Sign in to follow this  
Followers 0
Taleh

Bizim tənbəlliyimiz

1 post in this topic

Hər gün yüz minlərlə insan çayxanalarda siqarət çəkə-çəkə, çay içə-içə, domino, nərd oynaya-oynaya vaxtlarını öldürürlər. Sivil insanlar vaxt azlığından əziyyət çəkirlər. Amma bizim insanlar vaxtın çoxluğundan əziyyət çəkməkdədirlər. Onlar günlərini yola vermək üçün müxtəlif əyləncələr düşünüb tapmaq məcburiyyətindədirlər. Hansısa biri idarəyə gedir. İki saat, üç saat dayanır qəbulda. Açıb bir məqalə, bir xəbər oxumur.

Heç kim demir çayxanada oturmayın. Oturun. Mən də çayxananı çox sevirəm. Amma gərək çayxanada da oturanda elə adamla oturasan ki, o adamdan nəsə öyrənə biləsən. Başıboş, avara adamdan nə öyrənmək olar? 
Heç kim demir oyun oynamayın. Oynayın. Özü də şahmat. Yaxşı olar ki, övladlarına da şahmat öyrədəsən. Bu, onlar üçün bir sevincdi. Üstəlik bu oyunu öyrənmək uşağı nə qədər irəli atır. 
İnsanlar öz vaxtlarını amansızca öldürməkdədirlər. Onlar vaxtın qiymətini anlamırlar. Sonra da deyirlər ki, masonlar bizi inkişaf etməyə qoymur. Sən kitab alıb oxudun, mason imkan vermədi? Sən öz övladınla şahmat oynadın, mason gəlib fiqurları dağıtdı? Sən ailəni başına yığıb bir teatra, muzeyə, sərgiyə apardın, mason sizi evdən bayıra çıxmağa qoymadı? 
Öz tənbəlliyimizə müxtəlif bəhanələrlə başqa adlar qoymaqdayıq. 
Gənclər öz boş başlarıyla bütün günü sosial şəbəkələrdə ağır mövzuları müzakirə etməkdədirlər. Halbuki onlar daha çox oxumalı, xarici dil öyrənməli, öz peşələrinə dərindən yiyələnməlidirlər.

Biz elə bir ölkədə yaşayırıq ki, burda hər kəs özü özün xilas etməlidir. Bizim universitetlərdə verilən təhsillə ciddi adam olmaq mümkün deyil. Gərək hər kəs özü öz başına çarə tapsın. Oxusun. Öyrənsin. 
Yayda bir qohumumgilə qonaq getmişdim. Meyvələr ağacların altında çürüyürdü. Beş-altı arvad da oturub laqqırtı vururdu. Gedib mağazadan kola, fanta alırlar. Biri o meyvələrdən kampot hazırlayıb bankalara doldurmurdu. Mürəbbə bişirmirdi. Nə də olsa, yavanlıqdı. Bir az onları danladım. Doladılar məni. Baxdım ki, seriallar bu adamların başını xarab edib. Xanım olublar. Bəy olublar. Heç kim əlini ağdan qaraya vurmaq istəmir. Arzuları var, özlərini işə vermək istəmirlər. Bir-birinin bəhsinə bankdan kredit götürüb maşın, telefon, mebel, pərdə alıblar. Olublar bankların əsiri. Hamısı bekarçılıqdandır. İnsanın başına gələn bəlaların bir çoxunun səbəbi be-karçılıq və avaralıqdır. Halbuki hərə oxusa, öyrənsə, özü -özünü yetişdirsə, ölkədə çox şey dəyişər.

Seymur Baycan

0

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  
Followers 0