Search the Community

Showing results for tags 'last question'.

Found 1 result

  1. Ayzek Əzimov- Axırıncı Sual

    Axırıncı sual ilk dəfə 21 may 2061-ci ildə- bəşəriyyətin işığa ilk addımını atdığı bir zamanda- yarızarafatla soruşuldu. Sual olunma səbəbi beş dollarlıq mərc idi və bu belə baş vermişdi: Aleksandr Adel və Bertram Lupov Multivakın iki sədaqətli texniki idi. Nəhəng komputerin soyuq, tıqqıltı çıxaran, yanıb sönən işıqlı görünüşünün ardında nə baş verdiyini bir insan nə qədər bilirdisə, onlar da o qədərini bilirdi. Heç olmasa tək bir insanın bütövlükdə heç bir zaman öyrənə bilməyəcəyi dövrə və ötürücülərin ümumi planı haqqında azacıq məlumatları vardı. Multivak lazımi nizamlama və düzəliş əməliyyatlarını özbaşına yerinə yetirirdi. Belə də olmalı idi, çünki insan əli ilə bu əməliyyatların sürətli və dəqiq aparılması mümkün deyildi. Ona görə də, Adel və Lupov nəhəng üzərində yalnız səthi və xırda-para işlər edirdi. Onlar parametrləri yükləyir, suallarda lazımi dəyişikliklər edir və komputerdən çıxan cavabları tərcümə edirdilər. Onlar və bənzəri olanlar Multivakın zəfərini paylaşmağa tamamiylə layiq idilər. Multivak onillər ərzində insanın Aya, Marsa və Veneraya səyahət etməsini təmin edən gəmiləri tərtib etmişdi. Lakin daha uzağa getmək üçün Yerin kasıb resursları kifayət deyildi. Uzaq səyahətlər üçün daha çox enerji lazım idi. İnsanlar Yerdəki kömür və uran ehtiyatlarını effektiv şəkildə istifadə etmişdi, lakin bunlar da tükənmək üzrəydi. Fəqət Multivak yavaş-yavaş daha dərin və ətraflı problemləri həll edəcək vəziyyətə çatdı və nəhayət 2061-ci il 14 May tarixində o zamanadək nəzəriyyə olan reallaşdı. Günəş enerjisi toplandı, çevrildi və yubanmadan bütün planetdə istifadə olunmağa başlanıldı. Bütün dünya bitməkdə olan kömür yandıran, uran çevrilmələrini həyata keçirən düymələri bağlayıb Ay ilə dünyaya eyni uzaqlıqda, Yer kürəsinin ətrafında fırlanan və diametri bir mil olan kiçik bir stansiyaya qoşuldu. Artıq bütün Yer səthi Günəş enerjisinin görünməz şüaları ilə işləyirdi. Bu möhtəşəm qələbə təntənəsi yeddi gün idi ki, davam edirdi və hələ davam edəcəkdi. Adel və Lupov, nəhayət ki, izdihamdan qaçıb onları heç kimin axtarmayacağı bir yerə gizlənmişdilər. Bu yer Multivakın nəhəng bədəninin bir hissəsinin sığdığı yeraltı bölmələr idi. Tətilə layiq olan Multivak başında heç kim olmadan tənbəl tıqqıltılarla verilənləri nizamlayırdı. Texniklər əvvəlcə bu vəziyyətə mane olmaq və onun rahatını pozmağı düşünmədilər. İndi düşündükləri tək şey yanlarında gətirdikləri bir şüşə içki ilə rahatlamaq idi. - Düşünürəm ki, bu necə də heyrətləndiricidir, -deyə Adel dedi. Geniş çöhrəsində yorğunluq əlamətləri vardı. Şüşə çubuqla yavaş-yavaş içkisini qarışdıraraq stəkanın içərisindəki buz kütlələrini seyr edirdi. –Sonsuza qədər istifadə edəcəyimiz pulsuz enerjiyə sahibik. Misalçün, onu Yer kürəsini əridib nəhəng dəmir qarışığı damlasına çevirsək, sərf edilən enerji sahib olduğumuzun yanında bir zərrə qalar. Artıq sonsuzadək ehtiyacımız olan enerjidən də artığına sahibik, -deyə əlavə etdi. Lupov başını yana əydi. Adətən, kiməsə qarşı gəlmək istədikdə belə edərdi və indi də o hallardan biri idi, qismən də içki şüşəsini, buz və stəkanları daşımaq məcburiyyətində qaldığından: -Sonsuzadək deyil, -dedi. -Yaxşı, demək olar ki sonsuzadək. Günəş tükənənədək, Bert. -Bu sonsuzadək demək deyil. -Yaxşı onda. Milyardlarla il. Bəlkədə iyirmi milyard il. İndi razısan? Lupov barmaqlarını seyrəkləşmiş saçlarında gəzdirərək içkisindən bir udum aldıqdan sonra: -İyirmi milyard ilə sonsuz demək olmaz, -dedi. -Nəticədə insanların yaşadığı müddətdə onlara kifayət edəcək, elə deyilmi? -Uran və kömür də kifayət etməliydi. -Razıyam, amma kosmik gəmini Solar stansiyaya qoşa bilərik və gəmi yanacaq dərdi olmadan Plutona milyon dəfə gedib gələ bilər. Nə uran, nə də kömürlə bunu etmək mümkün deyil. Mənə inanmırsan, onda Multivakdan soruş. -Soruşmağa ehtiyac yoxdur, bunu bilirəm. -Onda Multivakın bizim üçün etdiklərinə qarşı belə dönük olma, -Adel dedi. Hirslənmişdi. –Multivak böyük işlər etdi. -Etmədi deyən yoxdur. Mən sadəcə günəş sonsuzadək bəs etməz deyirəm. Dediklərim bundan ibarətdir. İyirmi milyard il rahatıq, bəs sonra? –Lupov yavaşca titrəyən barmağını ona uzadaraq, -Və başqa günəşə keçərik demə. Bir müddət sakitlik oldu, Adel qısa aralıqlarla içkisini içdi və Lupov gözlərini yumdu. Rahatladılar. Sonra Lupov qəflətən gözlərini açaraq: -Bizim günəşimiz tükəndikdən sonra başqa günəşə keçəcəyimizi düşünürsən? -Heç nə düşünmürəm. -Düşünürsən. Səndə məntiq zəifliyi var. Sənin problemin budur; qəflətən leysana düşərək meşəyə qaçıb bir ağacın altına sığınan adam kimisən. İslanmaqdan qorxmursan çünki, düşünürsən ki, o ağac olmasa daha sıx yarpaqlı başqa birisinin altında daldalanacaqsan. -Anladım, -Adel dedi, -çığırma daha. Günəşin sonu gəldiyi kimi digər ulduzların da sonu gələcək. -Əlbəttə -deyə Lupov deyindi. –Hamı eyni bir kosmik partlayışın məhsuludur və o hər nədirsə bütün ulduzların dövrü bitdiyində onunki də bitəcək. Bəzi ulduzlar digərlərindən daha tez tükənir. Ən böyüyü heç yüz milyon il yaşamır. Günəş iyirmi milyard il yaşayacaq, cırtdanlar yüz milyard il, ən çoxu. Amma bir trilyon il sonra hər yer qaranlıq olacaq. Entropiya mütləq maksimumuna çatacaq. Bu qədər. -Entropiyanın nə olduğunu bilirəm, -Adel qüruruna toxunulduğunu hiss etdirərək söylədi. -Heç bir şey bilmirsən. -Ən azından sənin qədər bilirəm. -Bilsəydin, hər şeyin bir gün tükənməli olduğunu da bilərdin. -Yaxşı, yaxşı. Tükənməz deyən olmadı. -Sən dedin axı. “Sonsuza qədər ehtiyacımız olan enerjiyə sahibik dedin”, “sonsuzadək” dedin. Qarşı çıxma növbəsi Adeldə idi: -Bəlkə bir gün onun da yolunu taparıq, -dedi. -Heç bir zaman. -Niyə olmasın? Bir gün...Bəlkə. -Heç bir zaman. -Multivakdan soruş. -Multivakdan sən soruş. 5 dollarına mərcə girirəm ki, bu heç bir zaman baş verməyəcək. Adel bunu yoxlayacaq qədər sərxoş, sualı lazımi simvollarla soruşacaq və əməliyyatları yerinə yetirəcək qədər də ayıq idi. Sual təxmini belə bir şey idi: Bəşəriyyət Günəş yaşlanıb öldüyü zaman heç bir enerji itkisi olmadan onu yenidən dirildə biləcəkmi? Yaxud sadələşdirsək belə də ifadə etmək olar: Kainatdakı mütləq entropiya miqdarı çox böyük ölçülərlə necə azaldıla bilər? İşıqların yanıb sönməsi yavaşladı, ötürücü dövrələrin uzaqdan gələn tıqqıltıları kəsildi, Multivak sanki ölmüşdü. Sonra qorxuya düşmüş texniklərin artıq nəfəslərini tuta bilmədikləri bir anda komputer birdən canlandı, teletayp işləməyə başladı. Çıxan vərəqdə belə bir şey yazılmışdı: MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. Səhərisi gün axşamdan qalan iki dostun başı şiddətlə ağrayırdı. Əvvəlki gecə olan hadisələri tamamiylə unutmuşdular. Cerod, Cerodin, Cerodit I və II vizi-ekrandan ulduzları seyr edirdilər. Gəmi zamanın olmadığı hiperkosmosdakı keçidini tamamladı. Ulduz yağışının mərkəzində qəflətən parlaq mərmər disk göründü. Cerod əminliklə: -Bu X-23-dür, -dedi. Kiçik əllərini arxasında birləşdirmişdi və əllərinin oynaqları solğun rəngdə idi. Balaca Ceroditlər (hər ikisi qız idi) üçün bu hiperkosmosdakı ilk səyahət idi. Və içəridə-çöldə olma hissi onlara təsir etmişdi. Hırıldayaraq anasına tərəf qaçdılar və qışqırışaraq: -X-23-ə gəldik! X-23-ə gəldik! X-... -Susun uşaqlar! –Cerodin dedi. –Cerod, əminsən? –deyərək əlavə etdi. -Əmin olmayacaq nə var? –Cerod tavanın altındakı metal çıxıntıya baxaraq dedi. Çıxıntı otaq boyunca uzanır, hər iki divarın içində gözdən itirdi. Uzunluğu gəmi boydaydı. Cerodun bu qalın metal çubuq haqqında bildiyi adının Mikrovak olduğu və bir sual soruşulduqda cavab verdiyindən ibarət idi. Kefiniz sual soruşmaq istəmədikdə də müxtəlif tapşırıqları yerinə yetirirdi; gəmini əvvəlcədən təyin olunmuş mənzilə çatdırmaq, müxtəlif qalaktik enerji stansiyalarından qidalanmaq, hiperkosmos sıçrayışları üçün lazımi hesablamaları yerinə yetirmək onun çoxsaylı işlərindən yalnız bir neçəsi idi. Cerod və ailəsi gəmidəki rahat otaqlarında gözləməkdən başqa bir iş etmirdilər. Bir zamanlar Ceroda Mikrovakın sonundakı “-ak” nın ingilis dilində “analog computer” mənasını verdiyini demişdilər, baxmayaraq bunu belə yadda saxlaya bilmirdi. Cerodin vizi-ekrana baxarkən doluxsundu. -Dünyadan ayrılmaq mənə çətin gəlir. Əlimdə deyil. – dedi. Cerod: -Nə üçün, həyatım? Orada heç bir şeyimiz yox idi. X-23-də isə hər şeyimiz olacaq. Yalnız qalmayacaqsan, ilk köçkünlərdən birisi də olmayacaqsan. Planetdə indidən bir milyarddan artıq insan məskunlaşıb. Nəvələrimizin nəvələrinin dövründə X-23 o qədər darısqal olacaq ki, yeni planetlər axtarmağa başlayacaqlar. –Bir müddət düşüncələrə daldıqdan sonra, -yaxşı ki, komputerlər kosmosda səyahəti mümkünləşdirdilər. İnsan irqi o qədər sürətlə artır ki. -dedi. Cerodin qəmgin-qəmgin: -Bilirəm, bilirəm. Cerodit I yerindən: -Bizim Mikrovakımız dünyanın ən yaxşı Mikrovakıdır. Cerod qızının saçlarını tumarlayaraq: -Mən də belə düşünürəm, -dedi. İnsanın şəxsi Mikrovakı olması çox gözəl bir şey idi. Cerod keçmişdə-atasının zamanında-doğulmadığı üçün sevindi. Çünki o dövrlərdə komputerlər nəhəng maşınlar olub, hər planetdə bir dənə mövcud idi. Bunlara Planet AK-sı (Analoq Komputer) deyilirdi. Texnologiyanın min illər ərzində daimi inkişafı nəticəsində tranzistorların yerini molekulyar klapanlar tutmuşdu. Beləliklə indi ən böyük AK kosmik gəminin yarısı qədər yer tuturdu. Cerod şəxsi Mikrovakının günəşi ilk zəbt edən qədim və primitiv Multivaka nəzərən xeyli inkişaf etmiş olduğunu düşünərək xoşhallandı. Cerodun komputeri hətta hiperkosmos məsələsini həll etmiş və beləliklə uzaq ulduz və planetlərə səyahəti mümkün etmiş olan Dünya AK-sından belə çox üstün idi. Düşüncəli-düşüncəli köksünü ötürən Cerodin: -Nə qədər çox ulduz və planet var. Məncə, ailələr indi bizim etdiyimiz kimi yeni-yeni dünyalara getməyə davam edəcəklər. Sonsuzadək. - dedi. -Sonsuzadək deyil, -Cerod gülümsəyərək, -bir gün bu proses dayanacaq, amma o zamana hələ milyard illər var. Hətta ulduzların da sonu var, bunu bilirsən. Entropiya dayanmadan artır, mütləq maksimuma çatır. Cerodit II incə səsiylə: -Entropiya nədir, atacan? -deyə soruşdu. -Əzizim, entropiya kainatın hansı miqdarda tükəndiyini izah edən anlayışdır. Hər şey əvvəl axır tükənir, sənin gəzib-danışan balaca robotun kimi. -Bəs sən mənim robotuma taxdığın kimi kainata da enerji bloku taxa bilməzsən? -Ulduzlar özləri elə enerki bloklarıdır, əzizim. Onlar bir dəfə tükəndimi, yenisi yoxdur artıq. Cerodit I ağlamağa başladı: -Buna icazə vermə, ata. Ulduzların ölməsinə icazə vermə! Cerodin hirslənmişdi. -Nə etdiyini gördün? -deyərək pıçıldadı. Cerod da pıçıltıyla: -Nə bilərdim qorxacaq? -dedi. Cerodit: -Mikrovakdan soruş. Ulduzların yenidən necə yararlı hala çevriləcəyini soruş. -Get soruş, -Cerodin dedi, -bəlkə onda susarlar (Cerodit II də ağlayırdı). Cerod biçarə qalaraq: -İndicə Mikrovakdan soruşarıq, əzizlərim. O bizə hər şeyi söyləyər, narahat olmayın. Mikrovakdan soruşdu, “cavabı çap et” əmrini də əlavə etdi. Cerod selyufilm zolağını əlinə aldı və şən təbəssümlə: -Gördünüz, Mikrovak vaxtı çatanda hər şeyi həll edəcəyini, narahat olmamağımızı deyir, -dedi. Cerodin: -Və indi yatmaq vaxtıdır, uşaqlar, -dedi, -yeni evimizə çatmağımıza çox az qalıb. Cerod selyufilmi yox etmədən əvvəl üzərindəki yazını diqqətlə oxudu: MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. Çiyinlərini çəkərək vizi-ekrana baxdı. X-23-ə çox yaxınlaşmışdılar. Lametli VJ-23X qalaktikanın üçölçülü kiçik miqyaslı xəritəsinə baxaraq: -Görəsən, bu məsələ barədə narahat olmağa dəyər mi? Nikronlu MQ-17J başını xeyir əlaməti olaraq tərpədərək: -Zənn etmirəm. Hal-hazırki çoxalma sürətiylə beş il ərzində bütün qalaktikanı doldurmuş olacağıq, bunu bilirsən. -Yenə də, -VJ-23X dedi, -Qalaktika Şurasına bədbin izahat verib verməməkdə qərarsızam. Onları narahat etmək istəmirəm. -Fərqli izahat verməyimizin də mümkün olacağını düşünmürəm. Qoy narahat olsunlar. Onları narahat etməyə məcburuq. VJ-23X köks ötürərərək: -Kosmos sonsuzdur, əlimizin altında yüz milyardlarla qalaktika var. Hətta daha da çox, -dedi -Yüz milyard sonsuz demək deyil! Və getdikcə daha da az “sonsuzluq” olur. Düşün! İyirmi min il əvvəl bəşəriyyət ulduzlarının enerjisindən istifadə etməyə başladı. Bir-neçə əsr sonra da planetlərarası səyahətlər mümkün oldu. Bəşəriyyətin kiçik bir planeti doldurmağı bir milyon il çəkdi, qalaktikanın geri qalanını doldurmaq isə cəmisi 15 min il! İndi əhali hər on ildə iki dəfə artaraq çoxalır. VJ-23X onun sözünü kəsdi: -Təbii ki, bunun səbəbi artıq ölümsüz olmağımızdır. -Yaxşı. Onu da nəzərə alaq, amma ölümsüzlüyün də pis cəhəti var. Qalaktik AK bir çox məsələlərin həllini tapdı, lakin yaşlanma və ölümə çarə tapmaqla əvvəlki müsbət həlləri də mənasız etdi. -Yaşamaqdan imtina etməzdin, hə? -Təbii ki, imtina etməzdim. –MQ-17J sərt ardınca da yumuşayaraq dedi, -hələki yox. Hələ çox gəncəm. Sənin neçən yaşın var? -223. Bəs sənin? -Mən hələ iki yüz olmamışam. Nəisə mövzumuza qayıdaq. Əhali hər on ildə iki dəfə artır. Qalaktikamız dolduğu zaman bir başqa qalaktikanı da on il içində dolduracağıq. Bir on il sonra daha ikisini, sonrakı on ildə daha dördünü. Yüz il sonra minlərlə qalaktikaya yayılmış olacağıq. Min il sonra bir milyon qalaktikanı, on milyon il sonra məlum olan kainatı dolduracağıq, bəs sonra nə olacaq? VJ-23X: -Bir də nəqliyyat məsələsi var. Bütöv bir qalaktikadakı camaatı başqa bir qalaktikaya daşımaq üçün neçə dənə günəş gərəkdir, görəsən? -dedi. -Çox gözəl dedin. İndidən insanlar bir il ərzində iki günəş vahidinə bərabər enerji istifadə edir. -Çoxu da ziyan olur. Təkcə bizim qalaktika ildə minlərlə günəş vahidində enerji istehsal edir, amma biz sadəcə ikisini istifadə edirik. -Haqlısan, amma yüz faiz effektivliklə istifadə etsək belə, sonu yalnız təxirə sala bilərik. Enerji ehtiyacımız həndəsi silsilə ilə əhalidən də çox artır. Qalaktikaları doldurmamışdan enerjini bitirəcəyik. Haqlısan, həqiqətən çox haqlısan. -Ulduzlararası qaz yığınlarından ulduz yaratmağa məcbur qalacağıq. -Ya da sovurduğumuz istiliyi istifadə edərək, -MQ-17J istehza ilə dedi. -Entropiyanın istiqamətini tərs çevirməyin bir yolu olmalıdır. Qalaktik AK dan soruşaq. VJ-23X bunu söyləyərkən ciddi deyildi, amma elə bu vaxt MQ-17J cibindən AK əlaqə qurğusunu çıxartdı və stolun üzərinə qoydu. -Mənim də ağlıma batdı, -o dedi, -çünki bu bəşəriyyətin əvvəl axır qarşılaşacağı sualdır. Kiçik AK qurğusuna düşüncəli-düşüncəli baxırdı. Kiçicik qutuydu, içərisində çox şey olmasa da, hiperkosmos kanalı ilə bütün bəşəriyyətə xidmət edən nəhəng Qalaktik AK-ya birləşmişdi. Hiperkosmosu Qalaktik AK olmadan düşünmək mümkün deyildi; sanki onu tamamlayırdı. MQ-17J ölümsüz həyatında heç olmasa bir gün Qalaktik AK-nı öz gözüylə görəcəyini düşünürdü. AK öz kiçik planetində idi. Qədim molekulyar klapanların yerini sub-mezon şüalarının maddəni tutan hörümçək torları almışdı. Sub-efirik işləmə prinsipinə baxmayaraq, Qalaktik AK-nın minlərlə metr uzunluğunda olduğu məlum idi. MQ-17J qəflətən AK qurğusundan soruşdu: -Entropiyanın istiqamətini tərsinə çevirmək mümkündür? -VJ-23X təəccüblənmişdi. -Bunu soruşmağını istəmirdim, -dedi. -Niyə olmasın? -Tərsinə çevrilməyəcəyini ikimiz də bilirik. Kül və tüstünü yenidən ağaca çevirə bilməzsən. MQ-17J: -Sənin dünyanda ağac varmı? -deyə soruşdu. Qalaktik AK-nın səsi söhbəti yarıda kəsdi. Stolun üzərindəki kiçik qurğudan gələn səs incə və çox qəşəng idi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. VJ-23X: -Gördün? -dedi. İkisi də bunu çox düşünməyərək Qalaktik Şuraya təqdim edəcəkləri raporta qayıtdılar. Birinci Zi yeni qalaktikanı və daxilindəki saysız ulduzları əqli gücü vasitəsilə maraqsız-maraqsız yoxladı. Heç bir ulduzu öz gözüylə görməmişdi. Görəsən, bir vaxt görəcəkdimi? O qədər ulduz var ki! Hamısı da insanlarla yüklənmiş şəkildə. Artıq bu yük ölümcül ağırlıq halını almışdı. İnsanların əksəriyyəti burada, kosmik fəzada yaşayırdı. Zehinləri ilə, bədənləri ilə yox! İnsan bədənləri əsrlərdir planetlərdə yuxudaydı. Arada müxtəlif fəaliyyətlər üçün canlanırdılar, lakin belə hallar da getdikcə azalmaqdaydı. Çox az yeni fərd həyata gəlir və ağlasığmaz nəhənglikdəki kütləyə qoşulurdu, problem nədə idi? Artıq kainatda yeni insanlar üçün yer yox idi. Birinci Zi zehninə başqa bir zehinin ipəyə bənzər toxunuşu ilə bu düşüncələrdən ayrıldı. -Birinci Zi, -dedi. -Sən? -Mən Di-Sub-Vun. Qalaktikan? -Biz ona sadəcə Qalaktikamız deyirik. Bəs səninki? -Biz də bizimkinə elə deyirik. Bütün insanlar qalaktikalarına qalaktikamız deyir. Niyə də olmasın? -Doğrudur. Onsuz da bütün qalaktikalar bir-birinə bənzəyir. -Hamısı yox. İnsanların ilk ortaya çıxdıqları bir qalaktika olmalıdır, bu da onun fərqli olduğunu göstərir. Birinci Zi: -Bu hansıdır? -deyə soruşdu. -Bilmirəm. Universal AK bilər. Ondan soruşaq? Birdən marağım artdı. Birinci Zinin qavrayışı o qədər genişləndi ki, qalaktikalar büzülüb kiçildilər və çox böyük arxa fonun üstünə səpildilər. Zehinləri azad fəzada dolanan ölümsüzlərlə yüklü milyardlarla qalaktika. Bircə dənəsi, çox qədim və qeyri-müəyyən vaxtda içində insan olan tək qalaktikaydı. Birinci Zi o qalaktikanı görməyi çox istəyirdi və səsləndi: -Universal AK, bəşəriyyət ilk hansı qalaktikada mövcud olmuşdur? Universal AK sualı eşitdi, kosmosdakı hər şeyi eşidirdi. Qəbulediciləri daim hazır vəziyyətdə idi və hər qəbuledici hiperkosmosun bilinməyən bir yerində hər şeydən çox uzaq və soyuq olan AK-ya hər şeyi ötürürdü. Birinci Zi düşüncələri Universal AK-nı qavrayabiləcək məsafəyə yaxınlaşmış bir insan tanıyırdı. O da əlli-altmış santimetr diametri olan parlaq kürəyə bənzər bir şey gördüyünü demişdi. Birinci Zii ondan “Amma Universal AK o qədər kiçik bir şey ola bilər mi?” deyə soruşmuş, “Böyük bir hissəsi hiperkosmosdadır. Formasını bilmirəm.” cavabını almışdı. Bunu heç kim bilmirdi, çünki Universal AK-ya son insan müdaxiləsindən çox uzun müddət keçmişdi. Hər bir Universal AK özündən sonrakını özü dizayn edirdi. Hər biri milyon illik ömrü boyunca xələfini yaratmaq üçün məlumat toplayırdı. Öz məlumat bazasını isə xələfinə ötürürdü. Universal AK birinci Zinin düşüncələrini duydu. Sözlərlə deyil, rəhbərlik edərək. Birinci Zinin zehni qalaktikaların bulanıq okeanına aparıldı, qalaktikalardan birisi seçilərək böyüdüldü və ulduzları seçiləcək vəziyyətə gətirildi. Sonsuz məsafədən sonsuz aydınlıqda bir səs gəldi: -BƏŞƏRİYYƏTİN İLK QALAKTİKASI BUDUR. Onu digər qalaktikalardan fərqləndirən bir cəhəti yox idi, buna görə də Birinci Zi məyus oldu. Bura qədər ona yoldaşlıq etmiş Di-Sub-Vunun zehni birdən: -Və bu ulduzlardan birisi bəşəriyyətin ilk ulduzudur? Universal AK: -BƏŞƏRİYYƏTİN İLK ULDUZU NOVA OLDU, ARTIQ O AĞ CIRTDANDIR. -dedi. Birinci Zi təəccüblənmişdi və düşünmədən soruşdu: -Üstündəki insanlar öldü? Universal AK cavab verdi: -BELƏ VƏZİYYƏTLƏRDƏ OLDUĞU KİMİ BƏDƏNLƏRİ ÜÇÜN ƏVVƏLCƏDƏN YENİ DÜNYALAR İNŞA EDİLDİ. -Ah təbii ki, -Birinci Zi dedi. Özünü nəyisə itirmiş kimi hiss etdi. Zehnində bəşəriyyətin ilk qalaktikasını azad etdi, qalaktika bulanıq mavi nöqtələrin arasında gözdən itdi. Onu bir də görmək istəmirdi. Di-Sub-Vun: -Sənə nə oldu? -dedi. -Ulduzlar ölür. Və budur ilk ulduz öldü. -Hamısı öləcək. Burda təəccüblü nə var ki? -Amma bütün enerji bitdiyi zaman bədənlərimiz də öləcək, onlarla birlikdə biz də. -Ona kimi milyardlarla il var. -Milyardlarla il sonra belə olsa mən bunun baş verməsini istəmirəm. Universal AK, ulduzların ölümünün qarşısını necə almaq olar? Di-Sub-Vun gülərək: -Entropiyanın istiqamətinin necə dəyişdiriləcəyini soruşursan. Və Universal AK cavab Verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. Birinci Zinin zehni öz qalaktikasına uçdu. Di-Sub-Vunu bir də düşünmədi. Onun bədəni bir trilyon işıq ili uzaqlıqdakı qalaktikada da ola bilərdi, Birinci Zinin qalaktikasına qonşu bir qalaktikada da. Vacib deyildi. Birinci Zi qəmgin halda özünə kiçik bir ulduz yaratmaq üçün planetlərarası fəzadan hidrogen toplamağa başladı. Ulduzlar bir gün öləcək, heç olmasa bir-iki dənəsini yenidən yaratmaq olar deyə düşündü. İnsan özü ilə birlikdə düşündü. Çünki İnsan zehni cəhətdən tək bir insan idi. Trilyonlarla və trilyonlarla yaşı olmayan bədənlərdən ibarət idi. Bədənlər sakit və aldadılmayacaq şəkildə yatırdılar. Hər birinə mükəmməl və aldadılmayacaq maşınlar nəzarət edirdi. Zehinlər isə azad bir şəkildə bir-birinə qarışıb ərimiş, fərqlilikləri ortadan qalxmışdı. İnsan: -Kainat ölür, -dedi. Sönməkdə olan qalaktikalara baxdı. Nəhəng ulduzlar çoxdan yada düşməyəcək qədər keçmişin ən yadda qalmaz anında sönüb yox olmuşdular. Ulduzlarası tozlardan yeniləri yaranmışdı. Bəzilərini İnsan özü yaratmışdı və bunlar da tükənirdi. Ağ cırtdanlar nəhəng enerji hesabına bir yerə toplanıla bilər və onlardan da yeni ulduzlar yaratmaq olardı, amma bir ağ cırtdandan bir ulduz yaratmaq mümkün idi və bunlar da artıq tükənirdi. İnsan: -Kosmik AK-nın diqqətli istifadəsi ilə kainatın qalan enerjisi milyard illər bəs edəcək, -dedi. -Yenə də, -İnsan dedi, -nəhayət o da tükənəcək. Nə qədər qənaət edirsən et, enerji bir dəfə istifadə edilməyə başlandıqdan sonra daha onu geri qaytarmaq mümkün deyil. Entropiya sonsuz maksimuma yüksəlməlidir. İnsan soruşdu: -Entropiyanın istiqaməti tərsinə çevrilə bilərmi? Gəl Kosmik AK-dan soruşaq. Kosmik AK ilə əhatə olunmuşdular, amma kosmosda deyil. Kosmik AK-nın ən kiçik hissəsi belə kosmosda deyildi. Hiperkosmosdaydı və nə maddə, nə də enerji olan bir şeydən yaradılmışdı. Quruluşu və ölçüləri İnsanın qavrayacağının çox uzağından idi. -Kosmik AK, -İnsan dedi, -Entropiya necə geri çevrilə bilər? Kosmik AK cavab verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. İnsan: -Əlavə parametrlər topla, -dedi. Kosmik AK: -YÜZ MİLYARD İLDİR TOPLAYIRAM. MƏNDƏN ƏVVƏLKİLƏRƏ DƏ BU SUALI ÇOX VERİBLƏR. BÜTÜN VERİLƏNLƏR KİFAYƏT ETMİR. İnsan soruşdu: -Verilənlərin kifayət etdiyi bir zaman gələcək, yoxsa məsələ bütün mümkün hallarda həllsiz qalacaq? Kosmik AK cavab Verdi: -BÜTÜN MÜMKÜN HALLARDA HƏLLSİZ QALAN MƏSƏLƏ YOXDUR. İnsan: -Sualı cavablandırmaq üçün lazımi parametrləri nə zaman əldə edəcəksən? -dedi. Kosmik AK cavab verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. İnsan: -Üzərində işləməyə davam edəcəksən? -deyə soruşdu. Kosmik AK: -EDƏCƏYƏM. İnsan: -Gözləyirəm, -dedi. Ulduzlar, qalaktikalar öldü və söndü. On trilyon il istifadə olunduqdan sonra kainatdakı hər şey qaranlığa qərq oldu. İnsan bircə-bircə Kosmik AK-nın içində əriyib yox oldu. Fiziki bədənlər zehni şəxsiyyətini itirdi, amma bu itki yox qazanc oldu. İnsanın son zehni də Kosmik AK-ya qarışmadan əvvəl bir anlıq dayandı. İçində sonuncu qaranlıq ulduz tozundan başqa bir şey görünməyən kosmosa baxdı. Bir də ağlasığmaz dərəcədə incə olan bir maddəyə. Keyfiyyəti bilinməyən istiliyin mütləq sıfıra doğru tükənişinin təsiri ilə təsadüfü hərəkət edirdi. İnsan: -Kosmik AK, bu sondur? -dedi, -bu xaos yenidən kainata çevrilə bilərmi? Bu mümkündürmü? Kosmik AK cavab verdi: -MƏNALI CAVAB ÜÇÜN VERİLƏNLƏR KİFAYƏT DEYİL. İnsanın son zehni də Kosmik AK-nın içində əridi və var olan yalnız Kosmik AK qaldı- o da hiperkosmosda. Maddə və enerjinin yox olmağıyla zaman və məkan da yox oldu. Kosmik AK axırıncı sualı cavablandıra bilmək məqsədi ilə var olmağa davam etdi. O sual ilk dəfə on trilyon il əvvəl yarısərxoş komputer texniki tərəfindən soruşulmuşdu. İndi- əgər indi varsa- Kosmik AK o komputerə İnsanın o zamanki insana bənzədiyindən daha az bənzəyirdi. Digər bütün suallar cavablandırılmışdı, amma bu axırıncı sual cavablandırılmadan Kosmik AK şüurunu azad edə bilməzdi. Toplanacaq bütün parametrlər toplandı. Artıq daha artığı toplana bilməzdi. Geriyə toplanan parametrlər arasındakı əlaqələrin müəyyən edilməsi və mümkün olan bütün kombinasiyaların qurulması qalmışdı. Bunu etməyə zaman olmayan bir zaman sərf olundu. Kosmik AK entropiyanın istiqamətinin necə dəyişdiriləcəyini tapdı. Amma bu axırıncı sualın cavabını eşidəcək heç kim yox idi. Zərəri yoxdu, tətbiqi sübut ilə cavab veriləcəkdi. Zamanla ölçülməyən bir müddət boyunca Kosmik AK bunu ən mükəmməl necə edəcəyini hesabladı. Proqramı diqqətlə tərtib etdi. Kosmik AK-nın şüuru- ki bu bir zamanlar bütün kainat idi- Xaosu götürərək uzun-uzun düşündü. Addımbaaddım lazım olan edilməliydi. Və Kosmik AK İşığa: -OL! -dedi. Və işıq oldu… Tərcümə edən: salvorhardin (Həvəskar tərcümə)