotlar. -Bu ki dəlilikdir! -Sübutlar tapmışam. Çünki o robot dünyası hələ də var. Birinci Konfederasiya dağıldı, amma o dünya yaşamağa davam etdi. Elə indi də o dünya sapsağlam yaşayır. -Bunu haradan bilirsən? Teor Rilo ayağa qalxdı. -Çünki son 25 ilimi orada keçirmişəm! Şura sədri kənarı bəzəkli rəsmi geyimini kənara atıb, cibindən kobud siqarını çıxardı. -Cəfəngiyatdır, -deyə donquldandı, -bu ki dəlilikdir. Brend: -Elədir ki, var, -dedi. –Mən də bunu birdən-birə şuraya deyə bilmərəm. Mənə qulaq asmazlar. Vəziyyəti əvvəlcə sizə izah etməliydim. Ondan sonra siz də səlahiyyətinizdən istifadə edərsiniz. -Bu çox qəribədir. Heç belə bir şey eşitməmişdim. Bu adam kimdir? Brend köksünü ötürdü. -Onun əcaib adam olduğunu etiraf edirəm. Arkturus Universitetində eyni sinifdə oxumuşuq. Bu albino o vaxtlar dəlinin birisi idi. Heç kimlə yola getmirdi. Fikri zikri qədim dövr tarixindəydi. Ağlına yeni bir şey gələn kimi, bunun üzərində çabalayan insanlardan idi. Deyilənə görə Dorlis sistemində 25 il ora-bura gedib. İndi onda bütün o sivilizasiyanın sənədləri var. -Bəli, bilirəm. Tele-stat seriallarında belə həvəskar birisi həmişə möhtəşəm şeylər tapır. Yalqız çalışan, heç kimə, heç bir yerə bağlı olmayan qəhraman. Cəfəngiyat! Arxeologiya şöbəsinə müraciət etmisən? -Əlbəttə. Nəticəsi qəribə oldu. Heç kim Dorlis ilə maraqlanmır. Məsələ onun qədim sistem olması deyil, on beş min il əvvəli ilə əlaqədardır... Dorlis, demək olar ki, əfsanə sayıldığı üçün nüfuzlu arxeoloqlar onunla maraqlanaraq vaxt itirmək istəmirlər. Ora bir mövzuya ilişib qalmış, kitablara və əfsanələrə düşkün həvəskarın tapa biləcəyi bir yerdir. Amma bundan sonra Dorlisə arxeoloqlar axın edəcək. Təbii ki, Teorun iddiaları doğru olarsa... Şura sədri üzünü eybəcərliklə büzüşdürdü. -Bu heç də qürurverici hadisə deyil. Əgər bütün bunlarda həqiqət payı varsa, onda Birinci Konfederasiyanın psixologiya sahəsində bizdən öndə olduqları aydın olacaq. Biz də axmaq-axmaq danışan səfehlərin gününə düşəcəyik. Pozitronik robotları da unutma. Biz bu barədə hələ də planlar cızırıq. Dorlisin bu nöqteyi-nəzərdən bizdən yetmiş beş dəfə üstün olduğu ortaya çıxacaq. Qalaktika naminə! Bu sahə ilə əlaqəli riyaziyyatı da düşün. -Mənə baxın, cənab. Çoxluğun fikrini almadan və hər ehtimalı araşdırmadan mövzunu sizə deyə bilməzdim. İlk işim Bleykə getmək oldu. O da “Birləşmiş Robotlar” ın riyaziyyatçısıyla danışdı. O, bu cür şeylərin sərhəddi olmadığını; “Zaman, pul və yüksək psixoloji bilik- buna xüsusilə diqqət edin- yüksək psixoloji bilik olsa elə robotlar indi də hazırlana bilər” deyir. -Əlində necə bir sübut var? -Kimin? Bleykin? -Xeyr, xeyr. Dostunun, albinonun. Onda sənədlər olduğunu dedin. -Bəli, var. Hamısı buradadır. Teor xeyli qədim olduğu inkar edilməyəcək sənədlər tapıb. Hamısını da müxtəlif şəkillərdə araşdırtdım. Təbii ki, sənədləri özüm oxuya bilmirəm. Kiminsə oxuyacağını da zənn etmirəm. Teor Rilo istisna olmaqla. -Amma bu simvollu kartlarla oynamağa bənzəmir? Yəni onun iddialarını olduğu kimi qəbul etməliyik. -Bəli, bir baxıma elədir. Amma Teor sənədləri tamamilə oxuya bildiyini iddia etmir. Sadəcə bəzi hissələrini başa düşdüyünü deyir. Yazıların dilinin qədim Sentarkadan törədiyini iddia edir. Sənədləri mütəxəssislərə verdim, onlar araşdırır. Onlar bu dili oxuya biləcəklərini deyirlər. Əgər Teorun tərcüməsi səhv olarsa, bunu da anlayarıq. -Yaxşı, sənədlərə baxaq hələ. Brend Qorla üstü plastik sənədləri çıxardı. Şura sədri digər sənədləri kənara atıb tərcümə olunmuşu götürdü. Oxuyarkən bir yandan da siqarını tüstülədirdi. Nəhayət: -Aha, -dedi. –Yəqin təfərrüatlar Dorlisdədir. -Teor, təkcə pozitronik robotlar haqqında iki-üç yüz ton plan olduğunu deyir. Onlar hələ də Dorlisdəki zirzəmilərdə imiş. Amma əsas odur ki, Teor o robot dünyasına gedib. Onda fotosurətlər, teletayp qeydləri və hər cür məlumat var. Təbii ki, bu məlumatlar Teor tərəfindən bir yerə toplanıb. Bunların psixoloji savadı olmayan biri tərəfindən toplandığı da aydın məsələdir. Yenə də Teor getdiyi planetin normal olmadığını sübut edəcək qədər material toplaya bilib. -Bəs bunlar yanındadır? -Hamısı. Əksəriyyəti mikrofilm şəklindədir. Bunu nəzərə alıb proyektoru da gətirmişəm. Bu da eynəkləriniz. Şura sədri bir saat sonra: -Üzvləri çağıracağam, -dedi. –Bu məsələni şuraya da təqdim edəcəyəm. Brend qəzəblə gülümsünürdü: -Dorlisə komissiya heyəti də göndərəcəksiniz? Şura sədri istehzayla: -Universitetdən pul qopara bilsək, -dedi. –Bu materialı biraz araşdırmaq istəyirəm, hələlik məndə qalsın. Hökumətin Elm və Texnologiya İdarəsi nəzəri olaraq bütün elmi tədqiqatlara nəzarət edirdi. Əslində böyük universitetlərdə tədqiqat aparan qruplar avtonom idi, amma bu universal bir qayda da deyildi. Elə bu səbəbdən şura sədri qaşlarını çatdı, qəzəblə söydü, amma Vin Möri ilə danışmağı rədd edə bilmədi. Çünki bunu edə bilməzdi. Möri nazir müavini idi və psixologiya, psixopatiya və zehin texnologiyaları ilə maraqlanırdı. Həmçinin savadlı psixoloq idi. Şura sədri Möriyə qəzəblə baxırdı. Nazir müavini Möri bu baxışları görməzlikdən gəldi. Uzun çənəsini ovuşduraraq: -Nəticədə bu natamam məlumatdır, -dedi. –Belə demək olar, elə deyilmi? Şura sədri soyuqqanlılıqla: -Hansı məlumatı istədiyinizi bilmirəm, -deyə cavab verdi. –Hökumət universitetlərlə bağlı məsələlərdə sadəcə nəzarətçi rolunu oynaya bilər. Və hazırki məsələdə də hökumətin fikirləri bizi maraqlandırmır. Möri çiyinlərini çəkdi. -Mən pula qarşı deyiləm. Amma hökumətin icazəsi olmadan bu planetdən ayrıla bilməzsiniz. Elə qeyri-kafi məlumat da bu məsələ ilə əlaqədardır. -Sizə bildiriləndən savayı bu məsələ haqqında məlumatımız yoxdur. -Lakin bəzi şeylər artıq ağızdan qaçırılıb. Bütün bu sirr və qəribəlik uşaqcasınadır və lazım deyil. Yaşlı psixoloq qıpqırmızı oldu. -Sirr? Əgər akademik həyat tərzinə bələd deyilsinizsə, bu məsələdə sizə kömək edə bilmərəm. Tədqiqatlar, ələlxüsus da, çox vacib olanları, müəyyən irəliləyiş olmadan ictimaiyyətə açıqlanmır. Açıqlana bilməz. Qayıtdığımız zaman yayımlanacaq tədqiqat məqaləsinin bir nüsxəsini sizə göndərərik. Möri başını xeyr əlaməti olaraq tərpətdi. -Bu kifayət deyil. Siz Dorlisə gedirsiniz, elə deyil? -Bəli, artıq Elmi Şuraya da bildirmişik. -Niyə? -Yaxşı, nə üçün öyrənmək istəyirsiniz? -Çünki bu çox vacib məsələdir. Yoxsa şura sədri ora getmək istəməzdi. O qədim mədəniyyət və robotlar dünyası haqqındakı məsələ nədir? -Aha lap yaxşı, siz hər şeyi öyrənmişsiniz. -Yalnız üstüörtülü bir şeylər öyrənə bilmişik. Mənə məsələnin təfərrüatı lazımdır. -Biz də bundan artığını bilmirik. Dorlisə getmədikcə də öyrənə bilməyəcəyik. -Onda mən də sizinlə gələcəyəm. -Necə? -Çünki mən məsələni təfsilatı ilə öyrənmək istəyirəm. -Nə üçün? -Ah... –Möri ayağa qalxdı. –İndi də siz suallar verirsiniz.Artıq bunun heç bir faydası yoxdur. Universitetlərin hökumət nəzarətini xoşlamadıqlarını bilirəm. Hər hansı akademik mühitin öz istəyi ilə mənə kömək etməyəcəyini bildiyim kimi. Amma Arkturusa and olsun! Bu dəfə kömək tapacağam! Mənlə istədiyiniz qədər mübarizə aparın vecimə deyil. Sizə qoşulmasam qrupunuz heç bir yerə gedə bilməyəcək. Mən də hökumət nümayəndəsi qismində qrupunuza qoşulacağam. Planet olaraq Dorlis xoş təsir bağışlamırdı. Qalaktik iqtisadiyyat nöqteyi-nəzərindən əhəmiyyətsiz planet idi. Böyük ticarət yollarından çox uzaqda yerləşirdi. Yerli əhali geridə qalmış və cahil, tarixi isə qaranlıq və anlaşılmaz idi. Lakin bu qədim dünyanın üzərini örtmüş xarabalıqların altında bir yerlərdə qədim mədəniyyətin kölgə-kölgə izləri- keçmiş günlərdəki Dorlisin, nəhəng I Qalaktik Federasiyanın paytaxtı olan Dorlisin, yüksəlişi və tənəzzülünü təsvir edən sənədlər vardı. İndi isə yeni dünyadan gələn insanlar bu xarabalıqları eşələyir və məsələni anlamağa çalışırdılar. Şura sədri başını buladı və sonra ağarmış saçlarını geriyə atdı. Bir həftə idi ki, üzünü qırxmırdı. Sözə başladı: -Bütün məsələ istinad nöqtəmizin olmamağından irəli gəlir. Dili anlamaq mümkün deyil. Tərcümə olunmuş bir-iki sənəd də bizə heç nə demir. -Bu mövzuda çox şey edilib, məncə. -Qaranlıq və çoban üsulu şeylər... Albino dostunun tərcümələrinə istinad edərək ortaya atılan fərziyyələr. Ümidimi bunlara bağlaya bilmərəm. Brend: -Axmaqlıqdır, -dedi- Nimia Anomaliyası üzərində iki il işləmisiniz, lakin bura gəldiyimiz hələ iki ay olub. Bundan əlavə bu məsələ digərinə nəzərən yüz min dəfələrlə vacibdir. –gülüşü sərt idi. –Hökumət nümayəndəsinin sizi narahat etdiyini sezmək üçün psixoloq olmağa ehtiyac yoxdur. Şura sədri hirslə siqaretindən dişlədiyi parçanı bir metr uzağa tüpürərək dedi: -O inadkar qatıra üç səbəbə qəzəblənirəm: Bir, hökumətin işlərimizə burnunu soxmağını xoşlamıram. İki, psixologiya tarixinin bəlkə də ən vacib məsələsi ilə qarşı-qarşıyayıq və yad birisinin işə qarışmağı məni dəli edir. Üç, qalaktika adına, o nə istəyir? Məqsədi nədir? -Bilmirəm. -Məqsədi nə ola bilər ki? Bunu heç düşünmüsən? -Xeyr. Düzü heç maraqlanmıram da. Sizin yerinizdə olsaydım ona məhəl qoymazdım. Şura sədri qəzəblə: -Bəli, sən elə edərdin, -deyə donquldandı. –Məhəl qoymazdın! Hökumətin bu işə qarışmağına məhəl qoymamağın kifayət edəcəyini zənn edirsən. Yəqin ki, Mörinin özünü psixoloq adlandırdığını da bilirsən. -Bəli, bunu bilirəm. -Və yəqin ki, onun bütün bu elədiklərimizə maraq duyduğunu da bilirsən. -Məncə bu normaldır. -Ah! Və eləcə də... –yaşlı psixoloq səsini alçaldaraq- Möri gəlir. Təşvişlənmə. Vin Möri gülümsünərək otaqdakıları salamladı. Şura sədri başını tərpətməklə kifayətləndi. Möri: -Ah, -dedi- Bilirsiniz, 42 saatdır ayaq üstəyəm? Burada bir şey var. Vacib bir şey. -Təşəkkür edirəm. -Xeyr, xeyr, mən çox ciddiyəm. Robot dünyası həqiqətən var. -Olmadığını düşünürdünüz? Nazir müavini dostyanalıqla çiyinlərini çəkdi. -Təbii ki insan normal olaraq şüphələnir. İndi... Planlarımız nələrdir? -Niyə soruşursunuz?- sanki sözləri şura sədrinin ağzından kəlbətinlə alırdılar. -Planlarınızın mənimkilərə uyğun olub olmadığını anlamaq üçün. -Onda sizin planlarınız nələrdir? Möri güldü: -Xeyr, əvvəlcə siz. Burada nə qədər qalacaqsınız? -Əlimizdəki sənədlər haqqında uğurlu başlanğıc edilənədək. -Amma bu sualıma cavab deyil. “Uğurlu başlanğıc” deyərkən nəyi nəzərdə tutursunuz? -Bilmirəm. Bu uzun illər davam edə bilər. -Ah! Lənət olsun! Şura sədri qaşlarını çatdı. Lakin heç bir söz söyləmədi. Nazir müavini dırnaqlarına baxaraq: -Hərhalda robot dünyasının yerini bilirsiniz- dedi. -Əlbəttə. Teor Rilo oraya gedib. İndiyədək onun dediyi bütün məlumatlar məntiqlidir. -Doğrudur, o albino həqiqəti deyir, bəs oraya niyə getmirsiniz? -Getmək? Bu mümkün deyil! -Səbəbini soruşa bilərəm? Şura sədrinin səbr kasası dolmuşdu. -Bura baxın!, -dedi. – Sizi bura biz çağırmamışıq. Sizdən bizim nə etməyimizi demənizi də istəmirik. Amma sizinlə dava etmək üçün bəhanə axtarmadığımı göstərəcəyəm. Vəziyyətimizi bir bənzətmə ilə izah edim. Təsəvvür edin bizə nəhəng və mürəkkəb aparat verilib. Bu aparat bilmədiyimiz materialdan təşkil olunsun. Aparat o qədər nəhəngdir ki, nəinki onun işləmə prinsipini anlayırıq, heç hissələri arasında əlaqə qura bilmirik. İndi bu, haqqında heç nə bilmədiyimiz aparata- onun sirli parçalarına şüa silahı ilə hücum etməyi tövsiyə edərsiniz? -Nə demək istədiyinizi anlayıram. Lakin bənzətmə qüsurludur. -Xeyr. Mən sizinlə həmfikir deyiləm. Pozitronik robotlar bilmədiyimiz prinsiplərə uyğun olaraq istehsal olunublar. Onları yenə bizim bilmədiyimiz formada işləməsi üçün yaradıblar. Bildiyimiz yeganə şey odur ki, onları öz taleyini yazmaları üçün qalaktikadan tamamilə təcrid ediblər. Onları təkbaşına buraxıblar. İndi o planetə getmək sınağın alt-üst olmağı deməkdir. Qrup olaraq ora getməyimiz əvvəlcədən təxmin edilməyən yeni faktorlar yaratmış olar, arzu olunmayan reaksiyalara yol açar və hər şeyi də məhvetmiş olar. Ən kiçik dəyişiklik... -Cəfəngiyat! Teor Rilo ora gedib! Şura sədri qəzəbini boğa bilməyərək: -Elə bilirsiniz bunu bilmirəm? O lənətlənmiş albinodur, psixologiya haqqında biliyi olmayan cahil fanatikdir! O axmaq, planetə necə zərərlər verib bir qalaktika bilir! Səssizlik oldu. Nazir müavini fikirli-fikirli dırnaqlarını gəmirirdi. -Bilmirəm... Bilmirəm... Amma bunu öyrənmək istəyirəm. Və uzun illər gözləməyə səbrim də yoxdur, -deyərək otaqdan çıxdı. Şura sədri Brendə tərəf çoşaraq: -İstəsə robot dünyasına gedəcək. Ona necə mane ola bilərik? -Biz icazə verməsək gedə bilməz. Xatırladım ki, o, tədqiqatın rəhbəri deyil. -Belə düşünürsən? O, otağa girməmiş mən də sənə bunu deyəcəkdim. Biz Dorlisə gələndən bəri donanmadan 10 gəmi bu planetə enib. -Nə? -Bəli. -Amma niyə? -Mənim də başa düşmədiyim budur, oğlum. Vin Möri kübar formada: -İçəri girə bilərəm? , -dedi. Teor Rilo ani təşvişlə stolundakı dağınıq sənədlərdən başını qaldırdı. -Girin. Sizə yer hazırlayım. –Albino hirsli-hirsli iki stuldan birinin üzərindəki əşyaları götürdü. Möri stula oturaraq ayaqlarını bir-biri üstünə qoydu. -Sizə də burada tapşırıq verilib? –başı ilə stolun üzərini işarə etdi. Teor başını qaldırıb xeyr əlaməti olaraq buladı. Gülümsəməyə çalışırdı. Sonra bütün kağızları üzü qoyulu şəkildə çevirdi. Teor məşhur, ya da məşhur olmayan yüzə yaxın psixoloqla Dorlisə aylar əvvəl qayıtmışdı. Və bu müddətdə get-gedə onu tədqiqatdan uzaqlaşdırmışdılar. Artıq ona ehtiyac yox idi. Gördüyü robot dünyası haqqında sualları cavablandırmaqdan başqa bir işi yox idi. Belə olduqda da digərlərinin Dorlisə bir alim ilə deyil faydasız biri ilə gəldikləri kimi davrandıqlarını sezirdi. İncimək də belə bir şey idi. Hərçənd bu hər zaman belə olmurdu. Teor: -Bağışlayın, nə dediniz? –deyə mızıldandı. Mörinin dediklərini eşitməmişdi. Nazir müavini: -Sizə iş verməmələrinin təəccüblü bir şey olduğunu deyirdim. –dedi- Nə də olmasa buranı ilk siz kəşf etmişsiniz. Elə deyilmi? Albino xoşhallandı. -Bəli! Amma artıq o iş mənim boyumu keçib. -Amma siz o robot dünyasına getmisiniz. -Mənə bu hərəkətimin səhv olduğunu deyirlər. Guya hər şeyi məhv etmişəm. Möri üzünü büzüşdürərək: -Məncə onları qəzəbləndirən odur ki, məlumatı siz toplamısınız. Bilikli, qocaman, tədqiqatçı psixoloqlar yox, məhz siz! Onların bəzəkli ünvanlarının sizi aldatmasına icazə verməyin. Yararsız olduğunuzu düşünməyin. Ağıllı bir diletant kor mütəxəssisdən daha yaxşıdır. Siz və mən hüquqlarımızı müdafiə etməliyik. Mən də bir diletantam... Bir siqaret götürün. -Mən heç siqaret... yaxşı bir dənə götürüm. Təşəkkür edirəm. –Albino qaşısındakı bu uzun boylu şəxsə getdikcə isinişirdi. Stolun üzərindəki kağızları əvvəlki qaydada çevirdi. Sonra siqaretini qəhrəmanlıqla, bir o qədər də təəccüblə yandırdı. –İyirmi beş il... –Teor bu sözləri öskürərək deyirdi. -O dünya haqqında bəzi suallarıma cavab verə bilərsiniz? -Bəli, güman edirəm. Onsuz da, məndən o planetdən savayı heç nəyi soruşmurlar. Amma bu sualları onlardan soruşmalıyıq, elə deyilmi? Hərhalda hər şeyi öyrəniblər. –siqaretinin tüstülərini özündən mümkün olduqca uzağa üfürürdü. Möri: -Daha doğrusu, -dedi. –Bu işə hələ başlamayıblar. Və mən mürəkkəb psixoloji izahlar olmadan məlumat almaq istəyirəm. İndi... sizdən əvvəlcə bunu öyrənməliyəm: robotlar necə insanlardır... ya da şeylər? Hər hansısa birinin foto-qəlibi sizdə varmı? -Əslində, yoxdur. Onların “qəliblərini” almadım. Amma onlar “şey” deyil. Onlar insanlardır! -Deməli elə? Onlar... insanlara bənzəyir? -Bəli, demək olar ki. Heç olmasa xarici görünüşləri bənzəyir. Hüceyrə konstruksiyaları haqqında mikroskopik tədqiqatlarını ələ keçirmişdim. Hamısını gətirmişəm, o sənədlər hal-hazırda şura sədrindədir. Əlbəttə robotların daxili fərqlidir. Hər şey mümkün olduqca sadələşdirilib. Lakin bunu heç anlamırsınız. Hamısı çox maraqlı... və yaxşı kimsələrdir. -Yaxşı, bəs o planetdəki digər canlılardan daha sadədirlər? -Ah, xeyr. Ora çox ibtidai planetdir. Və... və-Teor öskürməyə başladığı üçün sözünü davam etdirə bilmədi. Siqaretini diqqət cəlb etməyəcək şəkildə külqabına basdı. –Əslində protoplazma təməlli məxluqlardır. Özlərinin robot olduqlarına şüphə etmirlər, bundan əminəm. -Bəli, hərhalda elədir. Bəs onların elmi inkişafı? -Bunu bilmirəm. Görmə fürsətim olmadı. Hər şey çox dəyişirdi. Yəqin bunu ancaq bir mütəxəssis anlaya bilərdi. -Maşınları vardı? Albino təəccübləndi: -Əlbəttə. Çoxlu sayda və müxtəlif. -Bəs böyük şəhərləri? -Bəli. Mörinin gözlərindən düşüncəli ifadə vardı. -Və onlardan xoşunuz gəlirdi. Niyə? Teor Rilo təəccübləndi: -Bilmirəm. Sadəcə xoş idilər. Hamı ilə anlaşırdım və məni çox narahat etmirdilər. Dəqiq bir şey deyə bilmərəm. Bəlkə də səbəbi öz dünyamda insanlarla olan soyuq münasibətimdir. Onlar həqiqi insanlar kimi tərs deyildilər. -Çox mehriban idilər? -Xeyr. Bunu deyə bilmərəm. Məni heç vaxt öz aralarına qəbul etmədilər. Mən onlar üçün yad idim. Əvvəllər dillərini də bilmirdim. Belə-belə şeylər... Amma- Albino ani sevinclə başını qaldırdı. –olanları daha yaxşı anlayırdım. Bunu sezə bilirdim. Səbəbini bilmirəm... -Hmm. Bir siqaret daha çəkərsiniz? Xeyr?.. Artıq yatmalıyam. Saat gecdir. Sabah qolf oynayaq? Kiçik sahə yaratmışam. Məncə işə yarayacaq, siz də gəlin. Məşq üçün də yararlı olar. –gülümsünərək otaqdan çıxdı. Öz-özünə bir cümləni donquldandı: “Bu ölüm cəzasına bənzəyir.” Öz otağına gedərkən fikirli-fikirli fit çalmağa başladı. Möri səhərisi gün şura sədrinin qarşısında da bu cümləni təkrarladı. Belinə rütbəsini göstərən kəmər taxmışdı. Stula əyləşmədi. Şura rəhbəri bezgin halda: -Yenə?- dedi. Nazir müavini: -Yenə- deyərək başını tərpətdi. –Amma bu dəfə vəziyyət ciddidir. Tədqiqat qrupuna rəhbər keçməliyəm. -Nə? Bu ola bilməz! Belə tövsiyəni heç dinləmək istəmirəm. -Mənim ixtiyarım var. –Vin Möri silindri uzatdı. Silindr baş barmaq ilə basıldıqda açılırdı. –Tamamilə ixtiyarım var. Onu diqqətlə istifadə etmə icazəm də. Gördüyünüz bu sənədi Federasiya Məclisin sədri imzalayıb. -Aha?.. Amma niyə? –şura sədri zorla da olsa nəfəs almağa çalışırdı. –Özbaşına despot əməl istisna olmaqla nə səbəbə? -Çox yaxşı səbəb var, cənab. Əzəldən bu tədqiqatlara fərqli bucaqlardan baxmışıq. Elm və Texnologiya İdarəsi robot dünyasına elmi maraqlarına görə vaxt ayırmayıb. Onu, bu planetin, federasiyanın sülh dolu yaşayışına təsir edib-etməyəcəyi maraqlandırır. İndi sizin bu robot dünyasının əslində təhlükəli olduğunu düşündüyünüzü zənn etmirəm. -Mən orada bir təhlükə görmürəm. O dünya təcrid edilib. Və son dərəcə təhlükəsiz yerdir. -Buna necə əmin ola bilərsiniz? Şura sədri qəzəblə: -Təcrübələr bunu təsdiq edir! –deyə qışqırdı. –O planeti planlayan insanlar mümkün qədər təcrid olunmuş sistem yaratmaq istəyiblər. O dünya bütün ticarət yollarından xeyli uzaqdır. Kosmosun çox az ulduz cəmləndiyi yerdədir. Onlar robotların heç kimə qarışmadan inkişaf etməsini istəyiblər. Möri güldü: -Bu nöqteyi-nəzərdən sizinlə razı deyiləm. Qulaq asın, sizin dərdiniz nədir, bilirsiniz? Sadəcə fərziyyələrlə maraqlanan insan olmağınız. Siz bir şeyə baxır və onu olmalı olduğu kimi görürsünüz. Bunun əksinə mən təcrübə adamıyam, hər şeyi olduğu kimi görürəm. Heç bir təcrübə öz-özünə sonsuzadək davam edə bilməz. Mütləq yaxınlıqda bir yerdə ən az bir müşahidəçi olur. O, təcrübəni müşahidə edir və lazım olduqda bəzi dəyişikliklər edir. Şura sədri simasını pozmadan: -Aha? –dedi. -Bu təcrübənin müşahidəçiləri yəni Dorlisli psixoloqlar Birinci Konfederasiya dağılanda yoxa çıxıblar. Və təcrübə on beş min il öz-özünə davam edib. Kiçik xətalar birləşib böyük xətaların meydana gəlməsinə səbəb olub. Xarici faktorlar başqa xətalara şərait yaradıb. Bu həndəsi silsilə ilə davam edib və təcrübəni heç kim dayandıra bilməyib. -Xalis hipotez. -Bəlkə də. Amma sizi yalnız robot dünyası maraqlandırır. Mən isə bütün Federasiyanı düşünməliyəm. -Robot dünyası hansı nöqteyi-nəzərdən Federasiya üçün təhlükəli ola bilər? Arkturusa and olsun nə dediyinizi anlaya bilmirəm. Möri köksünü ötürdü: -Sadə izah edəcəyəm. Əgər sözlərim melodramatik səslənərsə məni günahlandırmayın. Federasiyada yüz illərdir vətəndaş müharibəsi olmayıb. Bu robotlarla qarşılaşsaq nə olacaq? -Yəni, siz bircə planetdən qorxursunuz? -Ola bilər. Onların elm sahəsində nə qədər inkişaf etdiklərini bilmirik. Robotlar bəzən çox qəribə şeylər edə bilərlər. -Onlar elmdə nə qədər irəliləyə bilərlər ki? O robotlar polad-elektrikdən təşkil olunmuş supermenlər deyillər! Protoplazmadan ibarət zəif məxluqlardır. Həqiqi insanların yazıq təqlidləri. Pozitronik beyinləri insanların psixolojik qanunlarının sadələşdirilmiş formasıdır. Əgər sizi qorxudan “robot” sözüdürsə... -Xeyr, deyil. Amma mən Teor Rilo ilə danışdım. O robotları yalnız o görüb. Şura sədri ürəyində, səssizcə xeyli söydü. Psixologiya bilməyən axmağın ayaqaltında gəzməsinə icazə vermişdilər. O da boşboğazlıq edib işləri məhv etmişdi. Sonra: -Rilonun əhvalatını əvvəldən axıra qədər dinləmişik. –dedi. -Onu və dediklərini tamamilə, məharətlə dəyərləndirmişik. Əmin olun o robotların heç bir təhlükəsi yoxdur. Təcrübə tamamilə akademik səciyyə daşıyır. Əgər geniş zaman intervalını əhatə etməsəydi onunla heç iki gün də maraqlanmazdım. Bildiyimə görə Dorlislilər fundamental aksiomlarda bir, ya da ikisini dəyişdirərək pozitronik beyin yaratmaq istəyiblər. Təfərrüatlarını hələ tam təyin etməmişik, amma bunlar vacib deyil. Çünki bu sahədə aparılan ilk tədqiqatdır. O zamanların əfsanəvi psixoloqları da addım-addım irəliləmək məcburiyyətindəydilər. Mənə inanın. O robotlar nə supermendir, nə də bir növ heyvan. Sizi... psixoloq olaraq əmin edirəm. -Bağışlayın. Mən də psixoloqam. Çox da kitablara bağlı biri deyiləm. Amma dediyiniz xırda-para dəyişikliklər! Davakar istəyi götürək. Bu elmi termin deyil və onsuz belə şeyləri əzbərləməyə səbrim də yoxdur. Nə demək istədiyimi bilirsiniz. Biz insanlar qədim zamanlarda döyüşçü idik. Amma indi irqimizin bu xüsusiyyəti yavaş-yavaş öz əhəmiyyətini itirir. Sabit siyasi və iqtisadi sistemdə döyüşərək sərf olunacaq enerji itkisinə yer yoxdur. Artıq bu xüsusiyyət insan irqinin yaşaması üçün zəruri deyil. Lakin gəlin robotların döyüşçü ruhlu olduqlarını düşünək. Bəlkə də heç kim onları müşahidə etmədiyi min illər ərzində bir xəta meydana gəldi və onlar səhv yola istiqamətləndilər. Və yaradıcılarının təsəvvür etdiyindən daha çox davakar oldular. Onda o robotlar ilə bir yerdə olmaq insanı çox narahat hiss etdirər. -Ah, bəlkə qalaktikadakı bütün ulduzlar eyni anda nova halına keçə bilər. Gəlin, bunu düşünərək narahat olmağa çalışaq. Möri yaşlı psixoloqun kinayəli sözlərinə məhəl qoymadı. -Bir şey də var. Teor Rilonun o robotlardan xoşu gəlirmiş. Hətta onları həqiqi insanlardan daha çox sevir. Rilo o planet üçün daha uyğun olduğunu düşünür. Eh, biz də onun öz dünyası ilə uyuşmadığını bilirik. Şura sədri: -Sizcə bunun mənası nədir?- deyə soruşdu. -Görə bilmirsiniz? –Vin Möri qaşlarını qaldırdı. –Teor Rilo o robotları sevir. Çünki özü də onlara bənzəyir. Teor Rilonun tam psixi analizi aparılsa, bir-neçə fundamental aksiomda dəyişiklik olduğu ortaya çıxacaq. Robotlardakı dəyişikliklər kimi. Buna öz adım kimi əminəm. Və... Teor Rilo bir şeyi sübut etmək üçün düz 25 il çalışıb. Elm dünyası bunu bilsəydi gülməkdən keçinərdi. Teor Rilo fanatikdir. Yaxşı, dürüst, humanist, dözülməz, əzmlidir və inadkarlığı da var. Eynilə robotlar kimi. -Sözləriniz məntiqli deyil. Bir səfeh kimi mübahisə edirsiniz. -Dəqiq riyazi sübutlara ehtiyac yoxdur. Ağlabatan kiçik şüphə kifayətdir. Mən federasiyanı qorumalıyam. Qulaq asın, əslində bu çox məntiqlidir. Dorlisli psixoloqlar güclü mütəxəssislər deyildi. Dediyiniz kimi addım-addım irəliləməliydilər. Androidləri... onlara robot deməkdən əl çəkin... sadəcə insanların klonları idilər. Bəlkə də çox yaxşı klonlar. Ancaq insanların çox mürəkkəb reaksiya sistemləri var... Vicdan, əxlaq sistemləri qurma arzusu və ədalətli olmaq, comərdlik, mərdlik kimi bildiyimiz şeylər. Və bunları təqlid etmək mümkün deyil. O androidlərdə bu keyfiyyətlərin olduğuna inanmıram. Amma hərhalda əzmlidirlər. Və bu da inad və davakar mənasına gəlir. Təbii ki, Teor Rilo haqqındakı düşüncələrimdə yanılmıram. Bu androidlər elmi cəhətdən inkişaf ediblərsə, onların qalaktikada özbaşına hərəkət etmələrini istəmirəm. Əhalimiz onların min, ya da milyon misli olsa belə. Onların rahatca gəzmələrinə icazə verməyəcəyəm! Şura sədrinin üz cizgiləri gərilmişdi. -Bu aralar nə etmək niyyətindəsiniz? -Buna qərar verməmişəm. Amma, deyəsən, kiçik bir qrupla o planetə getmək fikrim var. -Bir dəqiqə!- yaşlı psixoloq yerindən qalxaraq, stolun ətrafından fırlandı. Nazir müavininin dirsəyindən tutdu. –Nə etdiyinizdən əminsiniz? Bu nəhəng sınağın nəticələrini nə siz təxmin edə bilərsiniz, nə də mən! Nəyi məhv etdiyinizi də bilməyəcəksiniz! -Bilirəm. Etmək istədiyim şeyi çox xoşladığımı zənn edirsiniz? Mən də psixoloqam. Amma məni bura Federasiyanı qorumaq üçün göndəriblər. Mən də bunu əlimdən gəldiyi müddətcə edəcəyəm. Bunun pis bir iş olduğunu bilirəm. Lakin başqa nə edə bilərəm? -Bu hadisənin detallarını düşünmürsünüz. Bəlkə bu sınaq sayəsində psixologiyanın bir çox yeni fikirlərini başa düşəcəyik. Bu iki qalaktikanın bir-birilə qaynaşmasıdır. Əldə edəcəyimiz geniş bilik və güc qarşısında robotların verə biləcəyi zərər bir heçdir. Onlar polad və elektrik qarışıqlı supermenlər olsalar belə! Nazir müavini çiyinlərini çəkdi: -İndi də siz aydın olmayan ehtimallardan danışırsınız. -Gəlin sizinlə anlaşaq. Onlara embarqo tətbiq edin. Gəmilərinizlə ticarətini kəsin. Keşikçilər qoyun. Amma o robotlara ilişməyin. Bizə vaxt verin. Bir fürsət verin, bunu etməməlisiniz! -Bunu mən də düşünmüşəm. Lakin bunun üçün parlamentdən icazə almalıyam. Bu da baha başa gələr. Şura sədri səbirsizliklə stula atıldı. -Siz hansı xərclərdən danışırsınız? Əgər müvəffəq olsaq nələr əldə edəcəyimizi bilirsiniz? Möri fikirləşdi və sonra xəfif gülümsünərək: -Bəs onlar ulduzlararası səyahətə başlayıblarsa necə? Yaşlı psixoloq tələsik: -Onda etirazımı geri alaram. –dedi. Nazir müavini ayağa qalxaraq: -Parlamentə müraciət edəcəyəm. Brend Qorla şura sədrinin donqarlaşmış belinə baxaraq üzündəki ifadəni silməyə çalışırdı. Qoca adamın qrupu cəsarətləndirən sözləri əvvəlki kimi qüvvətli deyildi. Brend Qorla sözləri səbirsizliklə dinləyirdi. Brend: -İndi nə edəcəyik?- dedi. Şura sədrinin çiyinləri əsdi amma geri baxmadı. -Teor Riloyu çağırmışam. O axmaq keçən həftə şərq qitəsinə gedib... -Niyə? Qoca psixoloq sözünü kəsdiyi üçün Qorlaya hirsləndi: -O bədheybətin etdiklərini necə anlaya bilərəm? Möri haqlıdır. Bunu başa düşmürsən? O, psixi baxımdan əcaib məxluqdur. Əslində ona keşikçi təyin etməliydik. Əgər ona ikicə dəfə baxmağı ağlıma gətirsəydim bunu da edərdim. Heç olmasa artıq geri qayıdır. Və burada da qalacaq. –səsi mırıltılı hal almışdı. –İki saat əvvəl gəlmiş olmalıydı. Brend açıq-aşkar: -Vəziyyət pisləşib, cənab. –dedi. -Belə düşünürsən? -Şey... Sizcə parlament robot dünyası ətrafında sonsuza qədər keşikçi gəmilərin hərəkətinə icazə verər? Bu çox bahalı işdir. Və adi qalaktika vətəndaşları buna görə vergi verməkdən boyun qaçıracaqlar. Psixolojik tənliklər pozular və ümumi hissi aksiomlara çevrilərlər. Hətta mən Mörinin parlamentə müraciət etməyi qəbul etdiyini də başa düşmürəm. -Həqiqətən başa düşmürsən? –şura sədri nəhayət gəncə qarşı döndü. –O axmaq özünü psixoloq zənn edir. Əslində robot dünyasını məhv etmək istədiyini fikirləşərək öz-özünə tərif yağdırır. Lakin bunu Federasiyanın xeyri üçün etdiyini dedi və hər hansı uzlaşma yolunu qəbul etməyə hazırdır. Əlbəttə, parlament bu sonsuz keşikçəkmə işinə razı olmayacaq. Bunu mənə xatırlatmağına ehtiyac yoxdur. –yaşlı psixoloq indi səbrlə, asta-asta danışırdı. –Amma mən on il möhlət istəyəcəyəm. Ya da iki il və yaxud 6 ay. Nə qədər olsa. Möhlət almağı bacaracağam. Və bir də o müddətdə robot dünyası haqqında yeni məlumatlar əldə edəcəyik. Tədqiqatımız davam edəcək. –Bir müddər səssizlik oldu. Sonra şura sədri əlavə etdi. –Və Teor Rilo da bu məsələdə çox vacib rol oynayacaq. Brend Qorla səssiz-səssiz psixoloqa baxırdı. Şura sədri: -Möri bu nöqteyi-nəzərdən bizim görmədiyimiz bir şeyi gördü. –dedi. –Rilo psixi olaraq əlil insandır. Və hər şeyin açarı da budur. Onu tədqiq etsək o planetdəki robotların necə varlıqlar olduqları haqqında məlumat əldə edə bilərik. Təbii ki, bu səthi bir şey olacaq. Həmçinin təhrif edilmiş. Çünki Rilonun mühiti dost olmayan, düşman bir mühitdir. Amma bunu da nəzərə alar, Rilonun şəxsiyyətini... Of... bu işdən bezmişəm artıq! Qapı zənginin işığı yandı. Yaşlı psixoloq köks ötürərək: -Gəldi. Yaxşı, Qorla. Sən də burada otur. Əsəblərimi pozursan, gəl Rilonu görək. –dedi. Albino otağa daxil oldu. Sonra nəfəs-nəfəsə otağın ortasında dayandı. Zəif gözləri ilə gah şura sədrinə, gah da Brendə baxırdı. -Bütün bu hadisələr necə oldu? Şura sədri soyuq tərzdə: -Bütün nələr? –deyə soruşdu. –Otur. Səndən bəzi şeyləri soruşmaq istəyirəm. -Xeyr! Əvvəlcə siz mənim sualıma cavab verin! -Otur! Rilo əyləşdi. Gözləri dolmuşdu. -Robotların dünyasını məhv edəcəklər. –dedi. -O barədə narahat olma. -Amma ulduzlarası səyahət etməyi bacarsalar belə olacağını demişdiniz, elə deyilmi? Səfeh! Başa düşmürsünüz?- Albino boğularaq susdu. Şura sədri mısmırığını salladı. -Sakitləşə və normal danışa bilərsən? Rilo dişlərini sıxdı və danışa bilmək üçün çabaladı. -Amma onlar çox yaxın zamanda kosmosa səyahət edəcəklər. İki psixoloq da kiçik albinoya tərəf atılaraq: -Nə? –dedilər. -Şey... Bəs nə zənn edirdiniz? –Albino çarəsizliyin səbəb olduğu qəzəblə yerindən qalxdı. –Siz mənim kimsəsiz səhraya, ya da okeana düşdüyümü və nəhəng dünyanı özbaşıma tədqiq etdiyimi düşünürsünüz? Həyatın bir hekayə kitabı olduğunu düşünürsünüz? Məni planetə endiyim anda tutdular və o böyük şəhərə apardılar. Daha doğrusu mən oranın böyük şəhər olduğunu zənn edirəm. Ora bizim şəhərlərdən çox fərqli idi. Və... amma bunları sizə danışmayacağam. Şura sədri: -Şəhəri unut indi. –deyə çığırdı. –Səni tutdular. Sonra? Davam elə! -Məni də, kosmik gəmimi də tədqiq etdilər. Sonra bir gecə Federasiyaya xəbər vermək üçün oradan qaçdım. Getdiyimi bilmədilər. Oradan getməyimi istəmirdilər. –Albinonun səsi titrəməyə başlamışdı. –Əslində mən də orada qalmaq istəyərdim. Amma Federasiya vəziyyətdən xəbərdar olmalıydı. -Onlara kosmik gəmin haqqında nələr söylədin? -Nə deyə bilərəm ki? Mənim gəmilərdən başım çıxmır. Onların hansı nəzəriyyəyə görə hərəkət etdiklərini də bilmirəm. Lakin idarə etməni izah etdim və motorlara baxmağına da icazə verdim. Elə bu qədər. Brend Qorla sanki öz-özünə danışırmış kimi: -Elə isə heç vaxt kosmosa ayaq basmayacaqlar. –deyə mırıldandı. –Bu məlumat onlar üçün kifayət deyil. Albinonun səsi birdən-birə yüksədi və qalibiyyət çığırtısına çevrildi: -Bəli, kosmosa uçacaqlar! Mən onları tanıyıram. Hamısı robotdur. Bu kosmik gəmi məsələsi haqqında dayanmadan çalışacaqlar. Dayanmadan, dayanmadan! Heç vaxt imtina etməyəcək və nəhayət istədiklərinə nail olacaqlar. Məndən kifayət qədər məlumat alıblar. Bəli, bu məlumatın kifayət etdiyinə əminəm. Şura sədri uzun müddət Teora baxdı. Nəhayət bitkin halda: -Bunu bizə niyə deməmisən? -Çünki siz mənim dünyamı əlimdən aldınız. Buranı mən kəşf etmişəm. Mən canla-başla çalışdıqdan sonra sizi çağırmışam, siz də məni qrupunuzdan çıxardınız və ancaq tənqidlər yağdırdınız. Robotların dünyasına getmiş və bütün təcrübəni məhv etmişdim. Bunları sizə niyə deməliydim? Madam ki, məni bir heç kimi qəbul edəcək qədər ağıllı idiniz, həqiqəti də siz tapa bilərdiniz. Şura sədri o çox eqoistdir deyə düşündü. Hər kəsin ona işkəncə çəkdirdiyini düşünür. Bütün bunlar bir-birilə uyğundur. Nəhayət gözlərimizi uzaqlara zilləməkdən əl çəkib yaxınlığımızdakına baxmalıyıq ki, həqiqəti görə bilək. Bəli, artıq hər şey məlum oldu. Sonra: -Yaxşı, Rilo, -dedi. –Hamımız uduzduq. Artıq gedə bilərsən. Brend Qorla qəzəblə: -Doğrudan hər şey qurtardı? –deyə soruşdu.- Həqiqətən? Yaşlı psixoloq cavab verdi: -Doğrudan da qurtardı. O nəhəng təcrübə. Hər şey bitdi. Rilonun təcrübəyə qarışmağının yaratdığı fəsad bəlkə də çox ciddi idi. Bəlkə də burada araşdırdığımız sənədlər artıq ölmüş bir dillə yazılıb. Və onsuz da... Möri haqlıdır. Onlar ulduzlararası səyahəti kəşf etsələr bu bizim üçün təhlükəli olacaq. Cavab verən olmadı. Albino isə çığırmağında davam edirdi: -Oraya qayıdıb, onları xəbərdar edəcəyəm! Onda hazırlıqlı olacaqlar! Onlara xəbər verəcəyəm! Geriyə-qapıya doğru gedirdi. Gözləri qızarmışdı, tək-tük olan ağ saçları sanki biz-biz durmuşdu. Albino bayıra çıxarkən şura sədri onu dayandırmaq üçün heç nə etmədi. -Qoy getsin. O bu işə ömrünü hədər edib. Artıq bu məsələ ilə maraqlanmayacağam. Teor Rilo robot dünyasına gedirdi. Yüksək sürətə görə çox çətin nəfəs ala bilirdi. Qabağında toz dənəciyi kimi duran bir planet vardı. Heç bir yerlə əlaqəsi olmayan bir planet, süni insanlar artıq sonlanmış təcrübənin qaydalarına uyğun olaraq çabalayırdılar. Onlar üçün ölüm cəzasından fərqsiz olan bir məqsədə tərəf irəliləməyə çalışırdılar. Kosmik səyahət edə bilmək məqsədinə tərəf. Teor Rilo o dünyaya tərəf gedirdi. Onu tutaraq “tədqiq etdikləri” o böyük şəhərə gedirdi, Albino oranı çox yaxşı xatırlayırdı. Şəhərin adını da bilirdi. O dildə öyrəndiyi ilk sözlər də bunlar idi: Nyu-York. Tərcümə edən: salvorhardin (Həvəskar tərcümə)